ADU-da yeni departament yaradıldı
Bizi izləyin

Qırmızı.az

ADU-da yeni departament yaradıldı

Fevralın 21-də Azərbaycan Dillər Universitetinin İnformasiya-Resurs Kompleksində İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin yaranmasının 5 illiyi ilə bağlı tədbir keçirilib.

Publika.Az-ın məlumatına görə, tədbirdə əvvəlcə şöbənin fəaliyyətini özündə əks etdirən videoslayd nümayiş olunub. Tədbirdə millət vəkilləri, ölkənin tanınmış jurnalistləri, ali təhsil müəssisələrinin və dövlət orqanlarının analoji strukturlarının rəhbərləri iştirak ediblər.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək ADU-nun İctimaiyyətlə əlaqə və Mətbuat xidməti şöbəsinin 5 yaşı münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. ADU-nun Mətbuat xidmətinin universitetlərin analoji strukturları arasında xüsusi seçildiyini və fəallıq göstərdiyini qeyd edib. Ə. Amaşov ADU-nun Mətbuat xidməti ilə rəhbərlik etdiyi qurumun bir sıra tədbirlər həyata keçirdiyini və bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, ötən müddət ərzində bu qurumun kifayət qədər tanındığını və KİV ilə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb. ADU-nun Filologiya və Jurnalistika fakültəsində Jurnalistika ixtisasının fəaliyyət göstərdiyini və Mətbuat xidmətinin tələbələrin təcrübə mərkəzinə çevrildiyini vurğulayıb. Mətbuat xidməti təkcə ali təhsil müəssisələri arasında deyil, ümumilikdə Mətbuat xidmətləri arasında ən fəal olduğunun deyib:

“Mətbuat xidmətinin əsas işi cəmiyyəti, KİV-i mütəmadi olaraq məlumatlandırmaq, brinfinqlər keçirmək, jurnalistlərə açıq olmaqdır. Mətbuat xidmətinin aktiv fəaliyyəti həm də bu işə rəhbərlik edən şəxsin bacarığından da asılıdır.Bu gün ADU-nun mətbuat xidmətinin fəaliyyəti rəhbərin düzgün seçildiyini göstərir”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə çıxışında ADU-nun məzunu olmasından qürur hissi keçirdiyini, illər keçdikcə universitetin simasının müsbət məcrada dəyişməsindən sevindiyini dilə gətirib. O, ADU-nun mətbuat xidmətinin fəaliyyətini yüksək dəyərləndirib. E. Şıxlı ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun Universitetin Mətbuat xidmətinin yaradılmasının 5 illiyi və ictimaiyyətlə əlaqələrin genişləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Jurnalistlər Birliyinin diplomu ilə təltif edildiyini bildirdi və diplomu S. Seyidova təqdim edib. O, çıxışında bildirib ki, ADU Mətbuat xidməti digər mətbuat xidmətlərinə nümunə ola bilər:

“Mətbuat xidmətinin əsas işi sirr saxlamamaqdır. Hətta xoşagəlməz hal olsa belə, onu ictimaiyyətə çatdırmalıdır. Bu qurumun fəaliyyəti həm də universitet rəhbərliyinin açıq olmasından asılıdır. ADU-nun mətbnuat xidmətinin 5 illik fəaliyyəti rəhbərin ictimaiyyətə açıq olduğunu göstərir”.

ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov tədbirə dəvət edilən qonaqları salamlayaraq Mətbuat xidmətinin yaranmasından 5 il müddət ərzində böyük işlər gördüyünü nəzərə çatdırdı. Azərbaycan Respublikası Prezidentinin 2013-cü ildə "Jurnalistlərin dostu" mükafatına layiq görüldüyünü xatırladan rektor S.Seyidov bunun bütün dövlət müəssisəsi rəhbərlərinin media ilə sıx təmasda olmaları üçün gözəl şərait yaratdığını bildirib. İstənilən ali məktəbin mətbuat xidmətinin olmasını həyati məsələ kimi xarakterizə edən rektor universitetin ictimaiyyət üçün, cəmiyyət üçün açıq olmasının vacibliyindən danışıb. Mətbuat xidmətinin fəaliyyətindən danışan ADU-nun rektoru bu qurumun rəhbəri Zeynab Kazımovanın da əməyini yüksək qiymətləndirib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsində aparılan islahatlara da toxunan S.Seyidov universitetdə baş verən proseslərin ictimaiyyətə obyektiv formada təqdim edilməsində mətbuat xidmətinin böyük əməyini qeyd edib.

“Bu gün Azərbaycan Dillər Universitetində 22 əcnəbi dilin tədris olunur. Hazırda 6 min tələbə təhsil alır, hər il onların sayı 500 nəfər artır”.

Rektor çıxışında universitetdə mühüm bir struktur islahatının da aparılacağını da qeyd edib və bildirib ki, artıq universitetin İctimaiyyətlə əlaqə və Mətbuat xidməti şöbəsinin fəaliyyəti genişləndirilir: “Azərbaycan Dillər Universitetində Mətbuat xidməti şöbəsinin son günüdür. Onun yerində İctimaiyyətlə əlaqələr departamenti yaradılır və fəaliyyət istiqamətləri daha da genişlənidilir. Departamentdə Mətbuat xidməti, Protokol xidməti və “Poliqlot” qəzetinin redaksiyası mövcud olacaq”

Rektor departamentin universitetin fəaliyyətinin işıqlandırılmasında daha da səmərəli fəaliyyət göstərəcəyinə əminliyinim ifadə etdi.

Sonra Təhsil Nazirliyinin nümayəndəsi Sevinc Səfərova İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehovun təbrik məktubunu diqqətə çatdırdı.

Təbrikdə ADU-nun İctimaiyyətlə əlaqə və Mətbuat xidməti şöbəsinin səmərəli fəaliyyət göstərdiyi və son illərdə ADU-nun KİV-lə əlaqələrinin inkişafına xüsusi önəm verildiyi qeyd olunub və bildirilir ki, ADU-nun nüfuzunun daha da yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonra ADU-nun fəaliyyətini geniş işıqlandıran KİV nümayəndələri mükafatlandırılıb. Tədbir qeyri-rəsmi hissə ilə yekunlaşıb.

Xatırladaq ki, ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsi 2008-ci ilin dekabrından fəaliyyətə başlayıb. Rəsmi olaraq şöbənin yaradılması haqqında universitet rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov tərəfindən 2009-cu ilin fevral ayının 4-də sərəncam imzalanıb. 2010-cu ildə Azərbaycan Dillər Universiteti "İlin Universiteti”, ADU-nun Mətbuat xidməti isə ali təhsil müəssisələrinin analoji strukturları içərisində "İlin mətbuat xidməti” adını qazanıb. 2011-ci ildə isə ADU-nun Mətbuat xidmətinin rəhbəri Z.Kazımova ali təhsil müəssisələrinin analoji strukturları içərisində ”Ilin mətbuat katibi” seçilib.

2013-cü ildə isə ali məktəblərin mətbuat xidmətləri arasında keçirilən sorğunun nəticəsinə görə ADU Mətbuat xidməti öncüllərdən biri olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm