“Ləzgicə-azərbaycanca lüğət” çap olunub
Bizi izləyin

Qırmızı.az

“Ləzgicə-azərbaycanca lüğət” çap olunub

Bu günlərdə “Azərbaycan” nəşriyyatı 70 min lüğət vahidindən ibarət olan 800 səhifəlik “Ləzgicə-azərbaycanca lüğət” kitabını nəfis tərtibatla çapdan buraxıb.

Publika.az-ın məlumatına görə, geniş oxucu kütləsinə təqdim olunan bu nəşr ləzgicə-azərbaycanca ilk böyük lüğətdir. O, öz qarşısına ləzgi dilini öyrənənlərə, habelə ləzgi dilindən Azərbaycan dilinə tərcümə işi ilə məşğul olanlara kömək etmək məqsədini qoyub. Eyni zamanda, lüğətin ləzgi ədəbi dilinin sözlərini araşdıranlara və respublikamızın dövlət dili olan Azərbaycan dilini mükəmməl öyrənmək istəyənlərə də köməyi olacaq.

Lüğət tərtib edilərkən 1950-ci ildən indiyədək nəşr olunmuş rusca-ləzgicə, rusca-azərbaycanca, həmçinin ləzgicə-rusca və azərbaycanca-rusca lüğətlərdən, bu dillərdə çapdan çıxmış orfoqrafıya lüğətlərindən və izahlı liiğətlərdən geniş istifadə olunub. Lüğətin sözlüyü ləzgi dilinin ən yeni lüğətlərinə, başlıca olaraq Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Dil, Ədəbiyyat və İncəsənət İnstitutu tərəfindən nəşr olunmuş üçcildli “Ləzgi dili lüğəti”nin (2012) və “Rusca-ləzgicə lüğət”in (2013) sözlüyünə əsasən bir çox yeni söz və ifadələrlə təkmilləşdirilmişdir.

Ümumiyyətlə, lüğətə 2 mindən çox qədim, təzə və dialekt sözləri salınıb. Buraya əvvəllər geniş istifadə olunmuş, indi köhnəlmiş bəzi sözlər də düşüb. Eyni zamanda lüğətə 1998-2014-cü tllərdə “Samur” qəzeti redaksiyası əməkdaşlarının xalqdan topladığı və ilk dəfə olaraq “Гафалаг” (“Lüğət”) rubrikası ilə qəzetdə dərc olunmuş 4 minədək söz də salınmışdır.

Təqdim olunan lüğət əsasən tərcümə lügətidir. Lakin eyni zamanda izahlı lüğət ünsürləri də saxlanıb. Bu, başlıca olaraq siyasi, elmi, fəlsəfi, tarixi və s. terminlərə aiddir.

Lüğəti tərtib edənlər tanınmış qələm sahibləri Sədaqət Kərimova və Müzəffər Məlikməmmədov, rəyçilər Dağıstan alimlərindən filologiya elmləri doktoru, Rusiya Təbii Elmlər Akademiyasının akademiki Əhmədullah Gülməhəmmədov, filologiya elmləri doktoru Faida Qəniyeva, Azərbaycan alimlərindən pedagoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Əjdər Ağayevdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm