Azərbaycanlı İŞİD-çi: “Əl Qaidə” tərəfindən əsir götürüldüm”
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı İŞİD-çi: “Əl Qaidə” tərəfindən əsir götürüldüm”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə təqsirli bilinən Hüseyn Məmmədov və Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilməyib.

Hüseyn Məmmədov bildirib ki, Suriyada cəmi 2 gün qalıb: “Mən ora tədris almaq üçün getmişdim. Özü də mənim olduğum ərazidə heç bir silahlı insident yaşanmayıb. Həmin ərazi Türkiyənin nəzarəti altında idi. Orada qaldığım müddətdə islama aid heç nə görmədim. Ümumiyyətlə, oradakıların dinə heç bir aidiyyəti yoxdur. Mən Azərbaycan Respublikasının Silahlı qüvvələrində xidmət etmişəm. Döyüşməyə qalsaydı, elə gedib Qarabağda döyüşərdim. Yenə deyirəm mən yalnız və yalnız tədris, elm üçün Suriyaya getmişəm. İbtidai istintaqa verdiyim ifadələrimi qəbul etməmişəm. Təsir altında olmuşam”.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədə səsləndirdiyi ifadə arasında ziddiyyətlər olub. Buna görə də Hüseyn Məmmədovun istintaqa verdiyi ifadəsi açıqlanıb. O, istintaqa verdiyi ifadəsində göstərib ki, 2004-cü ildən İslam dininə ibadət edib, əhli-sünnə təriqətində olub: “2013-cü ilin yay aylarında isə Türkiyənin Qaziantep şəhərində yaşayan Abu Yamin adlı şəxslə skayp vasitəsilə tanış oldum. Həmin şəxsdən Türkiyədən Suriyaya cihad etmək üçün keçmənin mümkün olub-olmadığını soruşdum. Abu Yamin də bunun mümkün olduğunu dedi. Suriyaya gedib cihada qoşulmaq istədim. 2013-cü ilin avqust ayında Yevlax bazarında meyvə-tərəvəz satarkən həmyerlim Bilalı gördüm. Bilal yaxın günlərdə Türkiyəyə işləməyə gedəcəyini dedi. Ona birlikdə getməyi təklif etdim. Bilal Türkiyəyə nə məqsədlə getməyimi bilmirdi. İstanbula çatanda ayrılıdıq. Bilalın hara getdiyini bilmədim. Mən özüm Qaziantep şəhərinə gəlib Abu Yaminlə görüşdüm, orada qaldım. Sonra onun vasitəsilə qaçaq yolla keçərək “Cəbhətul əl-Nüsra” təşkilatının tərkibinə daxil olan Erol adlı türk vətəndaşının rəhbərlik etdiyi “Cundullah Şam Dəvəti İbrahim” adlı silahlı dəstəyə qoşuldum. Həmin dəstənin tərkibində dini və hərbi təlimlərdə iştirak etdim. Amma təlimlərlə kifayətlənib məni döyüşə buraxmadılar. 2014-cü ilin mart ayının əvvəllərində əslən Yevlaxdan olan Nicat Abbasovun da Suriyada “Cəbhətul əl-Nüsra” tərkibində olduğunu eşitmişdim. Bir müddət sonra, təxminən 2014-cü ilin aprel ayında dövlətə qarşı vuruşan müxtəlif silahlı qruplaşmalar arasında - İŞİD, “əl-Qaidə”, “Cəbhətul əl-Nüsra” toqquşmalar baş verdi. Buna görə də orada vəziyyət qarışdı. “əl-Qaidə” terror qruplaşmalarının üzvləri məni və digər mühacirləri tərksilah edib əsir götürdülər. “Əl-Qaidə”yə biət etməyi, ya da ki, Suriyanı tərk etməyi tələb etdilər. Beş-altı gün əsir saxlanılandan sonra Suriyadan Türkiyəyə qovdular. Qaziantepə qayıdanda Nicat Abbasovla rastlaşdım. Birlikdə Azərbaycana qayıtdıq. Azərbaycan-Gürcüstan sərhəddində MTN əməkdaşları tərəfindən yaxalandıq”.

Təqsirləndirilənlərdən Nicat Abbasov isə ifadə verməkdən imtina edib. O, susaraq prokurorun və hakimlərin suallarını cavabsız qoyub. Bu səbəbdən onun da ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. Nicat Abbasov ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, Abu İshaq adlı türk vətəndaşı ilə skayp vasitəsilə tanış oldub. Onun sözlərinə görə, həmin vaxtlar Suriyada baş verən hadisələri görərək həmin cihadlarda iştirak etmək qərarına gəlib: “2014-cü ilin yanvar ayında Balakən rayonundan keçib Türkiyəyə getdim, Abu İshaqla görüşdüm, cihad etmək üçün Suriyaya getməkdə yardımçı olmasını xahiş etdim. 10 gün orada qaldım. Onun vasitəsilə Suriyaya getdim. Sərhəd açıq olduğundan heç kim sənəd istəmədi. Sarma şəhərində məskunlaşdım və “Cəbhatul əl-Nüsra” qruplaşmasının tərkibinə daxil oldum. Hərbi təlimlərdə iştirak etsəm də məni döyüşə buraxmadılar. Bunu ərəb dilini zəif bilməyimlə əlaqələndirdilər. “Əl-Qaidə” tərəfindən əsir götürüldüm, on gün əsir saxlanılandan sonra bizi Türkiyəyə qovdular”.

Məhkəmədə şahid qismində iştirak edən Bilal Əliyev mühakimə olunanlardan yalnız Hüseyn Məmmədovu tanıdığını deyib. “Biz Hüseynlə Türkiyəyə gedərkən yol yoldaşı olmuşuq. Onun Suriyaya getməyindən heç bir xəbərim olmayıb. Yolda dinlə bağlı heç nə danışmadıq. O, musiqi dinləyirdi. İbtidai istintaqa verdiyim ifadəni təsdiqləyirəm”.

Məhkəmə prosesi aprelin 16-da davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm