• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Aqil Dadaşovun həyat yoldaşının qatili: “O adamların adını çəkməyə qorxuram“

Aqil Dadaşovun həyat yoldaşının qatili: “O adamların adını çəkməyə qorxuram“

“Mənə ömürlük cəza verin, amma çox şeyi burda danışa deyiləm”

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı Elmira Dadaşovanı öldürməkdə, çoxsaylı oğurluq və oğurluğa cəhd etməkdə təqsirli bilinən Əlaqif Abbasovun məhkəməsi davam edir.

Publika.Az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını oxuyub. Daha sonra ifadə verən Əlaqif Abbasov özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O deyib ki, cinayət işi üzrə 4 epizod üzrə özünü təqsirli bilir. Digər epizodlar üzrə özünü təqsirli bilmədiyini deyən Əlaqif Abbasovun sözlərinə görə, ona qarşı təzyiqlər olub: “24 yaşıma kimi zəhmətimlə işləmişəm və ailəmi dolandırmışam. 24 yaşımdan sonra narkotik maddə qəbul etmişəm. Narkotik vasitə qəbul edəndən sonra həyatım dəyişib. 28 yaşında məni narkotik vasitələrin saxlanmasına görə həbs ediblər. 1 il 6 ay həbsdə yatandan sonra azadlığa çıxmışam. Azadlığa çıxandan sonra məni rahat buraxmayıblar. Məni təzyiq altında saxlayıblar”.

Əlaqif Abbasovun sözlərinə görə, 2013-cü il avqustun 14-də Hökməli qəsəbəsində yerləşən Aqil Dadaşovun evinə oğurluq etmək məqsədilə gedib: “Həmin evin yaxınlığına gəldim və bir qədər gözlədim. Təxminən yarım saatdan sonra ev sahibinin sürücüsü qapını bağlayaraq getdi. Bundan sonra evdə heç kimin olmadığına əmin oldum və evə girmək məqsədilə hasardan içəri keçdim. Pəncərədən içəri daxil olmaq istəsəm də, dəmir barmaqlıq olduğu işəri girə bilmədim. Buna görə də həyətdən ling tapdım və dəmir çərçivəni sındırdım. İçəri daxil olaraq pilləkənlərlə ikinci mərtəbəyə qalxdım. Bu vaxt arxadan bir nəfər məni tutdu. Həmin şəxsin qadın olduğunu bilmədim. Elə bildim ki, arxadan məni tutan kişidir. Buna görə də cibimdə olan bıçaqla ona iki-üç zərbə vurdum. Bıçaq zərbələrindən biri qadının ürək nahiyəsinə dəydi. Qadın yerə yıxıldı. O, yerdə olanda məndən su istədi. Mətbəxdən su gətirərək ona verdim. Onların evindən heç nə aparmamışam. Ekspertlər qadının bədənində 22 bıçaq xəsarəti aşkar ediblər. Lakin ona 2 və yaxud 3 bıçaq zərbəsi vurmuşam. Qadına başqa bir bıçaqdan xəsarət yetirilib. Həmin bıçaq ortalıqda yoxdur. Məni məcbur ediblər ki, həmin evdən oğurluq edim. Bu gün onların adlarını burada çəkməyə qorxuram. Bu işdə həqiqəti danışmaq qorxuludur. Mənim namusum, qeyrətim var, onları tapdalada bilmərəm. Mənə ömürlük cəza verin, amma çox şeyi burda danışan deyiləm”.

Onun sözlərinə görə, Elmira Dadaşovanın evindən oğurluq edə bilməyib. Bunun səbəbi isə qonşuların səs-küyə gəlməsi olub. Təqsirləndirilən “Bərəkət-98” firmasının ofisindən demir seyf oğurladığını etiraf edib. O, deyib ki, seyfin içərisində 100 manat olmayıb. Onun sözlərinə görə, seyfdə 95 manat olub və həmin pulu da götürüb. O pulu götürəndən sonra dəmir seyfi içərisində olan sənədlərlə birlikdə küçəyə atıb. Əlaqif Abbasov Xırdalan şəhər sakini Reyhan Müzəffərovanın evindən iki xalça oğurladığını və sonradan həmin xalçaları ev sahibinə qaytardığını deyib. O, qeyd edib ki, Reyhan Müzəffərovanın evindən 2850 manat oğurlamayıb. O, İbrahim Hüseynovun evindən 860 manat pul və qızıl əşyalarını, Çiçək qəsəbə sakini Elşən Cəlilovun, Hökməli qəsəbə sakini Mirxas Ağayevin və Kənan Məmmədovun evlərindən pul, qızıl və məişət əşyalarını oğurlamasını etiraf etməyib. Əlaqif Abbasov deyib ki, həmin epizodlar üzrə ona ittihamın verilməsi düzgün deyil: “Bu cinayətlər açılmayan cinayətlər olub. Polisdə mənə dedilər ki, qadını öldürübsən, bu cinayətləri də boynuna al. Narkoman olduğum üçün həmişə təzyiq altında olmuşam. Həbsdən azad olunandan sonra 9 ay azadlıqda qalmışam. Bu müddətdə həmişə həbs olunmaq qorxusu ilə yaşamışam”.

Əlaqif Abbasov 2013-cü il avqustun 14-də Kənan Hüseynquliyevin evindən oğurluğa cəhd göstərməsini etiraf edib. O, deyib ki, həmin vaxt oğurluq etmək istəyərkən kameraya düşüb: “Kameraya düşdüyüm üçün məni həbs edəcəkdilər. Amma həmin gün məni həbs etmədilər. Məni məcbur ölən qadının evindən oğurluq etməyə məcbur etdilər. Dedilər ki, evdə qarşına nə çıxsa, götür. Həmçinin evdə küllü miqdarda pul olduğunu dedilər. Mən də məcbur olaraq həmin evə oğurluq etmək məqsədilə getmişəm”.

Əlaqif Abbasov evində tapılan narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib. O, həmin narkotik vasitələri özü istifadə etmək məqsədilə həyətində becərdiyini deyib. O, bildirib ki, narkotik vasitə almağa imkan olmadığı üçün özü becərirmiş.

Məhkəmə prosesi martın 3-də davam edəcək.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR