Xocalı soyqırımı ilə əlaqədar Bielefeld şəhərində yürüş-mitinq keçirilib
Bizi izləyin

Qırmızı.az

Xocalı soyqırımı ilə əlaqədar Bielefeld şəhərində yürüş-mitinq keçirilib

Almaniyanın Bielefeld şəhərində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş izdihamlı yürüş-mitinq keçirilmişdir.

Almaniyanın Bielefeld şəhərində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş izdihamlı yürüş-mitinq keçirilmişdir.

Aksiya Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində təşkil olunmuşdur.

Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi yazılmış Xocalı faciəsinin anım mərasimində Bielefeld, Hannover, Hamburq və Almaniyanın digər şəhərlərindən gəlmiş 350-dən çox həmvətənlimiz, türk diaspor təşkilatlarının təmsilçiləri, iş adamları, ictimai-siyasi xadimlər və ictimaiyyət nümayəndələri, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Musa Qasımlı iştirak etmişlər.

Tədbir Almaniya vaxtilə saat 11:00-də Azərbaycan, Türkiyə və Almaniyanın bayraqlarının dalğalandığı Bielefeld şəhərinin mərkəzi meydanında mitinq ilə başlanmışdır.

Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə müşayiət olunan mitinqdə əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Almaniyanın Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva çıxış edərək XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat vermiş, Almaniyanın müxtəlif bölgələrindən Azərbaycan diaspor cəmiyyətlərinin mitinq-yürüşə qatıldığını bildirmişdir.

Hannover şəhərindəki “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin sədri Etibar Qəniyev Xocalı soyqırımının tanıdılması istiqamətində daha geniş miqyaslı işlərin görülməsinin vacibliyindən danışmış, soydaşlarımızı bu işdə daha fəal olmağa çağırmışdır.

Milli Məclisinin deputatı, tarix elmləri doktoru Musa Qasımlı çıxış edərək qeyri-sabit hava şəraitinə baxmayaraq Almaniyanın mərkəzi şəhərlərindən birində yüzlərlə azərbaycanlının və türk diaspor təşkilatlarının təmsilçilərinin iştirak etməsini xüsusi dəyərləndirmiş, belə bir anım mərasiminin təşkilatçısına, Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinə minnətdarlığını bildirmişdir.

Dr. Ruslan Ceferi çıxış edərək Xocalı faciəsi ilə bağlı Azərbaycan-Alman Dostluq Cəmiyyətinin hazırladığı bəyanatı iştirakçıların diqqətinə çatdırmış, bəşər tarixinin ən qanlı cinayətlərindən biri olan bu qətliama dünya ictimaiyyətinin siyasi-hüquqi qiymət verməsinin zəruriliyini vurğulamışdır.

Sonra yürüş olmuş, iştirakçılar nizamlı şəkildə Bielefeld şəhərinin mərkəzi küçələrindən keçərək Xocalı faciəsinin soyqırımı kimi dünya ictimaiyyəti tərəfindən tanınmasını və erməni qəsbkarlarının Dağlıq Qarabağı tərk etmələrini tələb etmişlər. Azərbaycan və türk bayraqlarının dalğalandığı bu yürüş zamanı şəhər sakinlərinə soyqırımı barədə vəsaitlər, broşürlər və digər məlumat kitabçaları paylanılmışdır.

Yürüşdə Azərbaycan diasporunun fəal üzvləri meqafon vasitəsilə şəhər sakinlərinə və qonaqlara Xocalı faciəsi haqda məlumat vermiş, onları yürüşün məqsədi və mahiyyəti ilə tanış etmişlər. Əllərində Xocalı dəhşətlərini əks etdirən fotoşəkilləri, plakatları, Azərbaycan və Türkiyə bayraqlarını tutan aksiya iştirakçıları alman və azərbaycan dillərində “Qarabağa azadlıq”, “Xocalıya ədalət”, “Ermənistan qəsbkarları Azərbaycan ərazisindən rədd olsun” və digər şüarlar səsləndirmişlər.

Yürüş-mitinq şəhərin Jahn-Platz meydanında başa çatdıqdan sonra Bielefeld şəhərinin mərkəzi akt zallarının birində “Xocalı həqiqətləri” mövzusunda konfrans keçirilmişdir.

Hər iki tədbir yerli və xarici KİV-lər tərəfindən geniş işıqlandırılmışdır. /Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm