• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakının “ölüm ağacları” – Küləkli havada ehtiyatlı olun

Bakının “ölüm ağacları” – Küləkli havada ehtiyatlı olun

“Həyətimizdəki qovaq ağacları həyatımız üçün əsl təhlükədir. Hər dəfə havanın küləkli olacağı barədə xəbər eşidəndə bizim də ürəyimiz əsir. Ağacların kiminsə başına, ya da maşınının üstünə düşməməsi üçün dua edirik. Ağaclar 20 ildən çoxdur əkilib, kökləri çox üzdədir. Dəfələrlə JEK-ə, Yaşıllaşdırma İdarəsinə zəng etmişik, gəlib baxan yoxdur. Özümüzə də kəsməyə imkan vermirlər”.

Bunu saytımıza müraciət edən 8-ci kilometr ərazisində yaşayan sakinlər deyir. Onlar illər əvvəl bina tikilərkən həyətdə əkilmiş qovaq ağaclarının həyatlarını hər an təhlükə qarşısında qoymasından narahatdırlar. Sakinlər bildirir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara olan müraciətləri cavabsız qalıb.

Bu yalnız 8-ci kilometr sakinlərinin problemi deyil. Paytaxtın əksər ərazilərinin sakinləri bu problemlə yaşamağa məhkumdur.

Ağac aşıb, kimsə xəsarət alandan sonra aidiyyəti qurumlar hərəkətə keçir. Ağac kəsilir, vətəndaşa dəymiş ziyana görə məsuliyyət daşıyan tapılmır.

Son günlər ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti ağacların aşması, budaqlarının qırılması ehtimalını artırır.

Ağacların aşmasının yeganə səbəbi külək deyil. Müşahidələr göstərir ki, qurumuş, ömrünü başa vurmuş ağaclar daha çox aşır, budaqları qırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət ekspertiza idarəsinin baş məsləhətçisi Əhməd Hətəmov Publika.az-a açıqlamasında bildirib ki, Bakıda qovaq ağacının bir neçə növü var. Həmin ağaclar nəinki Bakı, ümumiyyətlə, şəhər yaşıllığı üçün nəzərdə tutulan ağaclar deyil.

“Heç bir təşkilat sistematik yaşıllaşdırmada bu ağaclardan istifadə etmir. Bu ağaclar əsasən aidiyyəti təşkilatlarla məsləhətləşmədən əkilir, qısa zamanda böyüyür, amma onların mil kökü yoxdur. Onlar 15-20 ildən sonra 12 metrdən yüksəyə qalxır və bu zaman təhlükə mənbəyinə çevrilir. Bir neçə dəfə onların aşması ölümə səbəb olub, 2011-ci ildə Nizami rayonu Naxcıvanski küçəsində qovaq ağacının aşması nəticəsində bir nəfər öldü. Həmin hadisədən sonra idarə Bakı ərazisində bütün qovaq ağaclarına şamil edilən 642 saylı rəy verdi. Bu rəyə əsasən, kök üstdə qurumuş, yaşı ötmüş, aşması labüd olan, insan həyatına təhlükə yaradan, gövdəsi əyilib aşma həddinə çatmış qovaq ağaclar kəsilməli, nisbətən cavan, 12 metrdən hündür olan ağacların gövdələri qısaldılmalıdır. Bu barədə Yaşıllaşdırma Təsərrüfatı Birliyinə də məlumat verilib. Bu ağaclar ETSN-dən rəy almadan belə kəsilə bilər. Bəzən sakinlər maddi maraq məqsədilə ağacların kəsilməsi üçün bizə müraciət edirlər. Araşdırma zamanı həmin ağacın təhlükə yaratmadığı ortaya çıxır”.

Təhlükəli ağaclarla bağlı vaxtaşırı monitorinqlərin aparılmasına gəlincə, Ə.Hətəmov bildirib ki, küçələrdəki ağaclara və yaşıllıqlara Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edir. Bölgələrdəki meşə fondu və qoruqlar nazirliyin tabeliyindədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yalnız müraciət olan halda əraziyə baxıb, ağacların bioloji durumunu müəyyən edir. Ağac quruyub, təhlükəli həddə çatıbsa, onun kəsilərək dəyişdirilməsi, yerində dərhal ağac əkilməsi təklif olunur. Nazirlik paytaxtın hər hansı ərazisində ağacların durumuna baxış keçirmir. Yaşıllıqlar İcra Hakimiyyətinin balansında olduğuna görə, onların monitorinqinin aparılması da Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işidir”.

Ə.Hətəmovun sözlərinə görə, hər hansı ağacın kəsilməsi üçün Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən təhlükəli ağaclar barədə monitorinq aparır. Ağacların kəsilməsinə ehtiyac yarandığı halda nazirliyə müraciət edir.

“Əməkdaşlarımız ağaca baxış keçirəndən sonra, onun kəsilməsinə, budanmasına ehtiyac olması barədə rəy verir. Bundan başqa, vətəndaşlar da həyətlərində kəsimə ehtiyacı olan ağaclar barədə nazirliyə müraciət edir. Bu halda da nazirlik həmin ağacın kəsilməsinə zərurət yarandığı barədə rəy verir. Nazirlik ağacın kəsilməsi barədə Yaşıllaşdırma Təsərrüfat İdarəsinə tapşırıq verir.

Gün ərzində nazirliyin qaynar xəttinə məlum problemlə bağlı onlarla müraciət daxil olur. Bu ilin birinci rübündə Bakı və Sumqayıtdan ağac kəsimi ilə bağlı 300-ə qədər müraciət daxil olub, təxminən bu qədər də müraciət digər rayonlardan olub. Onların 15%-nin kök üstə quruması, gövdəsinin çürüməsi, zəif küləyin təsirindən aşması və insan həyatı üçün təhlükəli olması barədə rəy verilib. Həmin ağaclar kəsiləndə də onların yerində bir neçə ədəd həmişəyaşıl - şam, küknar, daş palıd kimi ağacların əkilməsi şərti irəli sürülüb”.

Məsələ ilə bağlı Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfat Birliyi ilə əlaqə saxladıq.

Birlikdən Publika.az-a bildirdilər ki, onlar yalnız qulluqla məşğul olurlar. Monitorinqin aparılması onların səlahiyyətində deyil.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR