Millət vəkilinə Türkiyənin Giresun vilayətinin fəxri vətəndaşlığı təqdim edildi
Bizi izləyin

Qırmızı.az

Millət vəkilinə Türkiyənin Giresun vilayətinin fəxri vətəndaşlığı təqdim edildi

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türkiyənin Giresun bölgəsinin fəxri vətəndaşı adına layiq görülüb. Giresun Bələdiyyə sədri Kərim Aksu tərəfindən irəli sürülən və Giresun bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən Qənirə Paşayevaya Türk dünyası üçün və Giresunun tanıdılmasındakı xidmətləri, Azərbaycanla Türkiyə arasındakı, Azərbaycanla Giresun arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Giresunun fəxri vətəndaşlığı haqda sənəd təqdim olunub.

Millət vəkili Qənirə Paşayeva qələmə aldığı “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabında “bir dost ilə sevdim” dediyi Giresunu bir giresunludan daha artıq tanıtması, sevgisi nəzərə alınaraq Giresunun Fəxri Vətəndaşı elan edilib. Bu münasibətlə Giresun vilayətində, Qənirə Paşayeva və onun rəhbərliyi ilə Azərbaycandan gələn nümayəndə heyəti, Giresun Bələdiyyə sədri Kərim Aksu, Giresun Universitetinin rektoru Aygün Attar, Giresun rəsmiləri bölgə vətəndaşları və KİV-in iştirakı ilə “Qənirə Paşayevaya Fəxri Vətəndaşlığı təqdim etmə mərasimi” təşkil olunub. `

Təqdimat mərasimində əvvəlcə çıxış edən Giresun Bələdiyyə sədri Kərim Aksu Qənirə Paşayevanı bir giresunludan daha çox giresunlu adlandırıb. “Mənim 5 illik Bələdiyyə sədrliyim dövründə Giresun Bələdiyyəsi olaraq 2 nəfəri fəxri vətəndaşlıq adına layiq görmüşük. Ancaq Qənirə Paşayevaya verdiyimiz adın xüsusi yeri var. Çünki Qənirə Paşayeva Türk dünyasının birliyi və bərabərliyi üçün ürəklə çalışır. Eyni zamanda Azərbaycanın bizim qəlbimizdə xüsusi yeri var. O “bir dost ilə sevdim səni” adlandırdığı Giresunu o qədər gözəl şəkildə tanıdıb ki, bəlkə heç bir giresunlu belə edə bilməzdi.

Biz Qənirə Paşayevaya fəxri vətəndaşlıq hüququ verməklə deyə bilərik ki,dünyanın bir çox yerində Giresunu təmsil edən vətəndaşımız var”.

Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva ona göstərilən bu etimadı yüksək qiymətləndirib. Millət vəkili, onu “Fəxri vətəndaşlıq” adına layiq görən Bələdiyyə sədri Kərim Aksu və bu qərarı dəstəkləyən bələdiyyə üzvlərinə, Giresunu ona tanıdan və sevdirən Giresun Universitetinin rektoru Aygün Attara və onu vətəndaşı kimi qəbul edən giresunlulara təşəkkürünü bildirib. Bu adın onun üçün xüsusi onur olduğunu dilə gətirib. “Giresun mənim içimdədir. Mən bura gələndə gördüm ki,onların hamısı mənim insanımdır. Giresunun fəxri vətəndaşı olmaq mənim üçün şərəfdir. Türkiyədə, özəlliklə Giresunda olmaq başqa duyğudur. Mən Giresuna yazımda “bir dost ilə sevdim səni” demişəm. Belə bir adın verilməsini mənə göstərdiyiniz etimad kimi qiymətləndirirəm. Ona görə də məni bu ada layiq görən hər kəsə o cümlədən Bələdiyyə sədri Kərim Aksuya, Giresun Universitetinin rektoru Aygün Aksuya təşəkkür edirəm”.

Çıxışı zamanı fəxri vətəndaşlığın verilməsini həyatının ən gözəl anlarından biri adlandıran millət vəkili bundan sonra da Türk dünyasının birliyi bərabərliyi, o cümlədən Giresunun tanıdılması uğrunda əlindən gələni əsirgəməyəcəyini dilə gətirib. “Mənə verdiyiniz bu şərəfli statusa layiq olacağıma söz verirəm. Bizim hamımızın məqsədimiz türk millətinin birlik və bərabərliyini gücləndirmək, bu uğurda əlimizdən gələni əsirgəməmək olmalıdır”.

Qənirə Paşayeva hazırda türk dövlətləri arasında mövcud olan qırılmaz əlaqələrdən də bəhs edib. “Hazırda Azərbaycan və Türkiyə arasında dünyada analoqu olmayan əlaqələr mövcuddur. Türk dünyasının böyük şəxsiyyəti Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”,-deyərkən, Azərbaycanın ulu öndəri Heydər Əliyev, “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”,- fikrini səsləndirərkən gəncliyimizə hansı yolla irəliləməyi göstəriblər. Gənclərimiz bu fikirləri həyat şüarlarına çevirərək Azərbaycan və Türkiyə arasındakı əlaqələrin daha da genişlənməsi üçün əllərindən gələni etməlidirlər. Dil və fikirdə bir olduğumuz türk dünyası ilə olan əlaqələri inanıram ki, gənclərimiz daha da genişləndirəcək”.

Qənirə Paşayeva fəxri vətəndaşlıq statusu aldığı bu günlərdə düz 22 il əvvəl Azərbaycanda yaşanan faciələrin il dönümü olduğunu diqqətə çatdırıb. “22 il bundan əvvəl bu günlərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin, Qaradağlı kəndi, Xocalı şəhəri işğal olunub. Mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyərək arzu edirəm ki, bir gün bu cür törənləri birlik və bərabərlik içərisində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Xocalıda, Qaradağlıda, o gözəl torpaqlarımızda da qeyd edək”.

Sonda ona bu adı layiq görən hər kəsə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva, “Bundan sonra da nəfəsim yetdikcə Azərbaycan, fəxri vətəndaşlığını aldığım Giresun, Türkiyənin digər vilayətləri və eləcə də Türk dünyası üçün istər siyasətçi, istər pedaqoq, istərsə də Türk dünyasına dair kitabların müəllifi kimi əlimdən gələni əsirgəməyəcəyəm”-, deyərək fikirlərini yekunlaşdırıb.

Çıxışlardan sonra millət vəkili Qənirə Paşayevaya Giresunun fəxri vətəndaşlığı statusunun rəsmi sənədləri və üzərində Türkiyə bayrağı olan çələng təqdim olunub. O da öz növbəsində Giresun Bələdiyyə sədri Kərim Aksuya həmmüəllifi olduğu kitabları, Azərbaycan incəsənətinə və tarixi həqiqətlərinə aid hədiyyələr təqdim edib.

Mərasimdə Azərbaycan və Türkiyə mahnıları ifa olunub. Əməkdar artist Elza Seyidcahan sözləri millət vəkili Qənirə Paşayevaya musiqisi Elza Seyidcahana məxsus olan “Türkiyəm” mahnısını ifa edib.

Qeyd edək ki, tədbirdə millət vəkili ilə yanaşı onun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibində, Ədəbiyyat qəzetinin baş redaktoru Sərvaz Hüseynoğlu, Simsar informasiya agentliyinin rəhbəri İradə Nurəddinqızı həmin agentliyin müxbiri Ülviyyə Cövdətqızı, Lider Televiziyasının əməkdaşı Nuranə Axundova, İşgüzar Qadınlar İctimai Birliyinin sədri Sürəyya İsmayılova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva,190 saylı orta məktəbin müəllimi Məlahət Hüseynova, Əməkdar artist Elza Seyidcahan yer alıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm