• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Namaz qılanda arvadını öldürən kişiyə ağır cəza

Namaz qılanda arvadını öldürən kişiyə ağır cəza

Bakı Apellyasiya Məhkəməsində Tərtər rayon sakini Emin Heydərovun (1979-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, ötən il mayın 27-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində məcburi köçkünlərin yaşadığı “Alov” düşərgəsində Emin Heydərov keçmiş həyat yoldaşı, Zəngilan rayon sakini 27 yaşlı Şəlalə Nağıyevanı namaz qıldığı yerdə, elektrik naqili ilə boğaraq qətlə yetirib və hadisədən sonra könüllü Sabunçu RPİ 15-ci polis bölməsinə gələrək, təslim olub. Dərhal sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar, qadının meyiti otaqda, boynuna naqil sarılmış vəziyyətdə aşkar edilib. Qonşular əvvəl evlərindən səs-küy gəldiklərini, lakin belə hallar tez-tez baş verdiyi üçün əhəmiyyət vermədiklərini bildiriblər, lakin sonra qışqırıq səsləri eşidiblər və qadını evdə uzanıqlı vəziyyətdə görərək təcili tibbi yardıma zəng ediblər.

Məhkəmə prosesində zərərçəkmiş qismində ifadə verən mərhumun anası 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün düşdükdən sonra Pirşağı sanatoriyasında məskunlaşdıqlarını bildirib. Qızı Şəlalə 4 il idi ki, Eminlə ailə qurmasına baxmayaraq, tez-tez küsüb evə gəlirdi, deyirdi ki, Emin onu döyür və incidir, 8 aylıq körpəsinə baxmır. Buna görə məcbur olub yeməyi qadın özü alıb. Sonuncu dəfə belə analoji münaqişələrdən sonra Şəlalə qəti şəkildə Emindən ayrılacağını deyib və rayon məhkəməsinə müraciət edib və hadisədən 2 gün əvvəl məhkəmənin qərarı ilə onlar boşanıblar. Boşanan gün Heydərov insanların gözü qarşısında Nağıyevanı öldürəcəyini söz verib. Hadisə baş verən gün işdə olduğunu deyən zərərçəkən evə gələndə həyətdə camaatın toplaşıb, qışqırdıqlarını görüb, otağa daxil olanda isə yerdə qızını görüb.

Təqsirləndirilən şəxs günəmuzd fəhlə işlədiyini və kirayədə yaşadığını bildirib, zərərçəkənin söylədikləri ilə razılaşmayaraq ailəsinə baxdığını qeyd edib. Heydərovun sözlərinə görə, Şəlalə məhkəməyə müraciət edəndə o ondan bunun səbəbini soruşub, arvadı isə sərbəst yaşamaq istədiyini deyib. Məhkəmənin qərarı ilə ona uşağı ilə görüşməsinə icazə verildiyi üçün iki gündən sonra o Şəlalənin anasının yaşadığı evə yollanıb, evdə həmin vaxt Şəlalə və bacısı qızı olub, uşaq isə yatıb. Boşanmasını heç cür qəbul eləyə bilmədiyi üçün yenə mübahisə etməyə başlayıblar, onun dediklərinə əhəmiyyət verməyən Nağıyeva namaz qılmaq üçün başqa otağa keçib. Bundan istifadə etdiyini bildirən Heydərov otağa daxil olub və əlinə keçən naqili götürüb, arxadan Şəlalənin boynuna keçirib. Var gücü ilə sıxaraq onu boğub, öldüyünə tam əmin olandan sonra isə polisə gedib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Heydərov 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

İşi araşdıran Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR