• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Sovetski" sakinlərini kim qızışdırır - İcra hakimiyyətinin başçısı danışır

“Sovetski" sakinlərini kim qızışdırır - İcra hakimiyyətinin başçısı danışır

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev “Media forum” saytının suallarını cavablandırıb.

- “Sovetski” məhəlləsinin köçürülməsi ilə bağlı vəziyyət nə yerdədir?

- Baş nazirin müavini Abid Şərifov ərazinin köçürülməsi üzrə komissiyanın sədri təyin edilib. Fevralın 18-də 150 nömrəli məktəbdə “Sovetski” məhəlləsinin sakinləri ilə görüşdük. Baş nazirin müavini Abid Şərifovun, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun və başqa dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi görüşə “Sovetski” məhəlləsinin təxminən 150 sakini gəlmişdi və xeyli təklif verdilər. Abid Şərifov da bildirdi ki, bütün təkliflərə baxılacaq, dərindən araşdırılacaq. Hazırda komissiya fəaliyyətini davam etdirir, təklifləri araşdırır. Martın 3-də sakinlərlə yenidən görüş olacaq, bütün təkliflərə, vətəndaşların qaldırdıqları məsələlərə ətraflı izah və cavab veriləcək.

-Əsas narazılıq söküləcək evlərin bir kvadratmetrinə 1500 manat kompensasiya ödənməsi ilə bağlıdır. Kompensasiyanın miqdarına yenidən baxılması ehtimalı varmı? 1500 manatı ədalətli qiymət sayırsınızmı?

-Əlbəttə, bir kvadratmetrə 1500 manat kompensasiya verilməsi ədalətli yanaşmadır. Amma “Sovetski”də sahəsi kiçik olan xeyli ev var. Kiçik evlərin sahiblərinə ödənəcək kompensasiyanın miqdarı da az olacaq və başqa yerdə mənzil almağa çatmayacaq. Bunun əsas səbəbi yeni tikilən binalarda mənzillərin sahəsinin geniş olmasıdır. Birotaqlı mənzillər 40 kvadratmetrdən kiçik olmur. Bütün bunları nəzərə alaraq komissiya sədri Abid Şərifova paket şəklində təkliflər verildi. Hökumət təklifləri araşdırır, məsələlərin həlli üçün yollar axtarılır, imkanlar nəzərdən keçirilir. Rayon icra hakimiyyətinin səlahiyyətləri, imkanları çox məhduddur. Belə məsələləri təkbaşına həll edə bilmərik. Amma hökumətin səlahiyyətləri, imkanları böyükdür. Məsələ dərindən araşdırılır, təkliflər qiymətləndirilir. Sakinlərə cavab veriləcək.

- Mənzilinin sahəsi az olan sakinlərin probleminə fərdi yanaşılması, kompensasiyanın artırılması mümkündürmü? Dövlətin buna imkanı varmı?

- Bu suala geniş cavab verə bilməyəcəm. Çünki belə məsələlərə hökumət baxıb qərar verir. Mən hökumət təmsilçisi deyiləm, rayon icra hakimiyyətinin başçısıyam. Hökumət təmsilçisi olmadığıma görə maliyyə məsələləri haqda bir söz deyə bilmərəm. Bunu Nazirlər Kabineti, Maliyyə Nazirliyi açıqlaya bilər. Yalnız onu deyə bilərəm ki, baş nazirin müavini Abid Şərifovun sədrlik etdiyi komissiya bu məsələlər üzərində işləyir, məsələlər araşdırılır, çətinlikləri aradan qaldırmağın yolları axtarılır. Heç kimin problemi diqqətdən kənarda qalmayıb.

-Köçürüləcək ərazidəki obyektlərin sahibləri də narazıdır. Obyektlərin bir kvadratmetrinə nə qədər kompensasiya ödənəcək?

-Belə bir problemin olduğundan məlumatımız var. Hələlik obyektlərin ölçülməsi və qiymətləndirilməsi həyata keçirilməyib. Bu məsələnin də həlli gündəmdədir. Bununla bağlı Abid Şərifova suallar verilib. Bütün suallara martın 3-də cavab veriləcək.

- Fevralın 22-də “Sovetski” sakinlərinin yenidən aksiya keçirəcəyi haqda informasiyalar yayılıb. İcra hakimiyyətinə belə bir məlumat daxil olubmu?

-Fevralın 16-da aksiya oldu və onlara heç kim bir söz demədi, müdaxilə olunmadı. “Sovetski” məhəlləsinin köçürülməsi üzrə Yasamal Rayon İcra Hakimiyyətində yaradılmış komissiyanın sədri, həm də birinci müavinim olan Səməd İslamovu ora göndərdim. Dedim ki, get camaata qulaq as, müəyyən suallara cavab ver. Hətta ondan da əvvəl demişdim ki, camaatı 150 nömrəli orta məktəbə yığaq, onlarla görüş keçirək, sakit formada söhbət eləyək, sualları eşidək, bunun əsasında təkliflər planı hazırlayaq.

Hökumət isə belə qərara gəldi ki, ərazinin köçürülməsi üzrə komissiyaya baş nazirin müavini Abid Şərifov rəhbərlik eləsin, komissiya sədri o olsun. Sakinlərlə görüşə də Abid Şərifovun özü gəldi. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, deputat Ülvi Quliyev və başqa qurumların nümayəndələri görüşdə iştirak edirdi. Mən də icra başçısı kimi oradaydım. Camaat bizi çox böyük səs-küylə qarşıladı. Özlərini elə apardılar ki, sanki harada olduqlarını, kimlə görüşdüklərini unutmuşdular. Onların özlərinə də dedim ki, bu formada hörmətsizlik olmaz. Əgər dövlətin yüksək vəzifəli rəsmisi onlarla görüşə gəlibsə, bunu öz qərarı ilə etməyib, onu ölkə rəhbərliyi göndərib. Onlara dəfələrlə müraciət etdim, dedim ki, hamimiz buradayıq, hörmətsizlik etməyin, suallarınızı verin, cavab alın, bir-birimizi dinləyək, ortaq məxrəcə gələk.

“Sovetski”də yaşayanlar bilməlidirlər ki, dövlət bu işi onları ağır vəziyyətdən çıxarmaq, yaşayışlarını yaxşılaşdırmaq üçün edir. Mən bir neçə ildir Yasamal Rayon İcra Hakimiyyətinin başçısıyam. “Sovetski” ərazisində olan Nərimanov prospektinin aşağısında, xüsusən də Abdulla Şaiq, Mirzə Fətəli Axundov, Çingiz Mustafayev və başqa küçələrdə yaşayan insanların şəraiti mənə bəllidir. Bir çoxunun həyətinə, evinə gedəndə adamın ürəyi ağrıyır. Düşünürsən ki, ilahi, insanlar bu şəraitdə necə yaşayırlar!

Azərbaycanda çox böyük layihələr həyata keçirilir, Bakı yenidən qurulur. Dövlət böyük layihələr həyata keçirməklə bərabər çətin şəraitdə yaşayan insanların da qayğısına qalır, onların yaşayışını yaxşılaşdırmaq, bu işlərə də kömək etmək istəyir. Bunu hər adam düzgün başa düşmür axı. Əgər problemi həll eləmək istəyiriksə, gəlin obyektiv fikirləşək, real addım ataq.

“Sovetski” məhəlləsinin sakinləri bir müdafiə komitəsi yaradıblar. Fevralın 19-da müdafiə komitəsinin üzvlərini icra hakimiyyətinə toplamışdım. Onlardan soruşdum ki, sizin səsləndirdiyiniz təkliflər realdırmı? Dedim ki, özünüzü hər hansı dövlət qurumunun rəhbərinin yerində təsəvvür edin, o sualları oxuyun. Həmin suallara cavab verə bilərsiniz, yoxsa yox? Tam səmimiyyətlə deyirəm ki, həmin şəxslərin özləri etiraf etdilər ki, burada qeyri-reallıq var. Onlar özləri də söylədilər ki, hələ əvvəldən insanlara demişdik bunlar qeyri-real təkliflərdir, gəlin real təkliflər verək, amma bizi eşitmədilər. Buna baxmayaraq hökumət nümayəndələri həmin təklifləri götürüb və üzərində işləyirlər.

Hesab edirəm ki, artıq mitinq olmayacaq. Ona görə ki, onlarla iki dəfə görüş olub. Martın 3-də də suallarına cavab alacaqlar. Əgər mitinq etsələr, haqsız mitinq olacaq. Mitinq etsələr, yəqin cavab veriləcək, onlara başa salacaqlar ki, nə istəyirsiniz?

-Kim başa salacaq?

- Dövlət başa salacaq. Bu işlər insanların şəraitini yaxşılaşdırmaq üçün həyata keçirilir. Dünyanın heç bir ölkəsində dövlət belə işləri öz üzərinə götürmür. Əgər hansısa dövlətdə belə bir iş görülsə, oranın vətəndaşları ölkə prezidentini göz üstə saxlayarlar.

- İbrahim müəllim, sakinlərin təklifləri nədən ibarətdir? Siz o təklifləri niyə qeyri-real hesab edirsiniz?

- Evin hər kvadratmetri üçün 4 min manat tələb edirlər. Bu realdırmı? Əvvəla, Bakıda kiməsə 1500 manatdan artıq pul verilibmi? İkincisi, onlara deyildi ki, evinin kvadratı az sakinlərin probleminin həlli haqda düşünülür, bununla bağlı tədbir görüləcək. Bilirsiniz, kimlərsə onları öyrədir, kənardan müdaxilə edilir, müxalifət qızışdırır, aranı qatır. Əgər kimsə verilən kompensasiya ilə razı deyilsə, qane olmursa, narazıdırsa, pulu almasın.

- Başqa hansı təkliflər var?

- Çoxdur, doqquz tələb yazıblar.

- Bəs köçməkdən və kompensasiya almaqdan imtina edən sakinlərin taleyi necə olacaq? Kompensasiya ilə razı olmayanlar harada yerləşdiriləcək?

- Orda qalıb yaşasınlar. Burada mümkün olmayan nəsə yoxdur. Hələlik orada yaşaya bilərlər. Dövlət xalqın həyat səviyyəsinin yaxşılaşdırılması üçün layihələr reallaşdırır. Ölkənin əsas magistral yolları yenidən qurulur, yeni yollar çəkilir, məktəblər, xəstəxanalar, sosial obyektlər, idman kompleksləri tikilir, parklar salınır, böyük işlər görülür. Ölkədə böyük layihələrlə bərabər ən xırda problemin həlli üçün də addım atılır. Nəyə görə? Vətəndaşın yaşayışını yaxşılaşdırmaq üçün. Amma heç də hamı bunu dəyərləndirə bilmir. Belə olmaz axı. Gəlin dərdinizi deyin, bir kompromisə gedin. 2015-ci ildə Azərbaycanda çox böyük tədbirlər keçiriləcək, Bakıda Avropa Olimpiya Oyunları olacaq. Görün bizim prezidentimiz nə qədər humanist rəhbərdir ki, bu qədər işlər ola-ola vətəndaşın ən kiçik problemini belə diqqətdən kənarda qoymur, onların problemlərinin həlli üçün addımlar atır. Bu da prezidentimizin ürəyinin genişliyindən irəli gəlir, insanlara olan sevgisini göstərir. İnsana bundan artıq nə yaxşılıq etmək olar? Onlar bunu dəyərləndirmək, prezidentə təşəkkür etmək əvəzinə mitinq edirlər, qışqırırlar, səs-küy salırlar.

- Qeyd etdiniz ki, insanları qızışdırırlar. Niyə belə qənaətə gəlmisiniz? Bunu təsdiqləyəcək informasiyalar varmı?

- Bəli, informasiyalar və faktlar var. Ərazidə yaşamayan bəzi adamlar bütün günü orada olurlar, çox canfəşanlıq göstərirlər, prosesə müdaxilə edirlər, insanları qızışdırırlar, müxtəlif şərtlər irəli sürürlər. Evlərin bir kvadratmetrinə 3000-4000 min manat istənilməsi də həmin kənardan gələn insanların irəli sürdüyü şərtdir, onların ideyasıdır. Belə şərtlər isə qeyri-realdır, həyata keçirilməsi mümkün deyil. Onlardan soruşmaq lazımdır ki, əgər siz bu ərazidə yaşamırsınızsa, burada nə gəzirsiniz? Marağınız nədir? Nə istəyirsiniz? Həmin şəxslər insanlarla normal ünsiyyət qurmağa, müzakirə aparmağa imkan vermirlər.

- “Sovetski” məhəlləsi köçürüləndən sonra ərazidə nə tikiləcək?

- Bu sualların heç birinə ətraflı cavab verə bilmərəm. Çünki dəqiq informasiyam olmadığına görə yanlışlığa yol verərəm. Bunu Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən öyrənə bilərsiniz. Məndə olan məlumata görə, “Sovetski” ərazisi köçürüləndən sonra orada heç nə tikilməyəcək. Orada yalnız istirahət parkı olacaq. İlkin mərhələdə yollar, küçələr genişləndiriləcək, Azərbaycan Akademik Milli Dram Teatrının arxasından Nərimanov prospektinə qədər olan ərazidə böyük bir park salınacaq. Ola bilər ki, gələcəkdə ərazidə dövlət əhəmiyyətli obyektlər tikilsin. Bunu təxmini deyirəm, ehtimal kimi söyləyirəm, çünki layihədən tam xəbərim yoxdur. Kimlərsə iddia edir ki, ərazidə binalar tikiləcək, yaşayış kompleksi salınacaq. Bunun heç bir əsası yoxdur, yalan sözlərdir.

- Köçürülmənin maliyyə tutumu məlumdurmu? Dövlət bu işə nə qədər vəsait xərcləyəcək?

- Bu suala da cavab verə bilmərəm. Ona görə ki, hazırda evlərin ölçülməsi, qiymətləndirilməsi və köçürülmənin başqa texniki tərəfləri ilə məşğuluq. İşlər həddindən artıq çoxdur. “Sovetski” məhəlləsində təxminən 3500-ə yaxın təsərrüfat var. Onlardan 2400-nün yaşadığı evlər ölçülüb və qiymətləndirilib. Ölçülən və qiymətləndirilən evlərdən 1250-ni layihələndirilib və hazır şəkildə komissiyaya təqdim olunub. Komissiya həmin evlərin sahiblərini dəvət edib müzakirə aparacaq, dövlətin təklifini onların nəzərinə çatdıracaq. Kim razı olsa, evinə görə alacağı pul bankda açılan hesaba köçürüləcək. Kimsə kompensasiyanın məbləğindən narazıdırsa, evində yaşamaqda davam edə bilər. Bütövlükdə götürdükdə işlər yeni başladığına, bir sıra məsələlər tam dəqiqləşmədiyinə və bəzi məsələlərə yenidən baxılma ehtimalı olduğuna görə “Sovetski”nin köçürülməsinə nə qədər vəsait xərclənəcəyini deyə bilmərəm. Bu gün layihənin maliyyə tutumunu dəqiq söyləmək mümkün deyil.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR