• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qatar depoya gedir... – Yer altından yerüstü FOTOREPORTAJ

Qatar depoya gedir... – Yer altından yerüstü FOTOREPORTAJ

Bu gün ilk dəfə evdən işə getdiyim vaxtdan da tez çıxdım. Bildiyim tək bir şey vardı. Saat 09:21, 09:27-də “28 May” stansiyasından keçən qatar depoya gedir. O qatarın “Nəriman Nərimanov” stansiyasından keçəcəyi vaxtı təxmini hesablamışdım. Amma həyəcanlı idim, bir dəqiqə geciksəydim, depoya gedə bilməzdim. Stansiyaya çatanda dispetçer hələ depoya gedən qatarın vaxtına bir neçə dəqiqə qaldığını deyəndə bir az sakitləşdim. Nəhayət, depoya gedən qatar gəldi. Sərnişinlər “qatar depoya gedir” sözünü eşidib əsəbi halda düşür, mən isə əksinə, çox sevincək halda qatara minirəm. Deyəcəksiniz qız dəli olub? Axı “Qatar depoya gedir”.

“Qatar depoya gedir” bütün metro istifadəçilərinin ən sevmədiyi ifadədir. Axı qatarı tərk etmək, yenisini gözləmək, xüsusən də evə, işə tələsdiyin bir vaxtda qulağa heç də xoş gəlmir. Amma bu gün təxminən 40-a yaxın jurnalist və operatorun ən çox eşitmək istədiyi ifadə bu oldu: “Qatar depoya gedir”.

İllərdir metrodan istifadə edirəm. Həmişə deponun necə olması xüsusi marağımda olub. Nəhayət, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin dəvəti ilə həmişə marağımda olan məkana gedə biləcəkdim.

Səbəb ölkəyə yeni gətirilən qatarlar və depoda aparılan son işlərlə tanış olmaqdır.

Qeyd edim ki, metro strateji məkandır və hər kəs depoya daxil ola bilmir. Bu baxımdan özümüzü xeyli şanlı hesab edib deponu gəzdik və gördüklərimizi sizə də anladıram.

Depo necə bir yerdir?

“Nəriman Nərimanov” stansiyasından təxminən 10 dəqiqəlik yol gedib, qaranlıq tunelin sonunda, nəhayət, işıqlı dünyaya - depoya çatırıq.

Nəsimi Paşayev əvvəlcə depo ərazisində görülən son işlərdən danışır. Məlum olur ki, qısa müddət ərzində depo ərazisində baxımsız vəziyyətdə olan park yenidən qurularaq işçilərin istirahət vaxtlarının səmərəli keçirilməsi üçün hazır vəziyyətə gətirilib. Park ərazisində şəhid olmuş metropoliten işçilərinin xatirəsi də əbədiləşdirilərək “Şəhidlər abidəsi” qurulub.

Ərazidə əməkdaşlar üçün yeməkxana da fəaliyyət göstərir. Bəzi kateqoriyadan olan işçilər pulsuz, digər çalışanlar isə Metropoliten İşçiləri Həmkarlar İttifaqının dəstəyilə çox ucuz qiymətə yeməklə təmin edilirlər.

Bundan başqa, ehtiyat avadanlıqların saxlanılması üçün böyük anbar tikilərək istifadəyə verilib. Əvvəl avadanlıqlar ayrı-ayrı kiçik daxmaları xatırladan binalarda saxlanılırdısa, hazırda yeni tikilən anbarda saxlanılır.

Depo ərazisi ilə tanışlıqdan sonra, nəhayət, qatarların təmir olunub saxlandığı yerə çatırıq.

Ümumilikdə metronun 266 vaqonu var. Yeni alınmış 3 qatarla bu saya 15-i də əlavə olunur.

Qatarlardan ikisi artıq Bakıya gətirilib, biri isə hazırda Astraxan şəhərindən Bakı istiqamətində yoldadır. Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir.

Bu vaqonların çəkisi əvvəlkilərdən daha azdır. Belə ki, köhnə qatarların baş vaqonu 38 ton, aralıq vaqon 36 ton idi. Yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34 ton, aralıq vaqonun çəkisi isə 29 tondur.

Yeni nəsil vaqonların banı paslanmayan dəmirdəndir. Bu texniki məsələlər ekspertlər üçün. Sərnişinləri maraqlandıran məqamlara gəlincə, bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid imkanı var.

Vaqonlarda üç rejim - soyutma, havalandırma və isitmə rejimlərində çalışan klima-sistem quraşdırılıb.

Təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları quraşdırılıb. Sıxlıqdan şikayətlənən sərnişinlər üçün yeni qatarlar daha əlverişlidir. Belə ki, köhnə vaqonların sərnişintutma qabiliyyəti 308 olduğu halda, yeni vaqonlarda 330 sərnişin tutma qabiliyyəti var. Daha bir yenilik ayaq üstə rahat dura bilməyən yüngül çəkili insanlar üçündür. Qatarın ortasında quraşdırılan xüsusi dəmir dirəklər onların işini asanlaşdıracaq.

Əvvəlki vaqonlarda pəncərə sistemləri sadə birlaylı olduğu halda, indiki vaqonlar ikilaylı paket tiplidir ki, bu da salonda sərnişinlər üçün daha yüksək komfort şərait yaradır. Yeni vaqonlarda əlillər də nəzərə alınıb.

Onlar üçün xüsusi yerlər müəyyən edilib.

Bu qatarlar 10 gün ərzində istifadəyə veriləcək. Qatarlar əsasən, “Həzi Aslanov”-“İçərişəhər” istiqamətində hərəkət edəcək.

Məlumdur ki, bir neçə il bundan əvvəl Bakı metrosuna gətirilmiş qatarların yararsız olduğu üçün geri qaytarılmışdı. Yeni gətirilən qatarları belə bir təhlükə gözləyirmi?

N.Paşayev həmin qatarların test məqsədi üçün gətirildiyini deyir.

“Əvvəlki qatarlar sınaqdan çıxarılmadan birbaşa istifadəyə verilmişdi. İstifadə zamanı həmin qatarlar özünü doğrultmadı. Tez-tez nasazlıq yarandı. Buna görə də, həmin qatarları geri qaytardılar. Lakin yeni gətirdiyimiz bu qatarlarda heç bir problem olmayacaq. Bakı Metropoliteni ilə “Alstom” şirkəti arasında xüsusi müqavilə imzalanıb. Onlara zəmanət verilib. Yoxlamalar zamanı da problem yaranmayıb. İnşallah ki, istifadə zamanı da heç bir problem olmayacaq”.

Qatarlarla tanışlığı başa vurub diaqnostika mərkəzində olduq. Metronun “USM” aparatı adlandıra biləcəyimiz diaqnostika mərkəzi ilə bizi “Bakı Metropoliteni” Diaqnostika və metoroloji təminat mərkəzinin rəisi Ebazer Arslanbek tanış edir. 4 vaqona qoşulan diaqnostika mərkəzi xüsusi serverlə bütün nasazlığı aşkar edir.

Sistem saniyədə 60 kadr çəkmək qabiliyyətinə malikdir. Bu da hər hansı hissədə əndazədən kənara çıxma və qatara toxunmanı müəyyən edir.

Bu halların yaranma səbəbinə gəldikdə, E. Arslanbek bildirdi ki, bu, yerdaxili proseslərlə əlaqədardır.

“Vaqon təkcə yolun və onun üstquruluşu avadanlıqlarının vəziyyətini öyrənmir, həmçinin tunelin əndаzə ölçülərini, işarəvermə, rabitə sistemlərini, təmas relsi, rels dövriyyəsi ilə bağlı müxtəlif vəzifələri yerinə yetirir və tapşırıqları həll edir. Vaqon teplovizorla da təmin edilib. İstilik ölçülməsinin isə metropoliten üçün əhəmiyyəti vacibdir və bu sahədə yeniliklər gələcəkdə istismar şəraiti ilə yanaşı, metropoliten qurğularına qulluğa baxışı da dəyişəcək. Vaqonda quraşdırılmış sahələrdən biri radiorabitənin keyfiyyətinin yoxlanılmasını yerinə yetirəcək. Bununla da vaqon tuneldə ikən hər hansı fiziki müdaxilə olmadan rabitənin, o cümlədən dispetçerlə əlaqənin keyfiyyətinin yoxlanılması mümkün olacaq”.

Sistemə video və foto registratorlar da daxildir. Bunlar kompleksdə quraşdırılacaq son sistemlərdir. Aşkarlanan hər bir qüsurun foto-video görüntüləri dərhal sənədləşdiriləcək. Videoregistrator təkcə vizual görüntülərin əldə olunması üçün vacib deyil, kameralar qüsurların yerini bir millimetr dəqiqliyinə qədər müəyyənləşdirməyə, kabel şəbəkəsinin vəziyyətini əyani görməyə kömək edir. Bu isə sonradan sahəyə xidmət göstərən və qüsurları aradan qaldıranların işini daha da asanlaşdırmaqla, vaxta qənaət edir.

Ən müasir avadanlıqlarla təchiz olunmuş diaqnostika kompleksi Rusiya və azərbaycanlı mütəxəsislər tərəfindən yığılıb.

Yeni qatarların və diaqnostika mərkəzinin metroda yaşanan problemləri aradan qaldırması ümidi ilə depodan ayrılırıq.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR