Məscidinə it bağlanan, sovet ulduzlu, on illərdir içməli suya həsrət qalan qəsəbə - Buzovnadan FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Məscidinə it bağlanan, sovet ulduzlu, on illərdir içməli suya həsrət qalan qəsəbə - Buzovnadan FOTOREPORTAJ

Bakının hər bir kəndinin, qəsəbəsinin özünəməxsus xüsusiyyətləri, sakinlərinin yaşam tərzi, abidələri, maraqlı ənənələri, spesifik inkişaf tempi, qayğıları var. Paytaxtın ayrı-ayrı yaşayış məskənlərinin bir-birinə yaxın olmalarına baxmayaraq, onların arasında bəzi fərqlər, diqqət çəkən məqamlar mövcuddur. Xəzər rayonunun Buzovna qəsəbəsi də belə yaşayış məskənlərindən biridir. Bu yaşayış məskəni həm tərəqqisi, həm də problemləri ilə digərlərindən seçilir. Gündən-günə abadlaşıb gözəlləşən qəsəbədə sürətli inkişaf da var, problemlər də. Publika.az olaraq qərara aldıq ki, Buzovnaya baş çəkək, sakinlərin yaşayış tərzi, gündəlik həyatı, qəsəbənin qayğıları ilə yerindəcə tanış olaq:

Nəcibə Məlikovanın ata yurdu, məhv olmuş qədim qala

Buzovna hələ qədim vaxtlardan əcnəbi tarixçilərin, turistlərin diqqətini cəlb edib. Müxtəlif dövrlərdə, çar Rusiyası vaxtında ayrı-ayrı səyyahlar bura ayaq açıblar. 1860-cı ildə Buzovnaya gəlmiş rus səyyahı İ. Berezin bu yaşayış məskəninin özünəməxsus adət-ənənələri ilə tanış olub. Buzovna sakini Şəhriyar Salami deyir ki, qəsəbənin özünəməxsus xüsusiyyətləri hələ ötən əsrlərdən diqqət mərkəzində imiş: “Bir zamanlar Buzovnaya gəlmiş Berezin Əliyar bəyin qonağı olub. O, buradakı yüksək qonaqpərvərliyə heyran qalıb. Əliyar bəy mənim ulu babamdır. Bizim əsl soyadımız Məlikovdur. 1921-ci ilin oktyabrında Bakının Buzovna kəndində dünyaya gəlmiş xalq artisti Nəcibə Məlikova babamın əmisi qızıdır. Nəcibə xanımın atası Haşim bəy Saqib Buzovnanın tanınmış adamlarından olub. O, istedadlı şair, ədəbiyyatçı imiş. Ümumiyyətlə, Buzovna ziyalılar məskənidir. Bir sıra tanınmış şəxslər burada dünyaya gəliblər. Milli Məclisin deputatı Ziyad Səmədzadənin də qohumları Buzovnada yaşayıblar”.

Qədim yaşayış məskənlərindən olan Buzovna bir sıra tarixi abidələrlə zəngindir. Qəsəbənin qədim abidələrindən olan “Şeyx Qəni Məscidi” (hal-hazırda Sahib Əz-Zaman Məscidi adlanır) XVIII əsr abidəsi kimi dövlət tərəfindən qorunur: “Həmin məscid Abbasqulu Ağa Bakıxanovun babası Dərgahqulu bəy tərəfindən inşa edilib. Həmin məscidin yaxınlığındakı “Xan bağı” adlandırılan ərazidəki qala baxımsızlıq üzündən sıradan çıxıb. İndi qəsəbədə fəaliyyət göstərən 125 saylı orta məktəb həmin qalanın daşları ilə inşa edilib. Buzovna güclü mühafizə sisteminə malik yaşayış məskənlərindən imiş. Qəsəbədəki qalalar arasındakı əlaqə əsasən yeraltı lağımlar vasitəsi ilə olub. Əgər arxeoloqlar, tarixçilər bu ərazilərdə qazıntı işləri aparsalar, qədim dövrə aid xeyli abidələr, məxəzlər aşkar edərlər. Amma təəssüf ki, belə araşdırmalar aparılmır”.

Nazranlı məhəlləsindəki qədim məscid də Buzovnanın qədim tarixindən xəbər verir. Habelə Buzovnanın qədim qəbiristanlıqları da tarix barəsində çox şey deyir: “Ən qədim abidələrdən biri də Seyid Qasım türbəsidir. Türbənin yerləşdiyi ərazidə xeyli sayda qədim qəbirlər mövcuddur. 1987-ci ildə həmin yerə şəhərdən ekspedisiya qrupunun üzvləri gəldilər. Onlar türbənin ətrafında qazıntı və araşdırma işləri apardılar. Sonradan öyrəndik ki, qədim yunan ordusu Qafqaza yürüş zamanı bu yerdən keçib. Araşdırmalar zamanı ən qədim dövrlərə aid antik yunan qəbirləri aşkarlandı. Mən orada türklərin qədim əcdadları sayılan şumerlərə aid yazılar görmüşəm. Təəssüf ki, bu abidələr də yetərincə araşdırılmayıb”.

Qəsəbə sakini Şəhriyar Salami Buzovna sözünün mənası ilə bağlı müsahibələri önə çəkərək bir sıra versiyaların mövcudluğunu diqqətə çatdırdı:

“Bəziləri iddia edir ki, Buzovna sözü qədim buz tayfalarının adından götürülüb - yəni Buz Oğuzlar. Onlar qədim türk tayfaları olublar. Amma bu sözlərdə fars mənşəyi də var. Məsələn, buzqalə farsca quzuya deyirlər. Qəsəbənin adı ilə bağlı digər versiyalar da mövcuddur”.

Müasir park, abad yollar, küçələr – modern kompleks

Qədim tarixi memarlıq abidələri ilə zəngin olan Buzovna bu gün özünün sürətli inkişaf, tərəqqi dövrünü yaşayır. Qəsəbənin mərkəzi hissələrinin bir sıra yerləri əsaslı şəkildə təmir edilib, əsas magistral yol abadlaşdırılıb. Mərkəzi yerlərin döşəmə örtüyü yenilənib, küçələrə asfalt çəkilib. Yaşayış məskəninin əsas hissəsindən keçən magistral yol genişləndirilərək müasir tələblərə uyğunlaşdırılıb. Buna görə də avtomobillərin gediş-gəlişi xeyli yaxşılaşıb, nəqliyyatın fəaliyyəti sistematik hal alıb. Qəsəbənin ayrı-ayrı yerlərində quraşdırılmış dayanacaqlar sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini yaxşılaşdırıb. Hələ bir neçə il əvvəl istifadəyə verilmiş, müasir görünüşlü yeraltı keçidlər sakinlərin rahatlığının və təhlükəsizliyinin təminatına xidmət edir.

Burada sakinlərin asudə vaxtlarının səmərəli təşkili, mənalı istirahəti, o cümlədən uşaqların, qocaların və yeniyetmələrin əylənmələri üçün əyləncə-istirahət məkanları, park yaradılıb. Qəsəbənin müasir görünüşünə təravət verən parklarda yeni oturacaqların, attraksionların quraşdırılması, müasir işıqlandırma sisteminin təşkili, yaşıllıq örtüyünə xüsusi qulluq əyləncə-istirahət məkanlarının modern görkəminə al-əlvanlıq bəxş edib. İstirahət parkının ot örtüyünə, ağaclara, yaşıllıqlara xüsusi qulluq göstərilir. Qəsəbənin mərkəzi yerində əkilmiş ağaclar, yol boyu düzülmüş yaşıllıqlar yaşayış məskəninin simasının dəyişməsinə səbəb olub. Buzovnanın yaşayış binalarının eyvanlarının təmir edilməsi, fasadlarının ağardılması, inzibati binaların əvvəlki görkəminin bərpası qəsəbəyə yeni ab-hava gətirib. Küçələr müasir işıqlandırma sistemi ilə təchiz olunub, yeni dirəklər quraşdırılıb. Məşhur Cümə Məscidi Heydər Əliyev Fondu tərəfindən təmir edilərək dindarların istifadəsinə verilib. Burada əqildən zəif, inkişafı qüsurlu olan uşaqlar üçün reabilitasiya mərkəzi tikilərək istifadəyə verilib. Bütün bunlar belə deməyə əsas verir ki, qədimliklə müasir dövrün ənənələrini özündə birləşdirən Buzovna qəsəbəsi bu gün inkişaf, firavanlıq və sürətli yenilənmə dövrünü yaşayır.

“İllərdir içməli suya həsrət qalmışıq”

Sadaladıqlarımız Buzovna qəsəbəsinin heç də qayğılardan xali olması anlamına gəlmir. Qəsəbənin özünəməxsus inkişaf tərzi kimi, problemləri də mövcuddur. Bunlardan ən əsası sakinlərin içməli su problemidir. Buzovnanın həm yaşıllıqlara bürünmüş, abadlaşdırılmış, təmir-quruculuq işlərinin görüldüyü mərkəzi hissəsində, həm də ötən əsrin ortalarını xatırladan kənar ərazilərində su çatışmazlığı özünü açıq-aydın göstərir. Buzovnanın bütün yaşayış binaları, fərdi evlər hələ də içməli su üzünə həsrətdir. Qəsəbəyə verilən su içmək üçün yararlı olmadığından sakinlər ondan ancaq məişət həyatında istifadə edirlər. Hüseynqulu Sarabski küçəsinin sakini Əli Vəliyev deyir ki, onlar uzun illərdir içməli suyu pulla alırlar: “Sakinlərin hamısı xüsusi su çənləri düzəltdirib, hovuzlar inşa etdirib. Hər ay su maşınlarına 5 manat verib, hovuzları, çənləri içməli su ilə doldururuq. Bir maşın su təxminən bir ay bəs edir. Başqa əlacımız yoxdur. Qab-qacaq, paltar, xalça-palaz yumaq üçün istifadə etdiyimiz duzlu suyu isə həyətimizdəki quyulardan xüsusi nasoslarla çıxarırıq. Çətinliklərimiz xüsusən yay mövsümündə artır, çünki içməli suya ehtiyac çoxalır”. Ayrı-ayrı sakinlər qəsəbədə bulaqlar inşa etdirsələr də, daimi suyun olmaması səbəbindən onlar işə yaramır.

Buzovnanın ikinci ən böyük problemi qəsəbənin bir hissəsində kanalizasiya sisteminin olmamasıdır. Sakinlər bu səbəbdən də problemi həyətlərində quyular qazmaqla həll edirlər.

Xalq qəhrəmanının mülkündə kommunist sarayı, pulsuz xeyir-şər evi

Qəsəbənin abadlaşdırılmış mərkəzi hissələrindən fərqli olaraq, gözdən, könüldən uzaq olan bəzi yerləri, o cümlədən Ruhulla Axundov, Qədəmgah, Hüseynqulu Sarabski, 8 Mart, habelə digər küçələri uzun müddətdir asfalt üzünə həsrətdir. Bu isə öz növbəsində həm nəqliyyatın hərəkətini, həm də sakinlərin gediş-gəlişini çətinləşdirir. Sakinlər bildirirlər ki, qarlı-yağışlı payız-qış aylarında palçığın dizə çıxdığı, gölməçələrin yarandığı həmin yerlərdə yayda toz-torpaq üzündən hərəkət etmək mümkün olmur. Buzovnalıların əsas qazanc yerləri qəsəbədəki mağazalardan gələn gəlirlərlə dolanmaqdır. Lakin təbii ki, hamının ticarətlə məşğul olması müşkül məsələdir. Sakinlərin bir qismi də yay aylarında - çimərlik mövsümü üçün əlverişli şəraitin olduğu vaxtlarda bağ evlərini dəniz sahilinə üz tutanlara kirayə verərək, bundan əldə etdikləri qazancla dolanırlar. Qəsəbə əvvəllər 16 il qaz üzünə həsrət qalıb. Bu səbəbdən də sakinlər bir neçə il elektrik enerjisindən və odundan istifadə etmək məcburiyyətində qalıblar. Mənzillərin istiliklə təchizatı bir neçə il bundan əvvəl reallaşıb. İndi bütün evlər daimi qazla təmin edilib. Elektrik enerjisi isə fasiləsizdir.

Buzovnada olarkən bir maraqlı məqam diqqətimizi çəkdi. Sən demə, sovet dövründə SSRİ-nin əsas simvollarından olmuş beşguşəli ulduzu fərdi evlərin qapılarına vurmaq burada dəbdə imiş. Bəziləri bunun üçün qapı düzəldən dəmirçilərə xüsusi sifariş də veriblər. Qəsəbədəki köhnə evlərin bir çoxunun qapılarında indi də beşguşəli ulduz qalmaqdadır. Burada habelə ötən əsrin əvvəllərində mövcud olmuş həyət evlərinin taxtadan düzəldilmiş qapıları indi də qalmaqdadır.

Qəsəbənin səhiyyə ocaqlarının binaları əsaslı şəkildə təmir edilib. Lakin 7 saylı Ağciyər Xəstəlikləri Dispanserinin yerləşdiyi ərazi baxımsız vəziyyətdədir. Son illər burada fəaliyyət göstərən bir sıra orta məktəb binaları əsaslı şəkildə yenidən qurulub. Şübhəsiz ki, bütün bunlar Buzovnada təhsilin inkişafına öz təsirini göstərir.

Buzovnada fəaliyyət göstərən Qərib Məscidi bir sıra xüsusiyyətləri ilə seçilir. Məsələ burasındadır ki, bu məscidin xeyir-şər zalında sakinlərin hüzr mərasimləri üçün hər cür şərait yaradılıb. Üstəlik, buradan istifadə buzovnalılara pulsuzdur. Yas mərasimlərinə görə sakinlərdən heç nə tələb olunmur. İslam dünyasında Məhəmməd Peyğəmbərdən sonra ikinci şəxs sayılan Həzrəti Əlinin adını daşıyan “Həzrət Əli Qədəmgahı"nı hər gün təkcə paytaxtdan deyil, hətta respublikamızın ayrı-ayrı yerlərindən ziyarət etməyə gəlirlər. Qəsəbənin digər qədim məscidinin inşası 1860-1870-ci illərə aiddir. İndi həmin məsciddə təmir-bərpa işləri görülür. Nazranlı məhəlləsində mövcud olmuş digər ərazidəki məsciddə isə təmir-bərpa işləri aparılır və o, yaxın vaxtlarda dindarların istifadəsinə veriləcək.

Buzovnada məşhur xeyriyyəçi Hacı İskəndər bəy tərəfindən inşa edilmiş binada indi 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi fəaliyyət göstərir. Hacı İskəndər bəy bir zamanlar Buzovna kəndinin xeyriyyəçi insanlarından biri, həm də qəhrəmanı olub. Bu, həmin Hacı İskəndər bəydir ki, öz evini 1918-ci ildə Azərbaycana köməyə gəlmiş Nuru Paşa ilə Ənvər Paşaya qonaq evi kimi verib. O, 1918-ci ildə erməni daşnaklarına qarşı mübarizə aparmış mücahid kimi tarixə düşüb. Lakin qəribədir ki, Hacı İskəndər bəyin mülkü onun xatirəsinə deyil, 1919-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının I katibi, sovet dövlət və partiya xadimi, publisist Ruhulla Axundovun adına əbədiləşdirilib. Xeyriyyəçi bəyin mülkü olmuş bina Ruhulla Axundovun adına Mədəniyyət Sarayı kimi fəaliyyət göstərir. Yeri gəlmişkən, Buzovnanın ən böyük küçələrindən biri məhz bu kommunistin adını daşıyır. Qəsəbədə 1941-1945-ci il Böyük Vətən Müharibəsində iştirak etmiş veteranların, həlak olmuş şəxslərin xatirəsinə abidə qoyulub. Lakin Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdiyi abidəyə rast gəlmədik. Yeri gəlmişkən, bir vaxtlar burada Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə obyektiv səbəblər üzündən sökülsə də, sonradan başqa ərazidə inşa olunmadı.

Qeyd edək ki, istedadlı rejissorumuz Tofiq Tağızadənin bir zamanlar lentə aldığı məşhur “Yeddi oğul istərəm” filminin bir sıra epizodları Buzovna qəsəbəsində çəkilib. Şəhriyar Salaminin sözlərinə görə, filmin qəhrəmanlarından olan Mirpaşanın (aktyor-rəssam Elçin Məmmədovun) həyətinə it bağladığı məscid məhz Buzovnanın XVIII əsr mədəniyyət abidəsi kimi qorunan “Şeyx Qəni Məscidi”dir. “Yeddi oğul istərəm”dəki bəzi atışma səhnələri qəsəbənin məşhur Nazranlı məhəlləsində çəkilib. Yeri gəlmişkən, filmdə atılan güllələrin izləri (Aktyor Əbdül Mahmudov filmdə öldürücü güllələrdən də istifadə olunduğunu bildirir - müəl.) Buzovnanın bəzi qədim küçələrinin divarlarında indi də qalmaqdadır.

Sevindiricidir ki, qəsəbənin 8 Mart küçəsində bir zamanlar baxımsız qalmış qədim məscid indi təmir edilir. Bir sözlə, Buzovna özünəməxsus inkişaf dövrünü yaşayır. Qəsəbənin bəzi yerlərində bir sıra problemlər mövcud olduğu halda, onun mərkəzi hissəsini Avropanın modern yaşayış məskənləri ilə müqayisə etmək olar. Yalnız mərkəzi hissəsini...

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm