• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mehriban Əliyeva: "Azərbaycan şirkətlərinin sosial məsuliyyəti artmalıdır"

Mehriban Əliyeva: "Azərbaycan şirkətlərinin sosial məsuliyyəti artmalıdır"

Fevralın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olmuşdur.

Tədbirdə məktəbəbəqədər təhsil müəssisələrində mövcud vəziyyət də müzakirə edilmişdir.

Təqdimat mərasimində çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva son illər ölkəmizdə iqtisadi yüksəlişin bütün sahələrdə özünü büruzə verdiyini, təhsilin inkişafına göstərilən diqqətin və bu sahəyə ayrılan vəsaitin artdığını bildirdi. Qeyd edildi ki, son 10 ildə ölkədə 2700 məktəb inşa olunub və ya əsaslı təmir edilib. Bununla da 1 milyondan çox şagirdin təhsil almaq şəraiti yaxşılaşdırılıb.

Mehriban Əliyeva 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin uğurla icra olunduğunu qeyd edərək dedi ki, hazırda böyük infrastruktur layihələrinin icrasına cəlb olunmuş Azərbaycan şirkətlərinin və sahibkarlıq subyektlərinin sosial məsuliyyəti artmalı, işgüzar dairələr sosial layihələrdə iştirak etməlidir.

Üçüncü regional inkişaf proqramı çərçivəsində təmirə ehtiyacı olan bütün məktəblərin yenidən qurulacağını və ölkədə bir dənə də olsun təmirsiz məktəbin qalmayacağını deyən Mehriban Əliyeva Fondun "Uşaq evləri və internat məktəblərinə dəstək" layihəsindən də danışdı, bu çərçivədə 32 internatın və uşaq evinin yenidən qurulduğunu və layihənin icrası zamanı Heydər Əliyev Fondunun özəl sektor ilə gözəl işbirliyi yaratdığını diqqətə çatdırdı.

Artıq Heydər Əliyev Fondunun yeni layihəyə start verdiyini bildirən Mehriban Əliyeva dedi ki, ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır: "Uşaqlar demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq".

Birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqini apardığını, ilkin mərhələdə bu monitorinqin paytaxtı əhatə etdiyini, gələcəkdə onun bütün ölkədə aparılacağını qeyd etdi. Azərbaycanın birinci xanımı ümidvar olduğunu bildirdi ki, Fond tərəfindən icra edilən digər layihələr kimi, məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı da uğurla icra olunacaqdır.

Sonra Fondun apardığı monitorinqin nəticələri təqdim olundu.

Təqdimatda Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələri haqqında geniş məlumat verildi. Bildirildi ki, paytaxtda 414 belə müəssisə mövcuddur. Onlardan 137-nin əsaslı təmirə ehtiyacı vardır, 11-i isə qəzalı vəziyyətdədir. Hazırda 133 məktəbəqədər təhsil müəssisəsində təmir işləri aparılır.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işləri yüksək dəyərləndirdi. Bildirdi ki, məcburi köçkünlər üçün salınan 83 qəsəbədə 28 min şagird yerlik 140 orta məktəb, 50 uşaq bağçası tikilib. Yaxın iki ayda isə Bakı şəhərindən bağçalarda məskunlaşan 133 ailənin yeni mənzillərə köçürülməsi gözlənilir.

Təhsil naziri Mikayıl Cabbarov Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun yeni təşəbbüsünə görə minnətdarlığını bildirdi. Nazir məktəbəqədər təhsilin uşaqların formalaşmasındakı rolundan, bu müəssisələrdə mövcud problemlərin aradan qaldırılmasından danışdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hazırda Bakıda 345 məktəbəqədər təhsil müəssisəsində 36 min 977 uşağın təlim-tərbiyə aldığını, 174 uşaq bağçasının tam təmir olunaraq burada lazımi şəraitin yaradıldığını, bu il 34 yeni uşaq bağçasının təmirdən sonra istifadəyə veriləcəyini dedi. O, qeyd etdi ki, bununla belə, statistik məlumatlara görə, 1 yaşından 5 yaşınadək 157 min 349 uşağın bağçaya ehtiyacı vardır. Yəni, hazırda bu yaşda uşaqların yalnız 23,4 faizi uşaq bağçalarında təlim-tərbiyə alır. Bununla da 6 qrupluq 1105 uşaq bağçasına ehtiyac vardır.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı ilə bağlı təşəbbüsə qoşulmağın onun üçün şərəf olduğunu dedi, erkən təhsilin vacibliyindən, bu sahəyə qoyulan investisiyaların böyük nəticələr verdiyindən danışdı.

Yeni proqramın təqdimatına yekun vuran Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva səslənən bütün fikir və təkliflərin nəzərə alınacağını dedi.

Mehriban Əliyeva təhsili vacib strateji sahə adlandıraraq, həm Fondun, həm dövlət qurumlarının, həm də özəl sektorun köməyi ilə böyük nailiyyətlər əldə ediləcəyini vurğuladı.

Heydər Əliyev Fondunun əməkdaşlığa hazır olduğunu diqqətə çatdıran Mehriban Əliyeva dedi ki, bu il mayın 10-da Heydər Əliyev Fondunun 10 ili tamam olur: "Bu illər ərzində, əlbəttə, Heydər Əliyev Fondu ölkəmizin ictimai həyatının müxtəlif sahələrində çox fəal iştirak edib. Bir çox layihələr, proqramlar icra edib. Qısa söyləsəm, bizim ən böyük nailiyyətimiz ondan ibarətdir ki, on il ərzində biz Azərbaycan xalqının hörmətini, dəstəyini qazanmışıq. Bizə inanırlar".

Heydər Əliyev Fondunun prezidenti bir daha əminliklə vurğuladı ki, birgə səylər nəticəsində digər layihələr kimi, bu proqram da uğurla icra olunacaqdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR