At qan-tərə bata-bata… - REPORTAJ/FOTOLAR
Bizi izləyin

Qırmızı.az

At qan-tərə bata-bata… - REPORTAJ/FOTOLAR

Hazırda, sadəcə, idman növü kimi tanınan atçılıq Azərbaycanda qədim dövrlərdən mövcud olub. Onu da qeyd edək ki, türk mədəniyyətində atlara xüsusi yer verilir. Atçılığın ölkəmizdə inkişafı üçün Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) müxtəlif turnirlər təşkil edir.

Bu dəfə isə ARAF-ın təşkilatçılığı ilə Binə qəsəbəsində yerləşən Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə “Bahar Kuboku” adlı beynəlxalq turnirə start verildi.

Biz də deyilən vaxtda həmin ünvana yollandıq. Havanın əlverişsiz olmasına baxmayaraq at yarışlarını izləməyə gələnlər də az deyildi.

Əvvəlcə turnirlə bağlı mətbuat konfransı keçirildi.

Konfransda ARAF-ın baş katibi Bəhruz Nəbiyev, yarışların baş hakimi Rennan Borand, hakimlər heyətinin üzvü Rakşan Radpour və Beynəlxalq Atçılıq Federasiyasının təyin etdiyi baytar Taşkın Özdemir iştirak edirdi.

53 min avroluq mükafat

ARAF-ın baş katibi Bəhruz Nəbiyevin sözlərinə görə, yarışlar 3 gün davam edəcək. Sonda cəmi bir idmançı Olimpiya Oyunlarına lisenziya xalı qazanacaq. Turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Lüksemburqdan olan idmançılar yarışır.

Ümumilikdə 14 çapar 25 atla mübarizə aparır. Yarışlara Azərbaycan, Türkiyə, Rusiya, İrandan dəvət olunan hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 53 min avro təşkil edir. Mükafat fondu 3 gün ərzində keçiriləcək 5 yarışın qalibləri arasında bölünəcək".

Bəhruz Nəbiyev Azərbaycan idmançılarının çıxışları barədə də danışıb: “Azərbaycandan 9 idmançı 16 atla mübarizə aparacaq. Təbii ki, idmançılarımızın yüksək səviyyədə çıxış etməsini istəyirik. Camal Rəhimovun yüksək yerlər uğrunda mübarizə aparacağını düşünürəm. Amma bizim məqsədimiz bir idmançı deyil, komanda şəklində Olimpiya Oyunlarında iştirak etməkdir. Milli komandamızın yüksək səviyyədə iştirakına ümidliyik. Biz təəssüf edirik ki, bu yarışlarda qadın idmançılar yoxdur”.

“İdmançılarımızın 1500-dən yuxarı xal toplaması vacibdir”

Federasiyanın baş katibi Azərbaycan çaparlarının Olimpiya Oyunlarına lisenziya qazanmaq şansları barədə də fikirlərini bildirib: “İdmançılarımızın Olimpiya Oyunlarına lisenziya üçün mübarizə apardığı ”C" qrupunda hələlik I yerdə 400 xalla Rusiya idmançısı Vladimir Tuqanov, II yerdə türkiyəli Ömər Kara, III yerdə Camal Rəhimovdur. İdmançımız I yerdən 100 xal geri qalır. Hələ bundan sonrakı yarışlarda 1000 xal toplamaq mümkündür. Məqsədimiz idmançılarımızın 1500-dən yuxarı xal toplamasıdır.

Komanda olaraq isə iyulun 30-dan avqustun 3-dək Slovakiyada yarışda iştirak edəcəyik. Orada birinci yerə çıxan komanda birbaşa Olimpiya Oyunlarına vəsiqə qazanacaq".

Qeyd edək ki, yarışda əsasən Hollandiya, Almaniya, Fransa və digər Avropa ölkələrinin yetişdirdiyi xüsusi konkur atlar yarışacaq".

Yarışların baş hakimi Rennan Borand Azərbaycanda təşkil olunan yarışların nizamlı olduğunu bildirdi: “Azərbaycan Atçılıq Federasiyası nizamlı olmaqla yanaşı, güclü çaparlar yetişdirməyə çalışır. Mənim fikrimcə, Federasiya çaparlar hazırlamaqda əvvəlki illərlə müqayisədə çox böyük uğurlar qazanıb. Bu yarışlardan da böyük gözləntilərimiz var”.

Bəhruz Nəbiyev bu il və gələn il ARAF-ın 8 yarış təşkil edəcəyini vurğuladı.

Digər qonaqlar da “Bahar Kuboku”na hazırlığın yüksək səviyyədə aparıldığını, ARAF-ın hər il daha səviyyəli turnir təşkil etdiyini bildirdilər.

Onurğa problemi olduğu üçün at çapır

Daha sonra at yarışını izləmək üçün stadiona yollandıq. Yarışa tamaşa eləməyə gələn Elnarə Babayeva deyir ki, atlara xüsusi marağı var, bu səbəbdən Azərbaycanda keçirilən at yarışlarını həmişə izləyir: “Federasiyanın təşkil etdiyi bu beynəlxalq turnirin açılışı həqiqətən maraqlı oldu. At yarışlarını canlı izləmək, o həyəcanı yaşamaq çox fərqli hissdir. Azərbaycanlı idmançıların çıxışına maraq böyükdü. İnanıram ki, bu cür yarışlar atçılıq idman növünə marağı daha da artıracaq. Mən özüm həftə sonları atçılıq idman növü ilə məşğul oluram”.

10 ildir at mindiyini deyən Nizami Rzayevin sözlərinə görə, at çapmaq sağlamlığa xeyirdir: “Mən 10 yaşımdan at çapıram. Bu, ilk növbədə sağlamlıq üçün faydalıdır. Mənim onurğamda problem var. Həftədə iki dəfə Binə Atçılıq Mərkəzində at çapıram. Yarışlarda isə çaparları izləyirəm”.

“Amor” ləqəbli at və yarışın qalibi

At təlimatçısı olan Hikmət Abdullayevin də fikirlərini öyrəndik. Onun sözlərinə görə, at çapmaq onurğa problemi olan insanlara xüsusi ilə müsbət təsir edir: “At sürməyə 12 yaşdan yuxarı başlamaq lazımdır. Atı sürməzdən əvvəl dəbilqə qoymaq, yüngül idman şalvarı geyinmək, rahat ayaqqabı, bir də qoruyucu jiletlərdən istifadə etmək lazımdır.

Əgər at çapmaq üçün miniləcəksə, biz ilk öncə onu sığallayırıq. At hiss edir ki, o, artıq yəhərlənməlidir. Ata sol tərəfdən yaxınlaşmaq lazımdır. Onun arxa tərəfinə keçmək olmaz. Yüyəni taxdıqdan sonra yəhəri atın üstünə qoyub kəmərlə yəhəri sıxırıq".

Yarışın sonunda çaparlar turnirlə bağlı fikirlərini bildirdilər: “Bu cür turnirlər atçılıq idman yarışına olan marağı artırmaqla yanaşı, təcrübə qazanmağımız da mühüm rol oynayır. Çalışdıq ki, ölkəmizi layiqincə təmsil edək. Tamaşaçıların stadionda reaksiyaları bizə xoşdur. Məqsədimiz beynəlxalq yarışlarda bu idman növü üzrə yüksək nəticələrə nail olmaqdır”.

Məlumat üçün bildirək ki, yarışın qalibi türkiyəli Ömər Kara oldu. O, yarışda “Amor” ləqəbli at ilə iştirak edirdi.

Hazırda Binə Atçılıq Mərkəzində ümumilikdə 40 baş at saxlanılır ki, onun da 10 başı yerli - “Qarabağ” cinsidir. Yerdə qalanları isə qarışıq cinslərdir. Əsasən də ərəb, türkmən, ingilis cinslərində atlar da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm