• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Başqa damarlarda axan qan – Qan Bankında bir gün – FOTOREPORTAJ

Başqa damarlarda axan qan – Qan Bankında bir gün – FOTOREPORTAJ

“Artıq 7 ildir ki ildə 4, bəzən də 5 dəfə qan verirəm. Bura ilk dəfə yüksək təzyiqim olduğuna görə gəlib qan verdim. Sonra başa düşdüm ki, insanlara kömək edə bilərəm, hansısa körpə mənim qanımla həyata qayıda bilər. Bu, mənim sağlamlığım üçün vacib olduğu kimi, həm də savabdır. Mən bura gəlib-gedəndən sonra evdə oğlum və bir neçə yaxın qohumum da gəlib qan verməyə başladı. Həmişə qan verəndə onu fikirləşirəm ki, bu qanla xəstə uşaqlar müalicə olunur...”

Donor Nərminə Cəbrayılovanı Qan Bankında hamı tanıyır. Könüllü olaraq ildə azı 4 dəfə qan verən 52 yaşlı bu qadın, bəlkə də, indiyə kimi nə qədər insanın həyatını xilas edib. Budəfəki gəlişi də bizim reportaj hazırlamaq üçün getdiyimiz günə təsadüf etmişdi. Normalda hər gün banka 100-120 nəfər yaxınlaşaraq qan verir. İsti yay günlərində bu rəqəm bir qədər azalaraq 70 nəfərə düşür. Ötən illərlə müqayisədə Nərminə xanım kimi könüllü qan verənlərin sayı artsa da, tələb olunan qana görə müqayisə etdikdə, bu azlıq təşkil edir. Banka qan vermək üçün müraciət edənlərin 60 faizi isə qohum donorlardır.

Hələ qədim dövrdən insanlar qanın sirli qüvvəsinə inanırdılar və ondan magik rituallarda istifadə edirdilər. İnanclara görə, hər qan damlası özündə sirli qüvvə daşıyır. Hətta qədim skif tayfalarında mühüm müqavilələr imzalayarkən özlərini qılıncla yaralayıb qanlarını şərabın içərisinə qatır və içirdilər. Bəzi xalqlarda olan qədim düşüncələrə görə, qan müqəddəslik statusuna malikdir və yaradılışın əsası hesab olunur. Hətta buna görə qanın ticarəti də yolverilməzdir. Laboratoriyalarda oxşarı hazırlana bilməyən bu fövqəladə maddə bədəndə hazırlanır və bu gün sahib olduğumuz yüksək texnologiya ilə də onu təqlid etmək mümkün deyil. Burada da hər damla qan xüsusi hesaba alınır.

Mərkəzi Qan Bankının bugünkü işi telefon zəngi ilə başladı. Səhiyyə Nazirliyinin qaynar xəttinə edilən müraciət banka yönləndirilmişdi. Müraciəti qəbul edən əməkdaş lazımi qanın qəzada çoxlu qan itirən yaralıya təcili çatdırılması üçün tapşırıq verdi. Hər gün Səhiyyə Nazirliyinin qaynar xəttinə təcili qan üçün onlarla belə zəng daxil olur və bu zənglər Qan Bankına yönləndirilir.

İlk dəfə Azərbaycanda Qan Bankı 1931-ci ildə indiki Kliniki Tibbi Mərkəzin bir bölməsi olaraq yaradılıb. Daha sonra 1943-cü ildə Hematologiya və Transfuziologiya İnstitutu yaradılıb və buranın nəzdində Mərkəzi Qan Bankı yaradılıb. Hazırda Qan Bankının 11 regional və Bakı bölməsi fəaliyyət göstərir. Mərkəzi Qan Bankının 471 əməkdaşı var.

Baş həkim Pərvanə Hacıyeva bizi bankın işi ilə tanış edərək bir-bir otaqları göstərdi. Hər bir insanın qohumuna, tanışına, yaxınlarına qanın lazım ola biləcəyini deyən baş həkimin sözlərinə görə, ötən illərlə müqayisədə insanlar daha çox könüllü şəkildə qan verirlər. Amma bu da yetərli deyil:

“Hər 4 aydan bir gələn könüllü donorlarımız var. Bir insan normalda ildə 4 dəfə qan verə bilər. Könüllü donorların əksəriyyəti öz sağlamlıqları üçün gəlib qan verirlər. Hər bir insanın qohumuna, tanışına, yaxınlarına qan lazım ola bilir. 9 milyon əhalisi olan xalq üçün 150 min donor olmalıdır. Bizdə ötən il bu rəqəm 72 min nəfər olub. Bu, yarı faizdir, biz məcbur qohum donorlardan istifadə edirik. Əgər donorların sayı çoxalsa, biz hətta özəl xəstəxanalarda olan xəstələrə də qan verə bilərik”.

Statistikaya görə, 2013-cü ildə Qan Bankında 32 ton qan toplanıbsa, 2014-cü ildə toplanan qanın miqdarı 36 ton olub. Respublika üzrə 2013-cü ildə 65 461 nəfər donor olubsa, 2014-cü ildə isə bu rəqəm 72 471 nəfərə çatıb.

Bankdan onu da öyrəndik ki, qan verənlərin 60%-i qohum donorlardır. Könüllü müraciət edənlərin sayı qohum donorların sayından azdır. Ancaq könüllü müraciət edənlər də 2010-cu ildən bəri 7-8 faiz artıb. Qan verənlər isə əsasən 40 yaşdan yuxarıdır – insanlar daha çox orta yaş dövründə qan verirlər. Əslində, əgər hemoqlobin normaldırsa, yaşın heç bir fərqi yoxdur və 18-65 yaş arası hər kəs qan verə bilər.

Baş həkimin sözlərinə görə, ən çox qan Aşura günü toplanır. Bu zaman bir gündə 5000 nəfərə yaxın insan qan verir.

P. Hacıyevanın sözlərinə görə, əslində bir gündə bu qədər qanın toplanmasındansa, 40 gün ərzində hər gün qan verilərsə, daha yaxşı ola bilər. Çünki qanın saxlanma müddəti 35 gündən 42 günə qədərdir. Bu müddətdə isə qan köhnəlir və toplanan bu qədər qanı 42 gün ərzində işlətmək bir qədər çətin olur. Bəzən həkimlər köhnə qanı xəstəyə vurmaq istəmirlər.

Qan Bankından bütün dövlət xəstəxanalarına qan pulsuz verilsə də, bəzən özəl klinikalara da qan üçün mərkəzə müraciət edirlər. Bu zaman onlara bir qana görə iki donor vermək tələb olunur və belə desək, əvəzini verməklə istədikləri qanı ala bilirlər.

Ən çox I və II müsbət qan qruplarına tələbat daha çoxdur və ən çox qan da bu qruplara aid toplanır. Baş həkimin sözlərinə görə, həm donor, həm də xəstə sayı bu qruplarda daha çoxdur. Ən tapılmayan qan isə –IV və –I qrupdandır. Ümumiyyətlə, mənfi qan az tapıldığından bu qrupun donoru da az olur.

Qan bankında baş çəkdiyimiz növbəti ünvan laboratoriya idi. Qan donordan götürülməmişdən əvvəl sadəcə hemoqlobin yoxlanılır. Əgər hemoqlobin 120-dən yuxarıdırsa, ondan qan götürülə bilər. Bundan sonrakı, həm də ən vacib mərhələ laboratoriyaya aiddir. Həmin qandan götürülən nümunədə qanla keçən 4 infeksiya - Hepatit B və C, AİDS və sifilis yoxlanılır. Qan yararlı deyilsə, məhv olunur.

Laboratoriyanın müdiri Sevinc Məhərrəmovanın sözlərinə görə, ümumiyyətlə, il ərzində toplanan qanın 8-9 %-də infeksiya aşkarlanır: “Nümunə bizə daxil olanda biz HİV 1, 2, Hepatit B və C, sifilisi yoxlayırıq. Ondan sonra həmin yoxlanmış qan digər şöbəyə göndərilir. Hər il toplanan qanın 8-9 faizi yararsız olur. Əgər biz hansısa şəxsin qanında infeksiya aşkar etmişiksə, bu zaman həmin donor şəxsiyyət vəsiqəsilə banka müraciət edərsə, ona məlumat verilir, əks halda, həmin şəxsin yaşadığı ərazi üzrə poliklinikaya tapılan infeksiya ilə bağlı məlumat göndərilir”.

Digər şöbədə isə qan iki hissəyə bölünür, eritrositlər və plazma hissəsi ayrılır. Burada bizə məlumat verdilər ki, elə xəstələr var ki, onlara qırmızı qan lazım olur, eləsi var ağ qana ehtiyacları olur. Plazmanı isə donduraraq 2 ilə qədər saxlamaq mümkündür. Plazma qankəsici vasitə kimi, qanaxmanı saxlamaq üçün istifadə olunur. Əsasən hemofiliyalı xəstələrə plazma lazım olur. Talassemiyalı xəstələrə isə qırmızı qan lazım olur.