Mübariz Qurbanlı xaricdə dini təhsil alan gənclərdən danışdı
Bizi izləyin

Qırmızı.az

Mübariz Qurbanlı xaricdə dini təhsil alan gənclərdən danışdı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı xarici ölkələrdə dini təhsil alanların yad təsirlərə məruz qalaraq ölkəyə zərərli meyilləri yaymalarından danışıb.

Publika.az xəbər verir ki, “Azərbaycan” qəzetinə müsahibə verən komitə sədri bəzən gənclərin dini bilməməsindən istifadə edən müəyyən qüvvələrin onları yanlış istiqamətlərə yönləndirərək dini təhsil adı ilə xaricə göndərməkdə maraqlı olduqlarını deyib. Həmin gənclərin qayıtdıqdan sonra təhsil aldıqları ölkələrin dini ideologiyasını Azərbaycanda yaymaları bir çox halda zərərli meyillərin əmələ gəlməsinə şərait yaradır:

“Ciddi narahatlığa səbəb olan faktlardan biri də qeyri-qanuni yolla dini təhsil almaq məqsədi ilə xaricə getmiş gənclərin necə təhsil almasına, hansı təbliğatın təsiri altına düşməsinə, ümumiyyətlə, həmin ölkələrdə nə ilə məşğul olmalarına nəzarətin mümkünsüzlüyüdür. Müxtəlif vasitələrlə xarıcdə dini təhsilə cəlb olunmuş belə gənclərin hətta illər boyu ailələriylə və bütövlükdə Azərbaycanla əlaqələri kəsilir. Ona görə də bu məsələlər təkcə dövlət qurumlarını deyil, valideynləri də düşündürməlidir”.

M. Qurbanlı bildirib ki, əslində, bu gün dini təhsili yüksək səviyyədə elə Azərbaycanda da alıb savadlı ilahiyyatçı kimi formalaşmaq mümkündür. Ona görə də Azərbaycanda dini tədrisin perspektivləri qiymətləndirilməlidir. Hazırda Azərbaycanda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi, Bakı İslam Universiteti mövcuddur:

“Bu tədris müəssisələrində təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazanın gücləndirilməsinə, dini dərslərlə yanaşı, dünyəvi elmlərin də tədrisinə, əhatəli və dərin məzmunlu dərs vəsaitlərinin hazırlanmasına, tədrisin hər hansı məzhəblilik deyil, ümumi saf dini prinsiplər əsasında təşkil olunmasına, xurafatçılığa yol verilməməsinə, tələbələrə vətənpərvərlik ruhunun aşılanmasına və s. amillərə böyük diqqət yetirilir. Bütün bunlar deməyə əsas verir ki, hazırda Azərbaycan Respublikasında islamşünaslıq elmi inkişaf dövrünü yaşayır. Hesab edirəm ki, dini təhsil sahəsində dövrün tələblərinə uyğun islahatların aparılması, təhsilin keyfiyyətinin artırılması ilə bağlı görülən tədbirlər savadlı milli kadrların hazırlanmasında və dövlət-din münasibətlərinin tənzimlənməsi işində müsbət nəticələr verəcəyinə şübhə yaratmır”.

M. Qurbanlı həmçinin vurğulayıb ki, dövlət komitəsi ölkədə dini təhsilin səviyyəsinin daha da yüksəldilməsinə və ixtisaslı kadrların hazırlanması işinə diqqəti artırıb, eləcə də gənclərin bu məqsədlə qeyri-qanuni yollarla xarici ölkələrə getmələrinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirib və indi də keçirməkdədir. Nəticədə xarici ölkələrdə qeyri-qanuni yolla dini təhsil alanların sayı xeyli azalıb, əvəzində gənclər arasında yerli dini tədris müəssisələrinə rəğbət hissi artıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm