Hansı TV dilimizi daha çox korlayır? - SİYAHI - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Hansı TV dilimizi daha çox korlayır? - SİYAHI - YENİLƏNİB

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının tələblərinə uyğun olaraq yanvar-aprel aylarında aparılmış monitorinqlərin nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, monitorinqlər ölkənin 6 televiziya kanalının – “İctimai”, “ANS”, “Azad Azərbaycan”, “Space”, “Lider” və “Xəzər” televiziyalarının xəbər və xəbərdən törəmə proqramlarının dili ilə bağlı keçirilib.

İnstitutun aparıcı elmi işçisi, televiziyaların monitorinqi üzrə qrupun rəhbəri Şahlar Məmmədlinin açıqlamasına görə, statistik təhlillər əsasında televiziyaların dili üzərində aparılmış monitorinq zamanı ümumilikdə 400-dən artıq norma pozuntusu aşkarlanıb və dil səviyyəsi üzrə 145 nümunə tədqiqata cəlb edilib. Onlardan 74-ü leksik - üslubi, 29-u fonetik, 41-i isə qrammatik normaya aid dil qüsurudur.

Ş. Məmmədlinin sözlərinə görə, araşdırma zamanı 20% fonetik, 24% leksik, 27% üslubi, 22% morfoloji və 7 % qrammatik norma pozuntusu məlum olub:

“Faktlar göstərir ki, aparıcıların nitqində üslub səhvləri daha çoxdur. Ədəbi dil normasının pozulma hallarını əks etdirən dil faktlarından 15 %i "İctimai" TV-də, 14%-i ATV-də, 15%-i ANS TV-də, 18% "Xəzər" TV-də, 17%-i "Space" TV-də, 21%-i isə "Lider" TV-də müşahidə edilib”.

Ş. Məmmədli bildirib ki, fonetik normaların tələblərinə ən çox "İctimai" TV, ən az ATV riayət edib. Leksik-üslubi normalar ən çox ATV və ANS TV-də gözlənilib. Qrammatik normanın pozulma halları isə ən çox "Xəzər" TV-də olub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev bildirib ki, televiziyaların dilində ən böyük problem alınma sözlərlə bağlıdır.

"Bəzi sözlərin Azərbaycan dilində qarşılığı olsa da, daha çox alınma sözlərə üstünlük verilir. Məsələn, dilimizdə "razılaşma" sözü olsa da, "konsersium" sözü işlədilir. Daha yaxşı olardı ki, heç olmasa, həmin sözlə yanaşı öz sözümüz də işlənsin ki, insanlar sözün mənasını anlaya bilsinlər”.

O həmçinin qeyd edib ki, radioların dili televiziyaların dilindən daha yaxşıdır.

T. Hacıyevin sözlərinə görə, mətbuatın dilində hələ də ciddi qüsurlar olsa da, monitorinqlərin aparılması ilə bu kimi halların nisbətən azalması müşahidə olunur.

Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Şahlar Məmmədli 6 telekanalda aparılan monitorinqin nəticələrilə bağlı institutun təkliflərini açıqlayıb. Həmin təkliflər bunlardır.

1. TV-lərdəki bədii şuraların fəaliyyəti gücləndirilsin

2. Efirə hazırlıq müddətinə ciddi diqqət yetirilsin

3. Milli Televiziya və Radio Şurasıyla birgə TV işçiləri üçün davamlı təlimlər, dəyirmi masalar keçirilsin

4. Filologiya və jurnalistika ixtisası üzrə təhsil alan tələbələr monitorinq şöbəsinə təcrübəyə göndərilsin.

6. Problemlərin birgə aradan qaldırılması məqsədilə televiziya proqramlarının monitorinqlə bağlı nümayəndələri müəyyənləşsin. Çünki biz bu proqramların monitorinqini aparanda müvafiq nümayəndə təyin edilərsə, proses daha obyektiv keçər.

Sonda Ş. Məmmədli bildirib ki, növbəti monitorinqə Azərbaycan Televiziyası, Mədəniyyət və İdman telekanalları da cəlb ediləcək: “Heç bir telekanalda dillə bağlı vəziyyət ideal deyil. Nəzərinizə çatdırım ki, dövlət televiziyasıının dilində də qüsurlar aşkar edilib. Bu qüsurlar növbəti araşdırmamızda açıqlanacaq”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm