Komitə sədri: “Azərbaycanda hər hansı dini missionerliyə yer yoxdur” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Komitə sədri: “Azərbaycanda hər hansı dini missionerliyə yer yoxdur” - FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Mətbuat Şurası ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə “Milli mənəvi və dini dəyərlər: tarixilik və müasirlik” mövzusunda konfrans keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, tədbirin əsas məqsədi ayrı-ayrı dövlət qurumları rəhbərləri ilə aparıcı kütləvi informasiya vasitələri (KİV) rəhbərlərinin birbaşa dialoqunu təşkil etməkdir: “Məşhur bir deyimdə olduğu kimi, hər hansı bir milləti məhv etmək üçün ilk növbədə onun milli-mənəvi dəyərləri əlindən alınmalıdır. Bu gün dünyada bir çox millətlər milli-mənəvi dəyərlərini durmadan itirir. Lakin Azərbaycan öz tolerantlığı ilə, milli-mənəvi dəyərlərinə sahib çıxması ilə nümunəvi ölkələrdən biri idi. Azərbaycan qanunvericiliyində də hər kəsin dini-etiqad və vicdan azadlığı təsbit olunub. Mətbuat Şurası ilin sonuna qədər bu formatda daha bir neçə tədbir keçirəcək. Belə tədbirlərdə redaktorlarla dövlət rəsmiləri birbaşa ünsiyyətdə olurlar”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda medianın rolu və əhəmiyyəti böyükdür. Onun sözlərinə görə, mətbuatın ictimai rəyə təsiri yüksəkdir: “Azərbaycanda mətbuat xalqımızın milli maraqlarına və dövlətin inkişafına xidmət edir. Digər tərəfdən isə Azərbaycan müsəlman ölkəsidir. Bilirsiniz ki, indi dünyada İslam dini əhali sayına görə ikincidir. Ancaq İslam dininə sitayiş edən və inanan əhalinin sayı planetdə birinci yerə çıxacaq. Dinlə bağlı tədqiqatlara xüsusi önəm verməliyik. Komitə tərəfindən bir qəzet və bir jurnal buraxılır. Amma kütləvi informasiya vasitələrindən bir qədər narazılıq var. Heç bir qəzetə, televiziyaya göstəriş və ya tövsiyə vermək istəmirəm. Amma bəzən görürsən ki, qəzetlər bilmədən səhvə yol verirlər. Bəzi radikal dini cərəyanların liderləri ilə bağlı yazılar verilir, bu yazını oxuyan da buna oxşamaq istəyə bilər. Belə şeyləri nəzərə almaq lazımdır. Radikal qruplaşmada ittiham olunanların məhkəmə proseslərində onların bəzən, “Mən şəriət məhkəməsi istəyirəm” deməsini qabartmaq doğru deyil. Daha çox onların peşman olmaları ilə bağlı fikirlərinə yer vermək lazımdır”.

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda dinlə bağlı araşdırmalar artmaqdadır. Onun sözlərinə görə, Azərbaycanda dinlə bağlı yeni kadrların yetişdirilməsinə və araşdırmaların davam etdirilməsinə ehtiyac var: “Azərbaycanda medianın böyük əksəriyyəti maarifləndirmədən daha çox şou və digər bu kimi ehtiyac olan auditoriyaya üstünlük verirlər. Azərbaycanda mətbuat azaddır, istədiklərini yazırlar. Mənim heç bir qəzetə və mətbuat orqanına tövsiyə və göstəriş vermək fikrim yoxdur. Ancaq Azərbaycanda jurnalistlər bütün sahələrdən peşəkar yaza bilməzlər. Yaxşı olar ki, jurnalistlər sahə üzrə mütəxəssisləşsin.

M.Qurbanlı deyib ki, Azərbaycan dövləti klassik və oturuşmuş bir dinin yer aldığı ölkədir: “Ona görə də burada hər hansı missionerlik fəaliyyətinə yer yoxdur. Hər hansı yeni və kiçik dini təşkilatların Azərbaycanda genişlənməsinə yer və münbit şərait yoxdur. İslamda yaranmış olan radikal cərəyanlar məzhəb sayıla bilməz. Həmin radikal cərəyanlara da Azərbaycanda yer yoxdur. Azərbaycana dünyəvilik xasdır.

Keçdiyimiz tarix və mədəniyyətimiz hər hansı radikal dini qrupların Azərbaycanda yer almasına zəmin yaratmır.

Tarixən dünyada gedən ticarət münasibətləri bizim regiondan kənarda qaldığı üçün İslam dünyasında elmi-tərəqqi də inkişafdan yan keçib. Bütün bunlar isə İslam dünyasında xurafatın yaranmasına səbəb olub. Bundan əlavə, İslama qarşı olan ayrı-ayrı qruplar da vəhhabiliyə və digər bu cür radikal cərəyanlara dəstək veriblər. Onlar İslami gözdən salmağa çalışıblar. Əgər dünyada din təkbaşına hegemonluğu ələ almaq istəyirsə, o da iflasa məhkumdur. Dünyada heç bir din təkbaşına çox müddət hegemonluq edə bilməyib”.

Dini Komitə sədri bildirib ki, əgər hər hansı bir dini dövlət digər dini dövlətlə savaşırsa, o zaman bu onların zəifləməsinə gətirib çıxarır: “Azərbaycan xalqı Sovet İttifaqı dövründə də İslam dinini qoruyub saxlaya bilib. Çünki Sovet İttifaqı dövründə allahsızlıq var idi, açıq dini ibadətlərə imkan verilmirdi. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz dinini qoruyub saxlaya bildi.

Sovet Kommunist rejimi dini gözdən salmaq üçün bütün vasitələrə əl atırdı, ziyalıları və din xadimlərini repressiyalara məruz qoyurdu. İnsanlar dinlə bağlı yalnız dəfn mərasimlərində nə isə görə bilirdilər. Həmin dövrdə əsl din xadimləri repressiyalara məruz qalırdı, ancaq onların yerində din xadimi adı altında “mollalar” peyda olurdu. Elə buna görə də sonradan din xadimlərinin hamısına “molla” ifadəsi işlədilməyə başladı.

Bu gün Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir, ölkəmizdə bütün dini azadlıqlar təmin olunub, bütün dinlərə qarşı eyni münasibət hökm sürür.

Azərbaycan prezidentinin göstərişi ilə ölkəmizdə yeni-yeni dini məscidlər tikilib, köhnə məscidlərimiz əsaslı təmin olunub, Bakı İslam Universiteti yaradılıb. Bütün bunlar Azərbaycanda dövlətin dinimizə verdiyi dəstəyin bir hissədir”.

Onun sözlərinə görə, milli-mənəvi dəyərlərini qoruya bilməyən millət assimilyasiyaya məhkumdur: “İndi dünyada gedən müasirləşmə və qloballaşmaya hazır olmalıyıq.

İslam bizim dinimizdir, İslam bizim mənəvi dəyərlərimizdir. Ancaq İslam dini bizim əxlaqımıza və milli dəyərlərimizə heç zaman mənfi təsir göstərməyib.

Bu gün biz Orta və Şərqi Asiya ölkələrinə gedəndə orada bizimlə dini birliyə malik olan ölkələr tapılır. Burada bizi birləşdirən İslam dinidir. Ancaq bizi ayıran cəhətlər də var ki, bu da milli-mənəvi dəyərlərdir. Amma bu milli-mənəvi dəyərlər arasında İslam dini də var.

Azərbaycan tolerant və müasir ölkədir. Ancaq bu tolerantlıq heç bir radikal dini təşkilatların burada ayaq açmasına əsas vermir. Əgər bizim milli-mənəvi dəyərlərimizə təhlükə olarsa, o zaman biz tolerant ola bilmərik. Azərbaycan dövləti öz milli-mənəvi dəyərlərini və İslam dinini qorumaq üçün müvafiq addımlar atır və gələcəkdə də davam etdirəcək.

Bizim əsas hədəfimiz gəncliyə yönəlib. Biz İslama qarşı olan radikal dini qüvvələrin qarşısını almalıyıq. Bu gün dünyada islamafobiya formalaşıb. Dünyanın hər hansı yerində İslam dini adı altında terror aktı törədirsə, bunu İslam dinin adına yazmaq qətiyyən doğru deyil. İslam dini sülh dinidir. Mən deyim ki, bu gün İslamla bağlı reallığı ən yaxşı bilənlər məhz Qərbi Avropadadır. Orada İslam dini ilə bağlı araşdırmaçılar var. Onlar İslam dini adı altında fəaliyyət göstərən radikal şəxsləri harada və necə istifadə etməyi müsəlmanlardan da yaxşı bilirlər. Bu gün Qərb dünyası iqtisadi baxımdan özünü qorumaq üçün İslam əleyhinə müxtəlif kampaniyalar aparırlar. Yaxşı olar ki, İslam dünyası da Qərbdən özünü qorumağın yolunu düşünsün.

Bu gün Azərbaycanda İslam dini ilə bağlı hər hansı məzhəb ayrı-seçkiliyi yoxdur. Hesab edirəm ki, bütün İslam dövlətləri belə şərait yaratmalıdır.

Azərbaycanda qanun aliliyi və tolerantlıq hökm sürür. Ona görə də ölkəmizdə dini zəmində hər hansı münaqişə mövcud deyil”.

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov söyləyib ki, İslam dini çox tolerant dindir: “Lakin dini mövzuda yazanda çox ehtiyatlı olmaq lazımdır. Hər hansı faktı yazarkən, onu dərindən araşdırmaq lazımdır. Xüsusilə də dini təhlükəli cərəyanlardan yazarkən, qanunvericilik bazasına istinad edərək bu sahədə aparılan mübarizəyə dəstək vermək lazımdır. Təəssüflər olsun ki, dünyada dini sahədə də ikili standartlar mövcuddur. Hətta, xristianlar müsəlmanları yanlarında deyil, qarşılarında görmək istəyirlər”.

Daha sonra KİV rəhbərləri ilə Dini Komitə sədri arasında sual-cavab dialoqu olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm