• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Teleradio Şurası özəl kanalları "ağ yuyub, qara sərdi"

Teleradio Şurası özəl kanalları "ağ yuyub, qara sərdi"

"Özəl televiziyaların proqram səbətində neqativ hallar, tendensiyalar kifayət qədərdir. Belə ki, bu gün telekanalların efirində ictimai əhəmiyyət kəsb etməyən mövzuların müzakirəyə çıxarıldığı ucuz şouların, milli-mənəvi dəyərlərə zidd, uşaq və yetkinlik yaşına çatmayanların inkişafına ziyan vura bilən halların baş alıb getməsi, efirin kommersiyalaşması və s. ciddi narahatlıq doğurur".

Publika.az-ın məlumatıan görə, bu barədə 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə Milli Televiziya və Radio Şurası tərəfindən aparılmış monitorinqlərin nəticələri barədə hesabatda bildirilir. Hesabatda bildirilir. ki, teleefir üçün müzakirəyə çıxarılan və çözüm obyektinə çevirilən mövzuların məsuliyyəti böyükdür.

Amma əfsuslar olsun ki, bəzən elə mövzular müzakirəyə çıxarılır ki, insanda ikrah hissi doğurur. Məsələn, “Azad Azərbaycan” televiziyasında 18.02.2015-ci il tarixdə efirə gedən "Gün üzü" verilişində aparıcı İlqar Mikayıloğlu əlindəki dəmir xətkeşi masanın kənarına sürtməklə çıxardığı səsi "qadına" bənzətmiş və "baxın, qadın budur! Kişilərin beynini xarab edir" demiş və bu fikri bir neçə dəfə təkrar etmişdir. Aparıcı "qadının şərindənsə, gecənin şəri yaxşıdır" deməklə mövcud atalar sözünü təhrif edib, bunu bütün qadınlara şamil etməklə əslində onları təhqir edib.

Space TV-nin bəzi tok-şou və publisistik verilişlərində, adətən milli mənəvi dəyərlərə zidd mövzular qoyulmasa da, veriliş boyu bayağı və yersiz müzakirələr baş alıb gedir. Toy adət-ənənələri, qısqanclıq, şou biznes mövzuları ətrafında açılan süni və bayağı müzakirələrdə bu cür hallar açıq–aydın hiss edilməkdədir. "Kişilər evdə olmayanda", "Oturduğumuz yerdə", "Hələ bu harasıdır" kimi verilişlər buna misal ola bilər.

ANS telekanalında yayımlanan "Adam içində" və "Bazar səhəri" verilişlərində tez-tez milli-mənəvi dəyərlərə zidd olan bayağı mövzular müzakirəyə çıxarılır. “Adam içində” verilişi bu mənada “liderlik” edir. Verilişdə lokal problemlər, ailədaxili münaqişələr, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradılır. Məsələn, “Adam içində” verilişinin 27 yanvar tarixli buraxılışında 16 yaşlı qızın itkin düşməsi ilə bağlı məsələ müzakirə olunmuş və bu zaman qızın cinsi istismar məqsədilə artıq Türkiyəyə aparıldığı barədə aparıcı tərəfindən dəqiqləşdirilməmiş məlumatlar səsləndirilib.

Həmçinin kriminal səpkili materialların həddən artıq olması milli efirimizin, xüsusilə xəbər buraxılışlarının çatışmazlıqlarındandır.

Hesabatda qeyd olunur ki, bir sıra xəbərlər-informasiya proqramlarında qəddarlıq, fiziki zorakılıq səhnələri, ölmüş insan cəsədləri ətraflı şəkildə nümayiş etdirilir ki, bu da uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilir: "Qeyd edək ki, Şura hələ 1 mart 2006-cı il tarixdə sözügedən problemlərin də əksini tapdığı normativ hüquqi akt - "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar" qəbul edib. Məqsədəuyğun olardı ki, uşaqlara diqqət əlaməti olaraq kriminal xarakterli xəbərlər bir qayda olaraq saat 23:00-dan sonra efirə verilsin.

Hesabatda televiziyalarda yayımlanan yerli teleseriallarla bağlı nöqsanlara da yer verilib. Qeyd olunub ki, dövlət dəstəyi ilə çəkilən bu seriallar əsasən məişət mövzularına, sevgi-məhəbbət, ailə dramlarına, kriminal hadisələrə həsr olunur. Halbuki milli-mənəvi dəyərlərin, tarixi şəxsiyyətlərin təbliği, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımların, dövlətin apardığı uğurlu daxili və xarici siyasətin müxtəlif aspektlərinin işıqlandırılması kimi maarifçilik məsələlərinə üstünlük verilməsi daha vacibdir. Həmin seriallarda gizli reklamın bolluğu və bunun “tanıdıcı reklam” adı altında süjet xəttinə daxil edilməsi halları da narahatlıq doğurur.

Milli efir məkanımızın təhlili göstərir ki, burada yerli Azərbaycan istehsalı olan bədii filmlər kəmiyyət etibarilə azlıq təşkil edir. Ölkənin efir məkanında milli filmlərin nümayişi ilə bağlı vəziyyət narahatlıq doğuracaq səviyyədədir. Təbiidir ki, bu hal tamaşaçılar tərəfindən də narazılıqla qarşılanmaqdadır. Məlum olduğu kimi, hər il dövlət tərəfindən yeni filmlərin çəkilməsi üçün xeyli maliyyə vəsaiti ayrılır, lakin geniş tamaşaçı kütləsi həmin məhsullara baxa bilmir. Araşdırmalar göstərir ki, nəinki yeni çəkilən filmlərin, hətta sovet dövründə çəkilmiş filmlərin də nümayiş etdirilməsində telekanallar tərəfindən ciddi problemlər var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR