Köhnə avtomobillər yığışdırılacaq? – Avropadan təzyiq var
Bizi izləyin

Qırmızı.az

Köhnə avtomobillər yığışdırılacaq? – Avropadan təzyiq var

Azərbaycanda köhnə avtomobillərin utilizasiya edilməsi təklif olunur

Azərbaycanda köhnə avtomobillər utilizasiya edilməlidir. Avtomobillərin yığışdırılması ilə bağlı təkliflər də irəli sürülüb.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov deyir ki, inkişaf etmiş Avropa ölkələrində köhnə avtomobillərin utilizasiyası çox ciddi problemdir: “Belə avtomobilləri təhvil verməyənləri cəzalandırırlar. Həm də dövlət özü utilizasıyanı həyata keçirən xüsusi şirkətlərə xeyli güzəştlər edir, bəzən hətta vəsait də ayırır. Deməli, dövlət də faktiki olaraq bu işin zərərini çəkir.

Utilizasiyadan can qurtarmağın ən gözəl üsulu köhnə avtomobillərin inkişaf etməkdə olan ölkələrə ixrac edilməsinə şərait yaratmaqdır. Avropa dövlətlərinin çoxu bunu həvəslə edir. Bu işdən biz də yararlanırdıq, yəni əslində avropalıların canını köhnə avtomobillərin utilizasiyası qayğısından qurtarırdıq.

Bunu nəzərə alanda aprelin 1-dən Azərbaycanda idxal avtomobilləri üçün Avro-4 standartı tətbiq ediləcəyinə Avropa dövlətlərinin şad olmayacaqlarını, hətta hökumətimizə müəyyən təzyiqlər etmək istəyəcəklərini də düşünmək olar”.

Utilizasiya nədir?

Adətən qəza şəraiti zamanı avtomobillər yararsız hala düşəndə sahibləri həmin avtomobildən imtina edirlər. Həmin avtomobillər də sonradan təmir xərcləri həddindən artıq baha başa gəldiyi üçün utilizasiya edilir. Lakin bu praktika Azərbaycanda yoxdur. Bundan əlavə köhnə avtomobilləri də xarici ölkələrdə utilizasiya edirlər. Bu məsələdə həm hökumətlər, həm də insanlar maraqlı olur. Hətta Rusiyada isə 3 il bundan əvvəl ölkənin aparıcı avtomobil istehsalçısı VAZ-ın tətbiq etdiyi yeniliyə əsasən köhnə avtomobili təhvil verib yenisini götürənə 50 min rubl, yəni təxminən 1650 ABŞ dolları endirim vəd olunurdu.

Onu da qeyd edək ki, məhz qəzaların çoxunu köhnə avtomobillər yaradır. Köhnə avtomobillərini heç kim atmaq istəmir. İnsanlar istismar müddəti bitmiş, 20 ildən çox işlənmiş avtomobilləri sürməkdə hələ də davam edirlər.

Azərbaycanda da bu məsələni ictimailəşdirdilər. Hətta Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bir müddət bundan öncə mətbuata açıqlamasında köhnə avtomobillərin utilizasiya edilməyinin vacibliyini də vurğulamışdı. K. Əliyevin fikrincə, Azərbaycanda avtomobillər utilizasiya edilməlidir. Belə utilizasiya həm də ağır qəzaya uğrayan və deformasiyaya məruz qalan avtomobillər də tətbiq edilməlidir: “Qanunvericilikdə də heç bir müddəa yoxdur ki, məsələn, istismar müddəti 30 və ya 40 ildən yuxarı olan avtomobillərin istismarı qadağan olunsun. Bununla əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır”.

Köhnə avtomobillərə 4,5 min dollar

Bunlardan əlavə bəzi ölkələrdə insanlar köhnə maşında gəzməyi özlərinə layiq bilmir. Köhnə avtomobillərin utilizasiyası istehsalın və satışın sürətlənməsinə, dolayısı ilə iqtisadi inkişafa təkan verir. 2008-2009-cu illərin böhranında avtomobil sənayesindəki vəziyyəti normal saxlamaq üçün məhz bu cür üsuldan istifadə edildi. Məsələn, ABŞ-da 4 il əvvəl tətbiq olunmuş utilizasiya ölkədə iqtisadi artıma nail olmağa imkan vermişdi. Belə ki, iqtisadi böhran nəticəsində ümumi daxili məhsulu (ÜDM) 9 ay ardıcıl olaraq azalan Amerikada avtomobil satışının artması hesabına 0,5%-lik iqtisadi inkişaf qeydə alınmışdı. Buna səbəb isə avtomobil satışının kəskin azalmasının qarşısını almaq məqsədilə tətbiq edilmiş dövlət proqramı idi. Ona uyğun olaraq, köhnə avtomobili təhvil verib yenisini alan şəxsə dövlət 4,5 min dollar vəsait ödəyirdi.

İstismardan çıxarılmış avtomobillərin utilizasiya edilməsi qaydaları

Araşdırmalarımız zamanı məlum oldu ki, Azərbaycanda şirkətlərdən biri istismar müddəti başa çatmış, yararsız halda olan avtomobilləri utilizasiya edir.

Şirkət istismar müddəti sona çatmış avtomobillərin utilizasiya prosesi səkkiz etapda həyata keçirir.

  1. Avtomobilin növünün və spesifikasiyasının müəyyən edilməsi.
  2. Partlama riskli hava yastıqları, oturacaq və kəmərlərin öncədən dartma sistemlərinin çıxarılması.
  3. Kapot, akkumlyator və təkərlərin çıxarılması.
  4. Mayelərin boşaldılması. (Mayelərin 90 faizdən çoxunu boşaltmaqla ətraf mühitə ziyanın qarşısı alınmalıdır)
  5. Eksteryer detallarının çıxarılması.
  6. İnteryer detallarının çıxarılması.
  7. Mühərrikin çıxarılması.
  8. Pressləmə.

Proses zamanı çıxarılan detallar materialın növünə görə sıralanır və 85 faizdən çoxu təkrar emal olunur.

Elmin Bədəlov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm