“”Kazbek”dəki qara atlı kabusu merin kabinetində peyda olacaq” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“”Kazbek”dəki qara atlı kabusu merin kabinetində peyda olacaq” - FOTOLAR

Həmid Herisçi “Köhnə Bakı” layihəsində: “Bakının bütün cibgirləri, lotuları, kriminal ünsürləriylə də buralarda tanış olmuşam”

Həmid Herisçi “Köhnə Bakı” layihəsində: “Bakının bütün cibgirləri, lotuları, kriminal ünsürləriylə də buralarda tanış olmuşam”

Bakının gündən-günə yenilənməsi, söküntü və tikintilər labüd olsa da, dəyişən sadəcə paytaxtın siması deyil. Hər söküntü, hər tikinti özüylə bərabər paytaxtın spesifik bir kulturoloji məkanının, həmin məkanla bağlı acılı-ağrılı xatirlərin, xoş assosiasiyaların da itməsi deməkdir. Başlatdığımız yeni “Köhnə Bakı” layihəsində tanınmışları hadisələrin iştirakçısına çevirmək, onların "köhnə bakılı" xatirələrini bölüşmək qərarına gəldik. Publika.Az saytının bu layihəsinin ilk qonağı yazıçı Həmid Herisçidir.

Həmid Herisçi ilə sökülmək növbəsini gözləyən “Sovetski” məhəllələrini dolaşacaqdıq. Çünki yazıçı buranın dar-düdük məhəllələrində uşaqlığını keçirib. Biz də köhnə, qədim Bakını unutmamaq üçün bu yerləri yad etmək istəyirdik...

***

Onunla Füzuli meydanında görüşəcəkdik. Görüş yerini biz təyin etmişdik...

Şairanə mənzərələri ilə göz oxşayan Füzuli meydançası, bu gün əvvəlkindən daha hüznlü, daha qəmli göründü fotokameramıza. Göyərçinlər də bunu hiss edir elə bil. Füzuli heykəlinin başına dönə-dönə fırlanıb, məhəllə sakinlərinin “Şəbi-hicran”nını, ah-nalələrini ədəbi dahimizin qulağına “quş dili”ndə pıçıldayırlar. “AzDrama” binasının daşları arasında özlərinə yuva qurmuş bu quşlar, yerli sakinlərə baxanda daha sakit, şanslı görünür gözümüzə. “Söküntü mafiyası” hələ ki bu yuvalara girişmir, hədə dolu xəbərdarlıqları bu quşların qapılarına yapışdırmır.

Daşlar da dişlərini qıcamışdı...

Həmid Herisçi deyir ki, həyəcan dəqiqələrini yaşayanlar məhəllə sakinləridir, göyərçinlər deyil: “Şəhər meriyası yerli sakinlərə ultimatum göndərib - “İki aya evlərinizi boşaldın. 1000 manat müavinəti götürüb gedin. Özünüzə hansı xarabada istəyirsiniz ev kirayələyin. Kvadratı 1500-dən ev pulunuzu götürüb, basın bayıra. Vəssəlam-şüdtəmam”.

Daha sonra Həmid Herisçi sakinlərlə söhbətə girişir. Demək olar ki, buradakı insanların əksəriyyəti mistikaya meyilli olan yazıçını tanıyır, hər görən ona salam verirdi. Həmid sakinlərin dediyi maraqlı fikirləri öz dəftərçəsinə qeyd edir:

Yerli sakinlər baş verənlərə yumorla yanaşır:

-Sovet hökuməti də bu məhəllələri sökmək istəyirdi. Müvəffəq olmadı istəyinə. Əvəzində özü söküldü. Məhəllə qaldı. Buraların qoruyucu mələkləri güclüdür.

“Qoruyucu mələkləri güclüdür buraların”

Mustafa Sübhi(indiki adı Nabatxanım) küçəsi 19-da yaşayan Arzu Məmmədova qapısını açaraq bizi evinə qonaq çağırır. Təklifi qəbul edib, içəri daxil olduq, ev sahibəsinin çayını daddıq. Arzu xanımın dili dinc dayanmır. O, Həmid Herisçi ilə söhbətə belə başlayır:

-Beş il əvvəl “GEN” MMC şirkətinin sahibi Elbrus da buraları alıb sökmək istəyirdi, ancaq arzusu gözündə qaldı.

Arzu xanım ən çətin anında belə yumor hissini itirməyənlərdəndi. Bu gün “Sovetski” üzərində yığılmış qara buludları da ciddiyə almır o:

-Qoruyucu mələkləri güclüdür buraların. Elbrus hətta beh də paylamışdı bəzilərinə. Nooldu? Barmağı bala batdı burda, hə? Yoxxxx....Özünü zibilə saldı, düşdü qazamata. İndikilərini də oxşar tale gözləyir, görərsiniz. “Təzə pir”, Nabat xanımın ruhu qoruyur bizləri. Məscid, görürsüz də, lap yanımızdadır. Odur bizi indiyədək saxlayan. Şükür....

“Deyir sovetlər vaxtı anam məni tez evləndirdi ki, evlər söküləcək”

Söhbətə Arzu xanımın övladı Murad da qatılır:

-Televizorda qonşumuzu göstərirdilər dünənləri. Deyirdi ki, sovet vaxtları da elə hey zurna çalırdılar ki, bəs buraları sökəcəklər. Deyirdi ki, hətta anam məni tez evləndirdi ki, mülkümüz söküləndə hökumət ayrıca mənzil ayırsın mənə. Evləndim. Ev yox, xoşbəxt ailə qazandım əvəzinə...Şükür...Bu dəfə də əvvəlki kimi olacaq.

Həmid Herisçi deyir ki, buranın adı da sökülür: “Necə deyərlər “igid ölər adı qalar”- sovet hökumətinin Bakıdakı son yadigarı bu məhəllənin qısa adıdır - “Sovetski”. Mən yazıçıyam. Sözün dəyərinə, çəkisinə, fəlsəfəsinə ciddi yanaşıram. Məncə, indi burda təkcə məhəllə binaları sökülmür. Sökülməyə məhkum buranın adıdır- “Sovetski”...Deyəsən, bu ad hələ də öz düşmənlərini qıcıqlandırır”.

“O vaxt məhəllənin mələkləri, cayılları birləşdilər düşmən qarşısında”

Yazıçı deyir ki, 1918-ci ildə də düşmənlər bu məhəlləni sökmək istəyirdilər: “Özü də daha qısa müddətə, üç-dörd günə buralara ütü çəkmək xəyalındaydılar. Alınmadı. Məhəllə özünü qorudu. Mələkləri, cayılları birləşdi düşmənlər qarşısında. Nəticədə düşmənləri yendilər. Yenə də belə olar, inşallah, düşünürəm”.

Bir başqa məhəllə sakini də tez gəlib bizi yanlayır:

-Məmmədağa Ağarəhim oğlu Hacıyev . Dədə-baba mülkümdü bura. Babam, baxın, binanın üstündə saat da yerləşdirmək istəyib. Yeri boşdur indiyədək. Baxın bir.

Məmmədağanın, barmağını tuşladığı ünvana baxınca ürəyimiz sancır...Ev sahibinin nakamlığı ürəyimizi titrədir.

-Sovet hökuməti mülkümüzün yarısını müsadirə etdi. Tramvay sürücüsü Makarı, qaynaqçı Sureni gətirib basdı evimizə. Noolsun? Öldülər, gəbərdilər it kimi. Təzələrini də eyni tale gözləyir, bax mən sağ, siz salamat. Görərsiz, heç kim xeyir aparmayacaq burdan.

-(Həmid Herisçi söhbətə müdaxilə edir) Xeyir-dua verməyəcəksiz şəhər meriyasına, Hacıbalaya?

-Yox.... Verməyəcəyik.

Məmmədağa qəti hökmünü bir də təsdiqləyərək, söhbətimizin mövzu dairəsini genişləndirir:

-Bax, bu ev aktyor Kamal Xudaverdiyevin mülküdür. Dədəsi Xudaverdi indi də məhəllədə xatırlanır. Bu küçənin adı Nikolay vaxtı “Nijniy Pirskiy” adlanırdı-yəni, “Aşağı Pir küçəsi”. Mən gedəndən sonra bu söhbətlər də daha olmayacaq. Xudaverdini day kimsə xatırlamayacaq. Allah qoymaz belə zülmü, görərsiz.

Sakinlərdən cadu-piti yazanlar da var

“Sovetski”ni yaxşı tanıdığını deyən Həmid Herisçi sakinlərin sözünü kəsərək mövzuya güc qatır: “Bəli, “Sovetski” sakinləri indi bir Allaha ümid bağlayıb, bir də öz qoruyucu mələklərinə. Xülasə mistikaya. Sakinlərdən cadu-piti yazanlar da var. Dörd yol ayrıcında bu duaları oxuyur, caduları yandırır, külünü dörd tərəfə üfürürlər. Dediklərinə görə, ağır dualardı yazdıqları...Söküntü baiskarlarını, birbaşa cəhənnəmə göndərəndi bu cadu-pitilər”.

Arzu xanım isə Məmmədağanın susduğunu görüb dilə gəlir:

-Kvadratmetri 1500-dən pul verib başımızı aldatmaq istəyirlər. Gedin, yaxındakı binalara, təzə tikililərdəki qiymətlərə baxın-yarımçıq evlərdə qiymət kvadratmetrlə 2000-dən yuxarıdır, aşağı deyil. Hazır təzə evlərdə qiymət vurub çıxır kəlləçarxa - 4000, yaxud 5000 hər kvadrata. İndi özünüz düşünün məqsəd nədi bu söküntülərdə? Cuhud məhəlləsindəki təzə bağa xalq “Ahu-vay bağı” adını qoydu. Bizim məhəllə sökülsə, adı “Ahu-vay məhəlləsi” kimi qalacaq yaddaşlarda, görərsiz. Xeyir görməyəcək kimsə burda. Müştərilər qoy tələsməsinlər burda ev almağa.

Oxşar fikirləri burda demək olar ki, hamı təkrarlayır...

“Həm “Quş dili”ni, həm də Bakı ləhcəsini öyrəndim burdakı cayıllardan”

Həmid Herisçi “Sovetski”dən çox şey öyrəndiyini deyir: “Şəxsən mən bu məhəllənin mələklərinə, bir də göyərçinlərinə daha çox inanıram. Sovet hökuməti Bibi-Heybət pirini sökərkən, o pirdəki möcüzəli göyərçinlər, amanat kimi “sovetskidəki” cayıllara həvalə edilibmiş. Mən uşaqkən o quşlarla məhz bu məhəllərdə tanış oldum. Həm “Quş dili”ni, həm də Bakı ləhcəsini öyrəndim burdakı cayıllardan. Bakının sirlərinə agah oldum. Bakının bütün cibgirləri, lotuları, kriminal ünsürləriylə də buralarda tanış olmuşam vaxtiylə. Marağımız qarşılıqlıydı. Bir-birimizdən təcrübə toplayırdıq. Yazıçılar, rəssamlar üçün bu məhəllələr əsl xəzinədir. Mövzular çoxdur burda. “Kazbek” siqaretinin üstünü bəzəyən qara atlı təsvir, inanın, burdakı cayılların gözündə həmişə sağ idi sanki. Bu “qara atlı” ilğımı görəcəksiz, məhəllə sakinlərinin yenə müdafiəsinə qalxacaq. İntiqam labüddür”.

Gəzinti zamanı mason simvolikası da aşkarlayırıq. Həmid deyir ki, məhəllələrin sirləri çoxdur: “Sirlər isə bu məhəllədə lap çoxdur. Baxın, bir bu qədim qapıya. Naxışlarındakı “mason göz”ünə, yeddi şama diqqət edin. Bu qapı, bu naxışlar Hacıbala kimilərindən çoxunu yola salıb.

“Sovetski” sakinlərinin dərdini, hamı yox, evini itirmiş Qarabağ qaçqınları daha yaxşı başa düşər hələlik... Məncə, məhəllə bərpa edilib üstüaçıq turistik mərkəzə çevrilməlidir. Əks halda, “Kazbek” qutusunu bəzəyən qara atlı kabusu, məkanını dəyişib, bir günləri Hacıbalanın kabinetinə daxil olacaq”.

Müəllif: Elmin Bədəlov

Fotolar: Nihad Qulamzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm