• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Arvadımın bir kişi ilə “Whatsapp”da yazışdığını öyrəndim”

“Arvadımın bir kişi ilə “Whatsapp”da yazışdığını öyrəndim”

Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Rabil Abbasov qısqanclıq zəminində həyat yoldaşı Səadət Bağırovanı bıçaqlayaraq öldürüb.

Publika.az xəbər verir ki, hadisə 2014-cü il oktyabrın 5-də qeydə alınıb.

Həmin gün, axşam saat 21:00 radələrində Rabil Abbasov Nəsimi rayonu, R.Axundov küçəsindəki 10 saylı evin 6 nömrəli mənzilində ailə münaqişəsi zəminində arvadı Səadət Bağırovaya bıçaqla vuraraq, onu qətlə yetirib.

Müəyyən edilib ki, Rabil Abbasov Səadət Bağırovanın özünün istifadəsində olan telefondan naməlum şəxsin telefonuna SMS göndərməsini və həmin nömrəli telefondan mesaj qəbul etməsini öyrənib. Kiminlə yazışmasını araşdırdıqda həyat yoldaşı həmin adamın adının Tamerlan olduğundan və arvadının onunla görüşdüyündən xəbərdar olub. Arvadının başqa kişi ilə əlaqəsi olduğuna görə özünü alçaldılmış hesab edən Rabil hiddətlənərək, qısqanclıq zəminində Səadəti əvvəl yumruqla vurub, sonra isə mətbəx bıçağı ilə qadının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 18 zərbə endirib, onu qəsdən öldürüb.

"Aramızda mehriban münasibət olub"

Rabil Abbasov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbuhi Hüseynovun icraatında araşdırılıb.

Rabil Abbasov elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib. O qeyd edib ki, Səadət Bağırova ilə 2012-ci ildə "Memar Əcəmi" metrostansiyası yaxınlığında tanış olub: "Bir neçə gün sonra onunla ailə qurmuşam və Bakı şəhəri, Nəsimi rayonu, Axundov küçəsi, ev 10, mənzil 6-da Səadət Bağırova ilə yaşamışıq. Onun birinci nikahdan olan oğlu Aqil və Səadətlə birgə nikahımızdan olan 2013-cü il təvəllüdlü Qadir ilə yaşamışıq. Aramızda mehriban və səmimi münasibətlər olub".

"Geri qayıdanda Səadəti poliklinikada görmədim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 14 və ya 15 sentyabr 2014-cü il tarixdə Səadət ona həkim-ginekoloqun müayinəsindən keçmək üçün 20 saylı poliklinikaya getməli olduğunu deyib: "Poliklinikaya birlikdə getməyi təklif etdim. Səadət əvvəl etiraz etdi. Amma sonradan razılaşdı. Ona görə Səadət və Aqillə birlikdə poliklinikaya getdik. Orada olduğumuz zaman Səadət həkim tərəfindən verilmiş dərman reseptini mənə uzatdı və dərman almağı təklif etdi. Mən də dərmanları almaq üçün aptekə getdim. Geri qayıdanda Səadəti poliklinikada görmədim".

"İncitdiyim üçün evdən getdiyini bildirdi"

Rabil Abbasov qeyd edib ki, Səadətin istifadəsində olan telefona zəng edib, amma telefon sönülü olduğundan onunla əlaqə saxlaya bilməyib: "Səadəti müayinə etmiş Arzu adlı həkimdən soruşdum. Arzu resepti verdikdən sonra Səadətin getdiyini bildirdi. Xeyli vaxt Səadəti axtarsam da, onu tapa bilmədiyim üçün evə qayıtdım. Qayınanam Gülşənlə əlaqə saxlayaraq, ondan qızının harada olduğunu soruşdum. Gülşən bu barədə məlumatsız olduğunu dedi. Təxminən 4-5 gün keçdikdən sonra Səadət qayıtdı. O, qohumlarına guya incitdiyim üçün evdən getdiyini bildirdi. Belə bir hal baş verməsə də, ailəmin dağılmaması üçün Səadətin bu hərəkətini bağışladım, onu qəbul etdim".

"Səadətin telefonla kiməsə SMS göndərdiyini gördüm"

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt Səadətin icazəsi ilə istifadəsində olan nömrəsini sındırıb və ona yeni telefon nömrəsi alıb:

"Oktyabrın 5-də, saat 16:00 radələrində evə gəldim. Yorğun olduğumdan divanda uzanaraq yatdım. Saat 21 radələrində yuxudan oyandım və ayağa qalxdıqda Səadətin telefonla kiməsə SMS göndərdiyini gördüm. O, yuxudan oyandığımı görən kimi cəld telefonu əyləşdiyi yatağın üstündə olan yorğanın altında gizlətdi. Səadətin bu hərəkətini büruzə vermədim. Ondan çay gətirməsini xahiş etdim. Səadət otaqdan çıxdıqda telefonuna nəzər yetirdim. Arvadımın bir kişi ilə "Whatsapp"da yazışdığını müəyyən etdim".

"Səadət Tamerlanla cinsi əlaqədə olduğunu dedi"

Onun bildirdiyinə görə, Səadət geri qayıtdıqda telefonun onun əlində olduğunu görüb: "Səadət artıq hər şeyi başa düşdüyümü bildi və məndən üzr istədi, onu bağışlamağımı xahiş etdi. Uşaqları mübahisəmizdən qorxmasınlar deyə Simuzər adlı qonşunun evinə apardım. Ondan uşaqlara nəzarət etməsini xahiş etdim. Evə qayıdaraq arvadımdan kiminlə yazışdığını soruşdum. Səadət Tamerlan adlı həmyerlisi ilə SMS-lə yazışdığını, uzun müddət həmin şəxslə münasibət saxlayaraq cinsi əlaqədə olduğunu dedi".

"Səadəti mənə xəyanət etdiyinə görə öldürdüyümü dedim"

Rabil Abbasov qeyd edib ki, Səadət 2014-cü ilin sentyabr ayında poliklinikadan qaçaraq Tamerlanın yaşadığı "Neftçilər" metrostansiyası yaxınlığındakı evində bir neçə gün qaldığını bildirib: "Səadətin bu sözlərindən və telefonda olan SMS-ləri oxuduqdan sonra əsəbiləşdim. Mətbəxə keçərək, bıçaq götürdüm. Bundan sonra Səadətə yaxınlaşaraq onun bədəninin müxtəlif nahiyələrindən çox sayda bıçaq zərbələri endirdim. Səadət yerə yıxıldıqdan sonra da ona dəqiq xatırlamadığım sayda bıçaq zərbələri vurdum. Səadətin hərəkətsiz vəziyyətdə olduğunu görəndə bıçağı mətbəxdəki masanın üzərinə qoydum. Əlimin qanını yuyandan sonra Səadətin anası Gülşənə zəng vurdum və onu mənə xəyanət etdiyinə görə öldürdüyümü dedim. Aramızda yaranmış mübahisə və Səadəti bıçaqla vuraraq qətlə yetirən zaman evdə kənar şəxs olmayıb. Hadisəni törətdikdən sonra Səadətin telefonunu da götürərək evdən çıxdım, "28 may" metrostansiyası istiqamətində piyada getdim. Yolda Səadətin telefonundan Tamerlanın nömrəsinə zəng edərək harada olduğunu soruşdum. Tamerlan uzaqda olduğunu bildirdi, Tamerlana Səadəti öldürdüyümü dedim. Bu zaman Tamerlan telefonu söndürdü. Baş vermiş hadisənin təsirindən çıxmaq üçün səhərə kimi küçədə gəzdim. Səhər polis əməkdaşları tərəfindən bölməyə gətirildim".

"Ailə münaqişəsi olduğu üçün onların işinə müdaxilə etməmişəm"

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş atası Əlikram Bağırov bildirib: "Səadət ilk olaraq 2010-cu ildə Adil adlı şəxslə ailə həyatı qurub və bu nikahlarından Aqil adlı oğlan uşaqları dünyaya gəlib. Səadətlə Adil yola getmədikləri üçün 2012-ci ildə nikahları rəsmi olaraq ləğv olunub. Həmin il Səadət Rabil ilə tanış olub və onunla rəsmi nikaha daxil olaraq evləniblər. Birgə nikahlarından 2013-cü ildə Qadir adlı uşaqları dünyaya gəlib. Əvvəllər Səadətlə Rabil arasında mehriban, səmimi münasibətlər olsa da, maddi cəhətdən çətinlik çəkdikləri üçün son zamanlar mütəmadi olaraq aralarında narazılıqlar və mübahisələrin olduğunu eşitmişəm. Rabil və onun qohumları ilə mehriban münasibətlərimiz olub, həmçinin Rabilin qohumları Səadətə qarşı çox mehriban münasibət bəsləyiblər. Baş vermiş hadisədən təxminən 20 gün əvvəl Səadət evdən gedib və məlum olmayan ünvanda qalaraq, 4 gündən sonra evə qayıdib. Səadətdən eşitdim ki, evdən getməsinə səbəb Rabil ilə aralarındakı mübahisə olub. Ailə münaqişəsi olduğu üçün onların işinə müdaxilə etməmişəm".

"Səadətlə bir müddət telefonla əlaqə saxlamışam"

Adı cinayətdə hallanan Tamerlan Mustafayev iş üzrə şahid qismində ifadə verib. O bildirib ki, 1992-ci ildə Göyçay şəhərində anadan olub, orta məktəbi Göyçay şəhərində bitirib: "2008-ci ildə ailəm ilə birlikdə Bakı şəhərinə gəlmişəm. Bakı şəhərində yaşadığım müddət ərzində fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla müxtəlif şirkətlərdə fəhlə işləmişəm. Bakı şəhərinə gəldikdən sonra telefon vasitəsi ilə Səadət Bağırova ilə tanış olmuşam. Bir müddət telefonla əlaqə saxladıqdan sonra bilmişəm ki, Səadət Bağırova həmyerlimdir".

"Bir ay Səadətlə münasibət saxlamışam"

Tamerlan Mustafayevin sözlərinə görə, 2008-ci ildə babası vəfat edəndə Göyçay şəhərinə gedib və orada Səadəti uzaqdan görərək onu tanıyıb:

"Anladım ki, Səadətlə bir məktəbdə təhsil almışam. Bir müddət keçdikdən sonra Səadət zəng vuraraq ərə getdiyini bildirib. Təxminən 2 il keçdikdən sonra Səadət Bağırova zəng vuraraq ərindən boşandığını bildirdi. Səadət məni Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən, artıq ünvanı unutduğum evə cağırdı. Səadətlə görüşmək istəmədiyimi bildirsəm də, o, israrla görüşmək istədi. Dediyi evə getdim.Təxminən bir ay Səadətlə münasibət saxlamışam. Tez-tez onun yaşadığı evə gedib-gəlmişəm. Bir dəfə həmin evə gedərkən Səadəti evdə tanımadığım başqa oğlanla gördüm və ondan sonra ayrıldım".

"Səadət məndən əl çəkmədi"

O qeyd edib ki, 2012-ci ilin may ayında işləmək məqsədi ilə Rusiya Federasiyasının Moskva şəhərinə gedib və 7 ay orada işlədikdən sonra Bakı şəhərinə qayıdıb: "2013-cü ildə isə işləmək üçün Ukrayna Respublikasının Xarkov şəhərinə getdim və 4 ay Xarkov şəhərində işlədikdən sonra, həmin ilin sonunda Bakı şəhərinə gəldim. 2014-cü ilin iyul ayında Səadət gizli nömrədən mən zəng etdi. Söhbət zamanı Səadət ərindən boşandığını və başqa oğlanla yaşadığını bildirdi. Bundan sonra Səadət telefonla zəng edib, mənimlə əlaqə saxlayıb. 2014-cü ilin sentyabr ayının sonunda Səadət zəng edərək Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "Qara Qarayev" metrostansiyasının yaxınlığında yerləşən evə dəvət etdi. Həmin evə gedərək Səadətdən məndən əl çəkməsini və bir daha məni narahat etməməsini xahiş etdim. Lakin Səadətə yazığım gəldiyindən onu həmin evdə tək qoymadım və ona maddi cəhətdən köməklik etdim. Təxminən 4 gün orada qaldıqdan sonra Səadət anasının yanına gedəcəyini bildirdi. Səadət getdikdən sonra tez-tez gizli nömrədən zəng gəlirdi. Bir az vaxt keçdikdən sonra istifadəmdə olan telefona "mənəm Səadət" sözləri yazılmış SMS gəldi. Yenə Səadətə məni narahat etməməsini dedim. Onu nalayiq söyüşlərlə söydüm. Ancaq Səadət məndən əl çəkmədi".

O qeyd edib ki, 5 oktyabr 2014-cü il tarixdə, saat 24 radələrində istifadəsində olan telefondan zəng gəlib: Telefona cavab verdikdə, zəng edən şəxs özünü Səadətin əri kimi təqdim etdi. O, mənimlə görüşmək istədiyini dedi. Lakin həmin şəxslə danışmadım və telefonu söndürdüm. Səhəri gün televiziya vasitəsi ilə bildim ki, Səadəti əri bıçaqla vuraraq öldürüb. Abbasov Rabilin Səadətin əri olmasını bilməmişəm və onu tanımamışam".

Məhkəmənin hökmü ilə Rabil Abbasov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR