• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qənirə Paşayeva Samsunda Xocalı həqiqətlərindən danışdı

Qənirə Paşayeva Samsunda Xocalı həqiqətlərindən danışdı

Samsun şəhərinin On Doqquz May Universitetində Xocalı Soyqırımının 22-ci il dönümünə həsr olunmuş konfrans keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, konfransda Universitetin rektoru Prof. dr. Hüseyn Akan, Rektor köməkçisi Hakan Leblebiçioğlu, Türk Dünyası Araşdırmaları Cəmiyyətinin Akademik sözçüsü Kənan Ərzurumlu, universitetin professor və müəllim heyəti, millət vəkili Azərbaycan Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva onun rəhbərliyi ilə Azərbaycandan gəlmiş nümayəndə heyəti və tələbələr iştirak ediblər. Konfransda əvvəlcə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Konfransı açılış sözü ilə açan On Doquz May Universitetinin Türk Dünyası Araşdırmaları Cəmiyyətinin Akademik sözçüsü Kənan Ərzurumlu Azərbaycanın türkiyə üçün böyük önəm kəsb etdiyini, bunun tarixən də bu gün də və gələcəkdə də belə olacağını dilə gətirib. O bildirib ki, türklər millət olaraq həmişə Azərbaycanın yanındadır:

“Xocalı soyqırımının anılması Azərbaycanın yaşadığı acıların unudulmaması üçündür. Biz oğuzsoylu dövlətlər olaraq, başda Azərbaycan olmaqla digər türk dövlətləri ilə fərqli bayraqlar daşıyan tək millətik. Azərbaycan Türkiyə üçün vazkeçilməz önəm daşıyır. Aramızdakı maneə Ermənistandır. Onlar 1905-ci ildə etdiklərini Xocalıda təkrarladılar. Türkiyə dövləti Ermənistanla gömrük qapılarının açılması xatirinə Bursada Azərbaycan bayrağına qarşı hörmətsizlik etsə də bu hadisə bizə türk milləti olaraq pis təsir etdi”. Sonda isə Kənan Ərzurumlu, “Bir azərbaycanlı üçün bütün Ermənistan yansa vecimə deyil”,- deyərək fikirlərini yekunlaşdırıb.

Daha sonra çıxış üçün söz millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, Azərbaycan-Türkiyə Dostluq Qrupunun rəhbəri, Qənirə Paşayevaya verilib. O,22 il əvvəl ermənilər tərəfindən törədilən və insanlığa qarşı cinayət adlandırdığı, Xocalı faciəsini unutdurulmayacağını dilə gətirib. Bir sıra ölkələr tərəfindən Xocalı Soyqırımını tanıyan qətnamələrin qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Azərbaycanın ən böyük hədəfinin bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələri olduğunu qeyd edib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməyib, 1 milyon insan hələ də evinə dönə bilmir:

"Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O səbəbdən biz Xocalı Soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı daha da sürətləndirməyi düşünürük. Dünyanın bəzi ölkələri bu soyqırımı tanıyıb. Pakistan, Meksika, Kolumbiyadan sonra, Çexiya Respublikası Parlamentinin bu soyqırımı qınaması ilə bağlı verdiyi açıqlama çox önəmlidir. Xocalı Soyqırımı insanlığa qarşı edilmiş bir cinayətdir".

Millət vəkili harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün türklərin bu acını sahiblənərək birlik və bərabərlik içərisində problemin həllinə çalışmalarının gərəkdiyini bildirib. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Q.Paşayeva bu məsələdə gənclərin üzərinə böyük vəzifə düşdüyünü dilə gətirərək gəncləri sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra çıxış edən Samsun Universitetinin rektoru prof. Dr. Hüseyin Akan Qənirə Paşayevanın Azərbayca-Türkiyə və ümumən türk dünyası üçün etdiklərini yüksək qiymətləndirib. Rektor, bu günkü konfransın əsas fikir obyekti olan Xocalı soyqırımının unudulmaması və dünyaya çatdırılması üçün bu cür konfransların böyük əhəmiyyəti olduğunu deyib:

“Qənirə Paşayevanın bu işləri görməsi ürəkdən gəlir. Bu cür kofransların keçirilməsi türk gəncliyini eyni şüur, eyni fikir ətrafında toplaşmasına gətirib çıxaracaq”.

Konfransın sonunda millət vəkili Qənirə Paşayeva rektor prof.dr. Hüseyin Akana Azərbaycan tarixi gerçəkliyinə həsr olunan kitablar, və ölkəmizin tarix və mədəniyyətinə həsr olunan hədiyyələr təqdim edib. Rektor da öz növbəsində hədiyyə və gül təqdim edib.

Sonda tələbələrə həmmüəllifi olduğu və Türkiyə türkcəsində nəşr olunmuş “Hocalı Soykırımı tanıkların dilindən” və “Qaradağlı Soyqırımı şahidlərin dilindən” kitablarını imzalayaraq, onların suallarını cavablandırıb, xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, tədbirdə millət vəkili ilə yanaşı onun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibində, Ədəbiyyat qəzetinin baş redaktoru Sərvaz Hüseynoğlu, Simsar informasiya agentliyinin rəhbəri İradə Nurəddinqızı, həmin agentliyin müxbiri Ülviyyə Cövdətqızı, Lider Televiziyasının əməkdaşı Nuranə Axundova, İşgüzar Qadınlar İctimai Birliyinin sədri Sürəyya İsmayılova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva,190 saylı orta məktəbin müəllimi Məlahət Hüseynova, Əməkdar artist Elza Seyidcahan yer alıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR