• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

"Bu, tələbələrdə məsuliyyət yaratmaq üçündür" -Müraicət

"Bu, tələbələrdə məsuliyyət yaratmaq üçündür" -Müraicət

Bakı Dövlət Universitetinin (BDU) tələbələrinin son etiraz aksiyasından sonra ali məktəbi təmsil edən bir qrup elm adamı və pedaqoq Azərbaycan gənclərinə müraciət ediblər.

BDU-nun mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, müraciətdə tələbələrin akademik borcları üçün pul ödənməsindən danışılır.

Müraciət müəllifləri bildirirlər ki, bu ödəmə həm də tələbələrdə müəyyən məsuliyyət hissi yaratmaq məqsədilə nəzərdə tutulub: «Bu sessiya ərzində BDU-nun 20 min tələbəsindən akademik borcu olanlar 3200 nəfər təşkil etsə də, bunlardan yalnız 200 nəfərə yaxını pul ödəməli olacaq ki, bunlar da tələbələrimizin cəmi 1 faizini təşkil edir. Demək, 99% bu prosesdən kənarda qalır».

​​Müraciəti imzalayan elm adamları deyirlər ki, bu məsələ «ölkədəki sabitliyi, əmin-amanlığı gözü götürməyən bəzi bədxahlar üçün bəhanəyə çevrilib». Məlumatda deyilir ki, sosial şəbəkələrdə guya «tələbələrin cibinə girmək», «gənclərə sayqısızlıq» və s. «cəfəng iddialar» səsləndirilib.

Bildirilir ki, aksiyalardan sonra universitet rəhbərliyi iclas keçirib və münaqişə komissiyasında mübahisəli olan yüzlərlə iş tələbələrin xeyrinə həll olunub: «Yəni hal-hazırda BDU-da narazılıq doğuracaq heç bir problem yoxdur».

Müraciət müəllifləri narahatdırlar ki, yenidən sosial şəbəkələrdə BDU, o cümlədən digər paytaxt ali məktəblərinin tələbələrinə aksiya çağırışları edilir. BDU-nun müəllimləri tələbələri təmkinli olmağa və təxribatlara uymamağa çağırırlar.

Müraciəti akademiklər Vasim Məmmədəliyev, Bəhram Əsgərov, Fikrət Əliyev, AMEA-nın müxbir üzvləri Vasif Babazadə, Məsumə Məlikova, Rəfiqə Əliyeva, Məhəmməd Mehdiyev və daha 63 nəfər imzalayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR