• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Mübariz Qurbanlı radikal dini qruplarla mübarizədən danışdı

Mübariz Qurbanlı radikal dini qruplarla mübarizədən danışdı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda dindən siyasi məqsədlər naminə istifadə etmək istəyən radikal qruplar və onlara qarşı aparılan mübarizədən danışıb.

Publika.az xəbər verir ki, “Azərbaycan” qəzetinə müsahibə verən komitə sədri bildirib ki, belə qruplar dindən sadəcə, alət kimi istifadə edir, öz mövcudluqlarını, guya ki, müəyyən nüfuza malik olduqlarını göstərmək istəyir, ona görə də insanlar arasında münasibətlərin kəskinləşməsində, ictimai asayişin pozulmasında maraqlı olurlar ki, məkrli planlarını həyata keçirsinlər:

“Radikal dini qrupların bütün bu gedişlərindən xəbərimiz var və müvafiq olaraq həmin radikal dini qrupların fəaliyyətinin məhdudlaşdırılması, aradan qaldırılması üçün çox böyük işlər aparılıb. Artıq bu yöndə Azərbaycanın hüquq-mühafizə orqanlarının, eləcə də ideoloji qurumların apardığı işlər öz mühüm nəticələrini verir. Biz ölkəmizdə həmin qrupları tam aradan qaldırana qədər bu işləri davam etdirəcəyik”.

M. Qurbanlı bildirib ki, ümumiyyətlə, Azərbaycanda radikal dini qruplara qarşı mübarizədə 3 istiqamət müəyyən edilib. Bunlardan birincisi qanun çərçivəsində həyata keçirilən istiqamətdir ki, burada hüquq-mühafizə orqanları aparıcı rol oynayır. Bura Daxili İşlər Nazirliyi (DİN), Milli Təhlükəsizlik Nazirliyi (MTN), prokurorluq orqanları və hüquq-mühafizə sistemindəki digər qurumların fəaliyyəti daxildir. Bu qurumlar radikallaşmış dini qruplar tərəfindən qanun pozuntusuna yol verildiyi təqdirdə onların neytrallaşması və qanun qarşısında cavab verməsi istiqamətində ciddi addımlar atırlar. Dövlət komitəsi də əlaqələndirilmiş şəkildə həmin tədbirlərdə iştirak edir.

İkinci istiqamət iqtisadi sahə ilə bağlıdır: “Radikal qrupların bəziləri qeyri-qanuni yollarla vəsait ələ keçirərək onun vasitəsilə gənclərin radikal qruplara cəlb edilməsinə, şəbəkələrin yaradılmasına cəhdlər göstərirlər. Təbii ki, bu, yolverilməzdir. Ona görə də onların məkrli məqsədlərini reallaşdırmaq üçün qeyri-sağlam iqtisadi yollarla əldə etdikləri gəlirlərin qarşısı alınır və bundan sonra da alınacaq. Bu istiqamətdə Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi və digər dövlət qurumları müvafiq işlər aparırlar ki, kimlərsə qeyri-qanuni yolla Azərbaycana vəsait gətirərək onları burada konstitusion sistemin əleyhinə yönəldə bilməsin. Bu cür vəsaitlərin Azərbaycana qeyri-hökumət təşkilatları adı altında fəaliyyət göstərən qurumlar tərəfindən gətirilməsinin qarşısının alınması üçün də artıq qanunvericilikdə müvafiq dəyişikliklər edilib”.

Komitə sədrinin sözlərinə görə, üçüncü istiqamət ideoloji-təbliğatdır və bu yolla radikalların ideya bazasının çökdürülməsidir. İdeoloji-təbliğat yolu əsl ənənəvi, islami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Bu məsələdə komitə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyət göstərir. Radikal dini və ekstremist qruplara qarşı aparılan təşviqat fəaliyyətində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu, Yeni Azərbaycan Partiyası və QHT-lər yaxından iştirak edirlər. M. Qurbanlının sözlərinə görə, bu iş kütləvi informasiya vasitələri, müxtəlif konfranslar, seminarlar və digər tədbirlər vasitəsilə həyata keçirilir və toplanan təcrübə əsasında maarifləndirmə işlərini daha yüksək səviyyəyə qaldırmaq planlaşdırılır.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR