Bakı 2015 ərəfəsində viza prosedurları sadələşdiriləcək
Bizi izləyin

Qırmızı.az

Bakı 2015 ərəfəsində viza prosedurları sadələşdiriləcək

I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurları sadələşdirilib.

Publika.az-ın məlumatına görə, bu fikirlər ölkəmizə uçuşlar həyata keçirən aviasiya şirkətlərinin səlahiyyətli nümayəndələri ilə Dövlət Miqrasiya Xidmətində keçirilən “dəyirmi masa” da səsləndirilib.

Görüşdə Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev qeyd edib ki, oyunlarla əlaqədar təsdiq olunmuş tədbirlər Planının icrası ilə bağlı mart ayında Xidmətdə keçirilmiş müşavirədə səlahiyyətli şəxslərə müvafiq göstərişlər verilib.

Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün Xidmətin müvafiq struktur bölmələrinin və sisteminə daxil olan qurumlarının əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb.

Müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq Oyunların bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycan Respublikasına gələ və gedə bilərlər.

I Avropa Oyunlarına bilet və ya bilet alışını təsdiq edən sənədi təqdim edən əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Oyunların açılışına 10 gün qalmışdan etibarən Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Dövlət Miqrasiya Xidməti oyunlar ərəfəsində ölkəyə gələcək əcnəbilərin olduğu yer üzrə qeydiyyatının elektron qaydada aparılmasını təmin edib. Azərbaycan Respublikasının ərazisində 10 gündən artıq müvəqqəti qalacaq akkreditasiya olunmuş şəxslər, habelə I Avropa Oyunlarının iştirakçıları isə olduqları yer üzrə qeydiyyatdan azad olunublar.

I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatlar Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində də yerləşdirilib.

Qonaqlara akkreditasiya kartı və digər sənədlərin nümunələri təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm