İŞİD-çilərin məhkəməsində şahidlər danışdı
Bizi izləyin

Qırmızı.az

İŞİD-çilərin məhkəməsində şahidlər danışdı

Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən dəstə üzvləri – Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Namiq Məmmədov, Tariyel Mustafayev və Ruslan Mustafayevin məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elmir Vəliyev ifadə verib. O, bildirib ki, təqsirləndirilən Namiq Məmmədov onun bibisi oğludur. Onun sözlərinə görə, əhli-sünnə təriqəti üzrə ibadət edib. O, istintaqa hansı ifadə verməsindən xəbəri olmadığını deyib.

Daha sonra prokurorun suallarını cavablandıran Elmir Vəliyev bildirib ki, Namiq Məmmədovun dini təriqətə qulluq etməsindən xəbəri olmayıb: “Onun Suriyaya getməsini də bilməmişəm. Namiqin Türkiyəyə getməsini eşitmişəm. Həbs olunandan sonra xəbər tutmuşam ki, Namiq Suriyada olub. O, mənim də Suriyaya getməyimi təklif etməyib”.

Prokuror bildirib ki, şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədə səsləndirdiyi ifadə arasında kəskin ziddiyyət var. Prokuror onun ifadəsinin elan edilməsini istəyib.

Hakim Elmir Vəliyevin istintaqa verdiyi ifadəsini açıqlayıb. O, istintaqa verdiyi ifadəsində göstərib ki, Namiq Məmmədov onun bibisi oğludur: “Namiqin dini ləqəbi “Abu Hüseyn” olub. “Abu Hüseyn” Qaraçuxur, Ləzgi, İlahiyyət məscidlərində ibadət edib. Namiq Məmmədov Suriyada cihad edən qardaşlara qoşularaq Bəşər Əsədə qarşı vuruşmaq niyyəti olub. Bununla bağlı mənim də getməyimi təklif edib, amma mən onunla razılaşmamışam. Bundan sonra Namiq özü Suriyaya gedib. Onun Suriyada hansı qruplaşmada vuruşmasından, kimlər tərəfindən aparılamsından xəbərim olmayıb”.

Elmir Vəliyev istintaqa verdiyi ifadəsini təsdiqləməyib. O, bildirib ki, həmin ifadələri oxumadan imzalayıb. Namiq Məmmədovun vəkili Müzəffər Baxışov bildirib ki, şahidin ibtidai istintaqa verdiyi ifadəsi qüsurludur: “Onun ifadəsini oxuyanda başa düşmək olur ki, özü yazmayıb. Ekspertiza təyin olunsa, həmin ifadənin şahid tərəfindən verilmədiyi üzə çıxar. Bu məsələni müşavirə otağında nəzərə alınmasını xahiş edirəm”.

Daha sonra təqsirləndirilən şəxslərin evində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı hal şahidi olmuş Kamil Cəmilov və Namizəd Səfərəliyev ifadə veriblər. O, ifadəsində həmin gün 5 evdə olduğunu, yalnız adını və soyadını bilmədiyi birinin evindən güllə çıxdığını bildirib. “ Həmin gün mənə Rəşad adlı şəxs zəng edib, hal şahidi kimi əməliyyatçıların yanında mənzillərə gedəcəyimi bildirdi. Mən də razılaşdım, onlarla birlikdə 5-6 mənzildə olduq”.

Prokurorun suallarını cavablandıran Kamil Cəmilov yazıb-oxumağı bilmədiyini deyib. O, bundan da qabaqkı əməliyyatlarda hal şahidi kimi iştirak etdiyini məhkəmədə bildirib. “Yadımda qalmayıb, qoca kişiyəm. Evdən nə çıxıbsa, ona qol çəkmişəm”.

Digər hal şahidi olan Namizəd Səfəriliyev də, yalnız evlərin birindən güllə çıxdığını bildirib. “Mən dövlətimin yanındayam. O güllələr insan sağlamlığı üçün ziyandır. Mən olan şeyi görüb, sonra protokala qol çəkmişəm”.

Məhkəmə iclası aprelin 20-də davam etdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm