Tələbələrin təqaüd dərdi
Bizi izləyin

Qırmızı.az

Tələbələrin təqaüd dərdi

“50 manat təqaüd alıram, bu da yalnız kiçik ehtiyaclarımı qarşılayır. Sumqayıtda yaşadığıma görə, ailəmlə qalıram. Təqaüdü əsasən, yolda xərcləyirəm, arada yemək ala bilərəm. Amma kirayədə qalan dostlarım var ki, onların vəziyyəti daha çətin olur.

Təqaüd çox olmadığına görə də, əlaçılığa maraq da azdır. Həm də imtahanların çətin keçməsi də təsir edir. Qrupumuzda 26 nəfər var, amma heç biri əlaçı olmayıb”.

Bu sözləri Azərbaycan Dövlət Pedoqoji Universitetinin II kurs tələbəsi Novruz Baxşəliyev deyir.

Onunla eyni ali məktəbdə oxuyan Bərdə rayonundan olan Baxış Məmmədov da 50 manat təqaüd alır. Lakin o kirayə qaldığından xərcləri daha çox olur. Ayda 150 manat kirayə pulu verən Baxış, təqaüdünü bəzən kirayə puluna əlavə etdiyini, bəzi aylar isə yeməyə xərclədiyini deyir:

“Təqaüdüm bir neçə günə bitir. 50 manat kirayə pulumun üçdə biri qədərdir. Bura yemək, yol xərcləri də daxildir. Bunlardan kitab dəftər almağa pul qalmır”.

Deməli, təqaüd tələbənin ancaq gündəlik çay, yemək, ən yaxşı halda isə kirayə pulunu ödəyir. Kitab, dəftər və təhsillə bağlı digər xərcləri üçün pul qalmır. Demək olmaz ki, bütün xarici ölkələrdə tələbə təqaüdlərin ölkəmizdəkindən dəfələrlə çoxdur. Məsələn, Rusiyada bu 40 dollar, Ukraynada ondan iki dəfə çoxdur. Bu ölkələrin əsas fərqi tələbələrin yataqxana ilə təmin edilməsidir. Azərbaycanlı tələbələr isə təqaüdlərini daha çox kirayə xərclərini tamamlamaq üçün xərcləyir. Həmin puldan kitab almaq üçün ayırmaq mümkün olmur.

Tələbələrin təqaüdləri ildən-ilə artır. Hazırda ölkənin ali və orta ixtisas məktəblərində tələbə təqaüdləri belədir:

Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 220 manat
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 120 manat


1.2. Ali təhsil müəssisələrində:

adlı təqaüd alan tələbələrə – 120 manat

magistr pilləsi üzrə:

əla qiymətlərlə oxuyan tələbələrə – 105 manat

əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 85 manat

yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 55 manat

bakalavr pilləsi üzrə:

əla qiymətlərlə oxuyan tələbələrə – 95 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 80 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 50 manat

1.3. Orta ixtisas təhsili müəssisələrində:

əla qiymətlərlə oxuyan tələbələrə – 50 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 40 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 35 manat


1.4. İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə – 35 manat

Bu təqaüdlərin artım olan variantıdır. Amma bu da nə istehsak səbəti, nə tələbənin kitablarının qiymətinə uyğun gəlmir. Yəni təqaüdlər nə qədər artsa da, nəticə dəyişmir.

Azərbaycan Dövlət Neft Akademiyasının tərbiyəvi işlər üzrə prorektoru Qasım Məmmədovun sözlərinə görə, hazırkı durumda tələbə təqaüdləri onların sadə ehtiyaclarını qarşılayacaq səviyyədə deyil:

“Təqaüd ən azından tələbənin tədrisini normal davam etdirməsi, dəftər, kitab almasına kömək etməlidir. Tələbələr arasında olduğumuzdan bu məbləğdən şikayətlənənlərlə qarşılaşırıq. Əlbəttə, dövlətin imkanı olduqca, bu məbləği artırır”.

Universitetin daxili imkanları hesabına bu işi təşkil etməsinə gəldikdə isə, prorektor buna imkan olmadığını dedi:

“Bu məbləğ yalnız dövlət tərəfindən ayrıla bilər. Universitetin daxili ehtiyatı yoxdur ki, tələbələrin təqaüdünü artıra bilsin”.

Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, təqaüd tələbənin müəyyən qədər yaşayışı və tədrisdə ehtiyacı olan vəsaiti alması üçün nəzərdə tutulub:

“Hazırda təqaüdlər isə çox aşağıdır. Ali məktəblərin 90%-də yataqxana yoxdur. Hətta ən böyük ali təhsil müəssisəsi hesab olunan Bakı Dövlət Universitetində də bu imkan yaradılmayıb. Tələbələr daha çox kirayədə yaşayır. Kirayə qiymətləri isə o qədər yüksəkdir ki, təqaüdlər bu ehtiyacı ödəyə bilmir. Hazırda tələbələrin təqaüdü ilə onların yaşaması çətin olur. Demək olar ki, vacib ehtiyacları belə qarşılaya bilmir. Xüsusən də, rayonlardan gələn tələbələr daha çox əziyyət çəkir. Onlar çıxış yolunu işləməkdə görür. Işləyən tələbənin isə elmə nə vaxtı, nə də marağı olur”.

Ekspertin sözlərinə görə, artım yalnız dövlət hesabına olmamalıdır:

“Dünyanın tanınmış universitetləri var ki, onların büdcələri təxminən Azərbaycanın büdcəsinə bərabərdir. Onlar müxtəlif proqramlardan vəsait götürürlər və həmin vəsaitdən tələbələrə yüksək məbləğdə kredit verə bilirlər. Ancaq bizdə bu məsələ ümumiyyətlə gündəmdə deyil. Üstəlik, bizim ali məktəblərin büdcəsi dövlət və tələbələrin ödədiyi vəsait hesabına formalaşır. Bu da tələbələrə əlavə yardım edilməsinə imkan vermir. Universitetlətin vəsait qazanma imkanı məhduddur. Azərbaycan Tibb Universitetinin müxtəlif klinikaları var ki, onlar ödənişli xidmət göstərirlər. Amma o vəsaitin tələbələrin təqaüdlərinə nə qədər təsir etdiyini bilmirik. Bütün hallarda universitet tələbələri üçün maddi kömək və təhsil keyfiyyətinin yaxşılaşdırmasına qədər çox işlər görə bilərlər. Lakin təəssüf ki, bu dəstəyi görmürük. Ali məktəblər təqaüdün artırılması istiqamətində heç bir iş görmürlər.

Universitetlərdə tələbələrin qidalanması üçün gözəştlər olmur. Amma ali məktəblərin bu imkanları da məhduddur, ona görə tələbələr də müəyyən sıxıntılar keçirirlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm