Yay mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyi gücləndirilir - FOTO
Bizi izləyin

Qırmızı.az

Yay mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyi gücləndirilir - FOTO

Respublikamızda son illər insanların təhlükəsiz yaşamasına göstərilən qayğı hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında müşahidə edilən gerçəklikdir.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsindən Publika.az-a daxil olan məlumata görə, Fövqaladə Hallar Nazirliyi fəaliyyət göstərdiyi dövr ərzində insanların təhlükəsizliyinin, o cümlədən yanğından mühafizə olunmasını daha da etibarlı təmin etmək istiqamətində bir sıra mühüm işlər həyata keçirmişdir. Ölkənin madddi sərvətinin yanğından qorunmasını daha etibarlı təmin etmək üçün qabaqlayıcı tədbirlərin əhatəsi genişləndirilmiş, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə bir sıra təsirli tədbirlər görülmüş və bu gün də görülməkdədir. Fövqaladə Hallar Nazirliyinin diqqət mərkəzində saxladığı vacib sahələrdən biri də dənli və texniki bitkilərin yanğından qorunması, biçin vaxtı, məhsulun daşınması və emalı dövründə yanğın təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasıdır.

Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Gəncə şəhərində “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirədə məhz dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr respublikanın qərb bölgəsini əhatə edən rayonların bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, Meşə Mühafizəsi və Bərpası müəsssisələri, “Aqrolizinq” Acıq Səhimdar Cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunmuşdur.

Seminar-müşavirəni Gəncə Dövlət Yanğın Nəzarət İdarəsinin rəisi polkovnik-leytenant Rəşad Əbilov açaraq qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin, meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün əsas vəzifələrdən ətraflı danışmışdır.

Seminar-müşavirədə DYNX-nın yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı Nizami Fərəcov çıxış edərək bu sahədə həyata keçirilən məqsədyönlü qabaqlayıcı tədbirlərə baxmayaraq mövsüm ərzində siqaret çəkilən zaman ehtiyyatsızlıq, uşaqların odla ehtiyatsız davranaşı, texnikaların hərəkət hissələrinin və detallarının dağılması, hərəkətli mexanizimlərə kənar əşyaların düşməsi, elektrik avadanlıqlarının texniki istismar qaydalarının pozulması, nəqliyyat vasitələri sistemlərinin, mexanizmlərinin və hissələrinin, qığılcımsöndürən qurğuların nasazlığı, təndirdən və ocaqdan düşən qığılcım, sobaların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması, biçilmiş sahələrin yandırılması, elektrik avadanlıqlarının quraşdırılması qaydalarının pozulması səbəbindən yanğın hadisələrinin baş verdiyini bildirmişdir. Xidmətin böyük inspektoru daxili xidmət polkovnik-leytenantı Elçin Hüseynovun “Taxıl biçini zamanı yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda çıxışı dinlənilmiş və Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin rəis müavini daxili xidmət polkovnik-leytenantı Natiq Piriyev dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı mövsümünün başlanması ilə əlaqədar görülmüş işlər haqqında hesabat verərək bələdiyyə, Meşə Mühafizəsi və Bərpası müəssisələri, fermer təsərrüfatlarının üzərinə düşən vəzifələri açıqlamışdır.

Yay mövsümünün başlaması ilə əlaqədar respublika ərazisindəki meşə və meşə zolaqlarının, meşə ətrafında yerləşən obyektlərin yanğın təhlükəsizliyini təmin etmək geniş müzakirə obyekti olmuşdur. Meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar bir sıra zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyinə toxunularaq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizə və Bərpası müəssisələri tərəfindən meşə və meşə zolaqlarının müvafiq normativlərə uyğun olaraq yanğından müdafiə sistemləri, o cümlədən ilkin yanğınsöndürmə vasitələri ilə tam şəkildə təchiz edilməsi, meşə və meşə zolaqlarındakı müvəqqəti istirahət yerlərində siqaret çəkənlər üçün xüsusi yerlərin ayrılması, meşə və meşə zolaqlarının zəruri texnikalarla-avtomobil, traktor, buldozerlərlə təmin edilməsi, yanğına qarşı təbliğat işinin aparılması kimi vacib məsələlərə diqqət artırılmalı, meşə sahələri, meşə yolları və digər yerlərlə həmsərhəd olan sahələrin yanğın əleyhinə şumlanmasına, yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti vəzifəli şəxslərin göstərişlərinin, qərarlarının, digər qanuni tələblərinin icrasına daha ciddi münasibət bəslənilməlidir.

Müşavirədə yanğın təhlükəsizliyi ilə əlaqədar qabaqlaıcı tədbirlərlə yanaşı əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə toxunularaq qeyd olunmuşdur ki, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması üçün işçilər əməyin mühafizəsi üzrə təlimatlara, əmək və istehsalat intizamına ciddi əməl etməlidirlər.

Tədbirin sonunda “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda video-slayd nümayiş etdirilmiş, dənli və texniki bitkilərin yığımı dövründə, eləcədə meşələrin yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən üç adda plakat və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr etdirilən “Dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi tədbirləri” adlı yaddaş kitabçası seminar-müşavirə iştirakçılarna paylanmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm