• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Pivə qonaqlığının ölümlə bitən TƏFƏRRÜATI

Pivə qonaqlığının ölümlə bitən TƏFƏRRÜATI

Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Qnyaz Bəkirov həmyerlisi, 21 yaşlı Asim Abdullayevi bıçaqlayaraq qətlə yetirib.

Publika.az xəbər verir ki, Qnyaz həmin gün saat 23 radələrində Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, 146 ünvanında yerləşən, Ramil Rəşidzadənin işlətdiyi mağazanın qarşısında qohumları Səxavət Mahmudov, Ədalət Süleymanov və Zaur Nadirov ilə spirtli içki qəbul edib. Həmin vaxt oraya gəlmiş həmyerlisi İbrahim Abdullayevin həqiqi hərbi xidmətdən yeni qayıtmış 1994-cü il təvəllüdlü oğlu Asim Abdullayev üçün də hörmət mənasında pivə sifariş edib.

Əvvəlcədən də spirtli içki qəbul etməklə orta dərəcəli sərxoş vəziyyətdə olan Asim Abdullayev onlarla birlikdə pivə içdiyi zaman daha da sərxoş olub. Bu səbəbdən özünün fiziki cəhətdən üstünlüyünü nümayiş etdirmək məqsədi ilə Qnyaza sataşıb. O, əli ilə Qnyaz Bəkirovun boynunun arxasına, sonra isə sinəsinə vurub.

Həmin vaxt onlarla birlikdə olan Səxavət Mahmudov, Ədalət Süleymanov və Zaur Nadirov onların hər ikisini sakitləşdirib. Daha sonra onlar birlikdə evə yollanıblar. Yolda Asim Abdullayev ilə Qnyaz Bəkirov yenə də mübahisə edib. Asim Qnyazı yenə də vurmağa başlayıb.

Bu zaman Qnyaz Asim Abdullayevdən qisas almaq məqsədi ilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə şalvarının kəmər yerində saxladığı bıçağı çıxararaq Asim Abdullayevi vurub. Asim aldığı xəsarətdən hadisə yerində ölüb.

“Asim sərxoş olub”

Qnyaz Bəkirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Süleymanovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Qnyaz Bəkirov ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. O deyib ki, sentyabrın 26-da, saat 22:30 radələrində gəzə-gəzə Ü.Hacıbəyov küçəsində yerləşən Ramilin işlətdiyi dükanın qabağına gedib: “Orada qohumlarım Zaur, Ədalət və Səxavəti gördüm. Onlarla görüşüb, dükanın qabağında dayandım. Birlikdə pivə içdik. Səxavətgilin ac olduğunu bildim. Dükandan kolbasa, sosiska, çörək və bir 250 qramlıq araq aldım. Səxavət, Ədalət və Zaurla birlikdə dükanın qabağında dayanaraq yemək yedik, pivə və araq içdik. Bu zaman Asim Abdullayev gəldi. Asim ora gələndə artıq sərxoş idi”.

“Asim “məni tanımadınmı, ay xiyar?” deyə soruşdu”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Asimin atası İbrahimlə onun yaxşı münasibəti olub: “Bunun üçün Asim üçün də pivə aldım. Asim pivədən bir-iki qurtum içəndən sonra “məni tanımadınmı, ay xiyar?” deyə soruşdu. Mən elə bildim ki, Asim yəqin bir qolum olmadığına görə qorxduğum üçün ona pivə aldığımı fikirləşib. Ona görə də mənə bu cür sözlər deyir. Asimə dedim ki, səni tanımıram, atanı və böyük qardaşını tanıyıram, onlara böyük hörmətim var, utanmırsanmı mənə belə sözlər deyirsən, sənə pivəni atana böyük hörmətim olduğuna görə almışam. Bu vaxt Asim sillə ilə boynuma vurdu. Asimə bildirdim ki, içkilisən, belə hərəkət eləmə, çıx get, ya da gəl səni mən evinə aparım. Hətta Zaurgil də Asimə bu cür hərəkətinə görə irad tutdular. Asim yenidən təkidlə mənə “sən niyə məni tanımırsan, bilmirsən kiməm” dedi. Onu tanımadığımı, içkili olduğunu, evinə getməsini bildirdim”.

“Bildirdi ki, sən guya məni tanımadın”

Qnyaz Bəkirovun bildirdiyinə görə, bu vaxt Asim özünü ona tanıtdıracağını deyib: “Asim əli ilə sinəmdən vuraraq kənara itələdi. Sərxoş olduğu üçün onun bu hərəkətinə reaksiya vermədim. Onu evlərinə aparmağı təklif etdim. Bundan sonra birlikdə dükanın qabağından aralandıq. Asimi evlərinə aparmaq üçün yola düşdük. Yolda gedərkən Asim təklikdə sözü olduğunu dedi və məni Zaur, Ədalət və Səxavətgildən bir qədər qabağa apardı. Mən də Səxavətgilə qabaqda Asimlə söhbət edə-edə gedəcəyimi bildirdim və onlardan bir qədər aralandıq. Beləliklə, Asimlə Səxavətgildən təxminən 30-40 metr irəlidə getdik. Asimgilin evinə tərəf çatdıq. Bu zaman Asim yenidən bildirdi ki, sən guya məni tanımadın. Bu vaxt Asim mənə nalayiq söyüşlər söydü. Asimə onu tanımadığımı, axşam pis yuxu gördüyümü, qanını məndən uzaq etməsini dedim. Asim isə əksinə, sakitləşməyərək mənə dedi ki, “pis yuxu görüb neyləyəcəksən, guya məni vuracaqsan?”. Asim boynumdan məni vurdu”.

“Arvadıma Asimi bıçaqla vurduğumu dedim”

Onun sözlərinə görə, Asimə cavab olaraq söyüş söyüb: “Asim isə təpiklə məni ayağımdan vuraraq arxam üstə yerə yıxdı. Bundan sonra boğazımdan tutaraq məni boğmağa başladı. Asimə gücümün çatmayacağını görərək bıçağı çıxardım və onu vurdum. Zərbədən sonra Asim üstümdən ayağa qalxdı və geri çəkildi. Lakin Asim məni döymək üçün yenidən üstümə hücum etdi. Bu zaman yenidən ona bir dəfə də bıçaqla zərbə vurdum. Həmin vaxt Asim yaralı vəziyyətdə oradan uzaqlaşdı və evlərinə tərəf getdi. Mən də ayağa qalxaraq evimə getdim. Evdə arvadım Elmiraya Asimi bıçaqla vurduğumu bildirdim”.

Mərhumun atasından ittihamlar

Mərhumun atası İbrahim Abdullayev ifadəsində göstərib ki, hadisə baş verən gün arvadı Mərcanla birlikdə Cəlilabad rayonunda olub. Onun ifadəsinə görə, həmin vaxt oğlu Asimin bıçaqlanması barədə ona məlumat veriblər:

“Dərhal arvadımla birlikdə Yevlax şəhərinə yola düşdük. Saat 5 radələrində Yevlax şəhərinə gəldik. Ora çatanda oğlumun artıq öldüyünü bildim. Hadisədən bir neçə gün sonra mağaza işlədən Suliko adlı şəxsin oğlu Ramillə söhbət etdim. Ramil dedi ki, Asim kontur almaq üçün onların işlətdiyi mağazaya gəlib. Asim orada Zaur, Ədalət, Qnyaz və Səxavəti görüb və onlarla görüşüb. Asim mağazadan kontur alaraq çıxdıqdan sonra Səxavət ondan hara getməsini soruşub, oğluma lazım olarsa onu evə apara biləcəyini bildirib. Asim isə Səxavətə piyada gedəcəyini deyib və yoluna davam edib. Asim mağazadan bir qədər uzaqlaşdıqdan sonra Qnyaz, Nadir, Səxavət və Ədalət oğlumun arxasınca gediblər. Yolda oğlumu avtomobilə mindiriblər və üzü Cahangir Kərimov küçəsi istiqamətində gediblər. Ramil bundan sonra həmin küçədə nə baş verdiyini bilmədiyini deyib. Cahangir Kərimov küçəsinə getmişəm və orada yaşayan şəxslərdən bir neçə gün əvvəl burada baş verən hadisə barədə maraqlanmışam. Bu vaxt orada yaşayan Ləzgi adlı şəxs bildirib ki, evdə namaz qıldığı vaxt küçədə söyüş səsləri eşidib. O da həmin səslərdən onların Zaur və Qnyaz adlı şəxslər olmasını müəyyən edib. Bundan sonra evinin qapısından küçəyə baxdıqda Zaur və Qnyazın Asimə söyüş söyərək oğlumun mobil telefonunu və pulunu tələb etdiyini görüb. Oğlum isə Zaur və Qnyaza istədiklərini verməyəcəyini bildirib. Həmin vaxt Zaur və Qnyaz oğluma nalayiq söyüşlər söyüblər. Oğlum isə onlara söyüşə ehtiyac olmadığını, sabah böyük qardaşımın gələrək onlarla söhbət edəcəyini deyib. Bundan sonra oğlum Nurəddin adlı şəxsin evinin qabağına tərəf qaçıb. Zaur, Səxavət, Ədalət və Qnyaz da Asimin arxasınca qaçaraq onu əhatəyə alıblar. Orada bir-birləri ilə mübahisə edərək dalaşıblar. Bu vaxt Səxavət oğlum Asimin arxa tərəfinə keçərək boynundan tutub, Ədalət, Zaur və Qnyaz isə əllərində olan bıçaqlarla oğluma arxadan zərbələr endiriblər. Oğlum Asim aldığı zərbələrdən yerə yıxılıb və orada yaralı vəziyyətdə qalıb. Bundan sonra Səxavət, Zaur, Ədalət və Qnyaz avtomobilləri ilə oradan qaçıblar. Asim təxminən yerdə 200-250 metr sürünərək qardaşım Siyasətin evinin qapısının qarşısına gedib. Orada Asimi görən Liza adlı qadın qardaşımın evinin qapısını döyüb və onu səsləyib. İlk olaraq səsə qardaşım Siyasət, sonra orada qonşuluqda yaşayan bacım Əminə çıxıblar”.

İbrahim Abdullayev ifadəsində oğlunun xəstəxanaya aparılarkən yolda öldüyünü deyib. Şahid ifadələrini dinləyən hakimlər sonra Qnyaz Bəkirovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan ediblər.

Hökmdən narazı qalan Qnyaz Bəkirovun vəkili Fərhad Məmmədov apelyasiya şikayəti verərək müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib. Şəki Apelyasiya Məhkəməsində işə baxan hakimlər Qnyaz Bəkirovun cəzasını 9 ilə endiriblər.

Baş Prokurorluq məhkəmənin qərarından narazı qalaraq Ali Məhkəməyə kasasiya şikayəti veriblər. Ali Məhkəmədən Publika.az-a verilən məlumata görə, prokurorluğun Qnyaz Bəkirovun cəzasının sərtləşdirilməsi ilə bağlı şikayətinə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb və qərar qəbul edilib. Hakimlər Şəki Apelyasiya Məhkəməsinin qərarını ləğv ediblər və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul ediblər.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR