Qənirə Paşayeva türk gəncliyini Xocalı Soyqırımını dünyaya tanıtmağa səslədi
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva türk gəncliyini Xocalı Soyqırımını dünyaya tanıtmağa səslədi

Millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini Xocalı Soyqırımını dünyaya tanıtmaq üçün fəallığını artırmağa səslədi.

İstanbulda yerləşən Yunus Əmrə Mədəniyyət mərkəzində "Xocalıya ədalət" həftəsi çərçivəsində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunan tədbir keçirilib. İslahatçı Gənclər İctimai Birliyi və İstanbul Türk Ocaqlar Birliyinin gənclər qolu tərəfindən təşkil olunan tədbirdə məqsəd, Xocalıda minlərlə azərbaycanlının soyqırıma məruz qalmasına, ailəsini, evini, yurdunu itirənlərin ağrı və acılarına Türkiyə vətəndaşlarının diqqətini cəlb etməkdir.

Tədbirdə millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva və onunla birlikdə Azərbaycandan gələn nümayəndə heyəti, İstanbul Texniki Universitetinin professoru Fatih Özbay, professor Vüqar İmanov, İstanbul Türk Ocağı Gənclər Qolunun sədri Barış Onur Sarqın İslahatçı Gənclər İB-nin sədri Fərid Şahbazlı, Azərbaycanlı fəal gənclər, Hacıbəy Heydərli, Aynişan Quliyeva və başqaları iştirak ediblər.

Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Türkiyə və Azərbaycan Dövlət himnlərinin səslənməsi ilə anım tədbirinə start verilib. Tədbiri giriş sözü ilə açan millət vəkili, Qənirə Paşayeva, 22 il əvvəl ermənilər tərəfindən törədilən və insanlığa qarşı cinayət adlandırdığı, Xocalı faciəsinin unutdurulmayacağını dilə gətirib. O, bildirib ki, bir sıra ölkələr tərəfindən Xocalı Soyqırımını tanıyan qətnamələrin qəbul edilməsinə baxmayaraq bu soyqırımın səbəbkarları hələ də ədalət qarşısında cavab verməyiblər. Ermənistan beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin yerinə yetirmədiyi üçün, 1 milyon insan hələ də evinə dönə bilmir.

"Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O səbəbdən biz Xocalı Soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı daha da sürətləndirməyi düşünürük. Dünyanın bəzi ölkələri bu soyqırımı tanıyıb".

Millət vəkili harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün türklərin bu acını sahiblənərək birlik və bərabərlik içərisində problemin həllinə çalışmalarının gərəkdiyini bildirib: “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”.

«Türk dünyasının böyük qazisi Atatürk “Tarixi yazmaq tarixi yaratmaq qədər önəmlidir”,- deyib. Böyük Atatürk bu gün sağ olsaydı, yəqin ki, o sözlərinə əlavə olaraq deyərdi ki, yaratdığınız tarixi yazmaq qədər onu öyrətmək də önəmlidir»,- deyən millət vəkili, gənclərin Azərbaycanın ulu öndəri Heydər Əliyevin “bir millət iki dövlət” fikirlərindən yola çıxaraq hərəkət etmələrinin vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycan və Türkiyənin birlik və bərabərlik içərisində yaşaması çox vacibdir. Çünki bizim babalarımız istər Çanaqqala savaşında, istər Azərbaycanın Cümhuriyyətinin qurulması uğrunda gedən mübarizələrdə nənələrimizin mahnılarında deyildiyi ki, “görməsək də duymasaq da o köy bizim köyümüzdür” deyərək mübarizə etmişlər”.

Qənirə Paşayeva qeyd edib ki, türk dünyasının böyük aydını İsmayıl bəy Qaspiralinin dediyi kimi dildə fikirdə və işdə birlik lazımdır.

Fikirlərinin sonunda millət vəkili bu məsələdə gənclərin üzərinə böyük vəzifə düşdüyünü dilə gətirərək gəncləri sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra çıxış edən Barış Onur Sarqın, Fərid Şahbazlı və Aynişan Quliyeva bir gənc olaraq daim Xocalı hadisələrinin xatırlanması və unudulmaması üçün əllərindən gələni edəcəklərinə söz veriblər.

Tədbir, İstanbul Texniki Universitetinin professoru Fatih Özbay və professor Vüqar İmanovun məruzələri ilə yekunlaşıb.

Qeyd edək ki,tədbirdə millət vəkili ilə yanaşı onun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibində, Ədəbiyyat qəzetinin baş redaktoru Sərvaz Hüseynoğlu, Simsar informasiya agentliyinin rəhbəri İradə Nurəddinqızı, həmin agentliyin müxbiri Ülviyyə Cövdətqızı, Lider Televiziyasının əməkdaşı Nuranə Axundova, İşgüzar Qadınlar İctimai Birliyinin sədri Sürəyya İsmayılova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva,190 saylı orta məktəbin müəllimi Məlahət Hüseynova, Əməkdar artist Elza Seyidcahan yer alıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm