• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Təhsil Nazirliyindən BDU-dakı aksiyaya rəsmi açıqlama

Təhsil Nazirliyindən BDU-dakı aksiyaya rəsmi açıqlama

Təhsil Nazirliyi bir neçə gün öncə tələbələrin kəsr imtahanları ilə bağlı narazılığına aydınlıq gətirib.

Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, baş verən hadisələrin əsas səbəbi yeni qaydaların ali məktəblər tərəfindən tələbələrə düzgün izah olunmamasıdır.


Nazirilik həmçinin imtahan ballarının hesablanmasında bəzi ali məktəblərin Təhsil Nazirliyinin əsasnaməsinə əməl etmədiyini bildirib.


Qeyd edilib ki, Azərbaycan Respublikası 2005-ci ildə Bolonya prosesinə qoşulub.

Bolonya Bəyannaməsinin əsas tələblərindən biri – tədris prosesinin Avropa Kredit Transfer Sisteminə uyğun olaraq təşkil edilməsidir. Bu sistem tədris planlarının şəffaflığını təmin etməklə, təhsil proqramlarının ölkə daxilində və xaricində akademik tanınmasına imkan verir, tələbələrə digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməyə şərait yaradır və beləliklə də tələbələrin əmək bazarında rəqabətədavamlılığını artırır.

Bu sistemin tətbiqi 2006/2007-ci tədris ilindən mərhələli şəkildə olaraq ölkəmizin bir neçə ali məktəbində müəyyən ixtisaslar üzrə başlayıb, hal-hazırda isə bütün ali təhsil müəssisələrini əhatə edir. Ölkəmizin ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə bağlı Təhsil Nazirliyi tərəfindən bir çox xarici ölkələrin təcrübəsi öyrənilmiş, 2006-cı ildən başlayaraq müvafiq normativ-hüquqi aktlar hazırlanıb təsdiq edilib.

Ölkəmizin ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasını sürətləndirmək, diplomların qarşılıqlı tanınmasını təmin etmək və tələbə-müəllim mobilliyini inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” (bundan sonra-Qaydalar) təsdiq olunmuşdur. Qaydalar əvvəlki sənədlərin əsasında, Azərbaycan Respublikasının Qanunvericiliyinə və Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış və müvafiq dövlət qurumları ilə razılaşdırılıb.

Tənzimləyici çərçivə sənədi kimi müasir dövrdə Avropa ölkələrinin təhsil sistemlərinə inteqrasiya və ümumavropa ali təhsil məkanına qoşulmaq baxımından bu Qaydalar mühüm əhəmiyyət kəsb edir.

Qaydalar akademik uğursuzluğa görə tələbələrin universitetdən xaric olunmasını aradan qaldırır və tələbə universitetin kontingentində qalır. Bu isə tələbələrin xaric və bərpa olunma prosesi zamanı yarana biləcək bütün neqativ halları aradan qaldırır. Köhnə qaydalardan fərqli olaraq yeni qaydalara əsasən tələbə ixtisas proqramı üzrə nəzərdə tutulan müddətdə lazım olan kreditləri toplaya bilmədikdə növbəti illərdə onlar bu kreditlərin toplanması üçün illik təhsil haqqı deyil, yalnız akademik borcu olan fənnin yenidən dinlənilməsi üçün əlavə ödəniş edir. Bu ödəniş illik təhsil haqqı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə kiçikdir. Lakin yeni Qaydaların tələbələrə düzgün izah olunmaması səbəbindən bəzi hallarda bu şərt narazılığa səbəb olub.

Bununla əlaqədar qeyd olunmalıdır ki, bəzi ali təhsil müəssisələri tələbənin biliyinin qiymətləndirilməsi zamanı imtahana görə balların hesablanmasında Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnaməyə əməl etmir, daha yüksək keçid balı müəyyənləşdirir bu isə öz növbəsində akademik borcların artımına gətirib çıxarır. Digər hallarda isə ali təhsil müəssisələrində ixtisas üzrə tədris planlarının düzgün tərtib olunmaması, bəzən semestr ərzində lüzum olmadan 30-dan artıq kreditlərin toplanmasını zəruri edir və bu da əlavə vəsaitin ödənilməsi tələbinə səbəb olur.

Bununla bağlı Təhsil Nazirliyi bir daha bildirir ki, tələbələrin biliyi qiymətləndirilərkən minimal məqbul göstərici, imtahandan toplanan bal üzrə 17, ümumilikdə fənn üzrə 51 bal müəyyənləşdirilib. Ali təhsil müəssisələri tərəfindən tələbələrin biliyinin qiymətləndirilməsi üzrə göstərilən bu qaydalardan fərqli qaydaların tətbiqi (ixtisasın və ya fənnin xüsusiyyəti nəzərə alınmaqla) yalnız Təhsil Nazirliyi ilə razılaşdırılmaqla edilə bilər.

Qeyd olunan halları aradan qaldırmaq üçün Təhsil Nazirliyi tərəfindən bütün ali təhsil müəssisələrinə müvafiq tapşırıq və tövsiyələr verillib.

Eyni zamanda, Təhsil Nazirliyi bildirir ki, hər hansı ali təhsil müəssisəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydaların tətbiqində qeyri-dürüstlüyə yol verilməməli, onlar tələbələrə düzgün və aydın şəkildə şərh edilməlidir.

Bununla yanaşı, tələb olunan minimal bal toplamayan tələbələr üçün kredit borclarının sayından, onları təkrar yığmaq vaxtından və imkanından asılı olmayaraq istənilən halda ödənişsiz olması tələbləri də əsassızdır və heç bir normativ-hüquqi akta, sadə məntiqə və beynəlxalq təcrübəyə əsaslanmır.

Təhsil Nazirliyi vurğulayır ki, ali təhsil sahəsində aparılmış islahatlar nəticəsində bütün ali təhsil müəssisələri maliyyə muxtariyyətı əldə etmişlər. Belə olan təqdirdə, ali təhsil müəssisələri öz maliyyə imkanlarından asılı olaraq müəyyən kateqoriya tələbələrin (aztəminatlı ailələrin üzvləri, əlaçılar və sair) təhsil haqqlarının ödənilməsi məqsədilə öz büdcələrində xüsusi fondların yaradılması məsələsinə baxa bilərlər.

Qeyd edək ki, 24-28 fevral 2014-cü il tarixlərində ali təhsillə bağlı, o cümlədən Qaydaların tətbiqi ilə bağlı bütün suallar nazirliyin facebook səhifəsində operativ şəkildə cavablandırılacaq.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR