"Ambulans"ın vurduğu qadın Bakıya xəstəxanaya gətiriləcək
Bizi izləyin

Qırmızı.az

"Ambulans"ın vurduğu qadın Bakıya xəstəxanaya gətiriləcək

Bir neçə gün əvvəl “Ambulans”ın “VAZ-2107” ilə toqquşması nəticəsində baş verən qəzada xəsarət alan Nuranə Hüseynovanın vəziyyəti ağırdır. Onun təcili Bakıya gətirilməsinə ehtiyac var.

Lənkəran Rayon Mərkəzi Xəstəxanası xəstənin Bakıya gətirilməsi üçün “Ambulans” verməkdən imtina edir. Yaxınları iddia edir ki, xəstə də yarıbayğın vəziyyətdədir. O, xəstəxanadan çıxarılsa, yolda keçinər.

Baş həkimin müavini Əbülfət Məmmədov Publika.az-a açıqlamasında bu iddiaları inkar edib.

“Günorta saatlarında Səhiyyə Nazirliyinin Sanitar Aviasiya xidmətinə müraciət etmişik. Sadəcə xəstənin paytaxta aparılması ilə bağlı xəstə yaxınları yekun rəyə gələ bilmirdilər. Bir qrupu özəl klinikaya, digərləri dövlət xəstəxanasına aparılmasını istəyirdi. Lakin biz özəl xəstəxanaya göndəriş verə bilmirik. Nazirliyin Elmi-Tədqiqat Travmatologiya İnstitutu ilə danışmışıq. Lakin xəstə yaxınları özəl xəstəxanaya aparmağı israr edib. Arada yaranan anlaşılmazlığın səbəbi budur”.

Ə.Məmmədov bildirib ki, xəstə yaxınlarının nazirliyin qaynar xəttinə müraciətindən sonra, xəstənin özəl xəstəxanaya köçürülməsi üçün razılıq əldə olunub.

“Maşının gəlməsini gözləyirik. Bu gün ərzində xəstə Bakıya göndəriləcək. Xəstənin hər iki bud sümüyünün yerini dəyişən qapalı, sol baldır sümüyünün açıq sınığı var. Bu, həyat üçün uyuşmayan travmadır. Xəstə şokdan çıxıb, amma onu ağır əməliyyat gözləyir”.

Qeyd edək ki, hadisə aprelin 13-də Lənkəranda baş verib. Hadisə baş verən zaman "Ambulans" digər qəza yerindən yaralı aparırmış. Nəticədə “Ambulans”da olan xəstələr ağır yaralanıb, 1 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada keçinib. Qəzadan sağ çıxan bir ailənin 5 üzvü Lənkəran Rayon Mərkəzi Xəstəxanasındadır. Onlardan 2-nin vəziyyəti ağırdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm