• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Səlim Müslümov Avropa Təlim Fondunun əməkdaşları ilə görüşdü

Səlim Müslümov Avropa Təlim Fondunun əməkdaşları ilə görüşdü

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Təlim Fondunun (ATF) Azərbaycan üzrə yeni meneceri Franka Krestanini və Fondun nümayəndəsi Arjen Deiji qəbul edib. Bu barədə Publika.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə S.Müslümov vurğulayıb ki, son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində sosial yönümlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunmuş milli iqtisadiyyatımız formalaşıb. “Qazanılmış uğurların daha da möhkəmləndirilməsi, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafının sürətlənməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması nəticəsində ölkədə yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, eyni zamanda, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib”- deyən nazir ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində icra olunan layihələrin də Azərbaycanda əmək və sosial müdafiə sahəsində mütərəqqi islahatların aparılmasında mühüm əhəmiyyət daşıdığını bildirib.

Avropa İttifaqının bir agentliyi kimi fəaliyyət göstərən ATF-nun Şərq Tərəfdaşlığı ölkələrində, o cümlədən Azərbaycanda uğurlu iş təcrübəsinə malik olduğunu qeyd edən S.Müslümov Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər aidiyyatı qurumlar, sosial tərəfdaşlar və biznes cəmiyyətinin nümayəndələri ilə sıx əməkdaşlığının ölkədə peşə təlimi sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması sahəsində aparılan islahatlar üçün önəmli dəstək olduğunu deyib. Nazir bildirib ki, ölkənin iqtisadi tərəqqisinə, müasir texnologiyaların daim genişlənən tətbiqi proseslərinə uyğun olaraq əmək potensialının keyfiyyətcə yüksədilməsi və işçi qüvvəsinin rəqabətqabiliyyətinin əmək bazarının tələbləri səviyyəsinə çatdırılması əsas prioritetlərdən biridir. “Aktiv əmək bazarı proqramlarının təkmilləşdirilməsi, 200 peşə standartının və uyğun təlim standartlarının, onların əsasında 52 peşəyönümü profil və 43 modul təlim proqramının hazırlanması üzrə işlər aparılıb. Hazırda isə həmin standartlar əsasında vətəndaşların peşə səriştələrinin yüksəlməsini təmin etmək üçün Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması nəzərdə tutulur”. Nazir bu sahədə aparılan işlərdə, ümumən peşə təliminin real iqtisadiyyata cavab verəcək səviyyədə qurulmasında ATF-in institisional dəstəyinin dəyərli olduğunu qeyd edib və əldə edilmiş müsbət təcrübə əsasında əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Görüşdə əmək bazarının peşə təhsili və təlimi sisteminə olan tələblərinin iqtisadiyyatın sahələrinin daha geniş şəkildə əhatə olunması ilə müəyyənləşdirilməsi, Milli İxtisas Çərçivəsinə müvafiq olaraq Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması üzrə məsləhətləşmələrlə əlaqədar gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR