• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tibb Universitetində Xocalı qurbanları anıldı

Tibb Universitetində Xocalı qurbanları anıldı

Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş tədbir keçirilib. Toplantının əvvəlində faciə zamanı qətlə yetirilmiş insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Publika.Az-ın məlumatına görə, ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov Xocalı faciəsi haqqında dünyanın bir çox ölkələrində məlumatlandırma kampaniyasının keçirildiyini bildirib:

“Dünyanın 50-dən çox ölkəsində Xocalı soyqırımı insanlığa cinayət kimi qəbul edilib. Faciənin beynəlxalq səviyyədə hüquqi qiymətləndirilməsi üçün kifayət qədər işlər görülüb. İnanırıq ki, yaxın vaxtlarda bu soyqırım dünya səviyyəsində qəbul ediləcək, faciənin səbəbkarları cəzasını alacaq”.

Daha sonra ATU-nun insan anatomiyası kafedrasının professoru Mübariz Allahverdiyev Xocalı faciəsinin tarixi haqqında söz açıb. Həmin hadisələrin içində olan M.Allahverdiyev həmin gecə ailə üzvlərini itirdiyini qeyd edib. Professor Mübariz Allahverdiyev o dəhşətli gecə baş verənlər haqqında danışaraq tezliklə soyqırım törədənlərin cəzalandırılacağından əminliyini bildirib.

YAP-ın Nəsimi rayon təşkilatının sədri, Milli Məclis üzvü Məlahət Həsənova Xocalıda baş vermiş hadisələri Azərbaycan tarixinin ən qara səhifələrindən biri olduğunu bildirib: “Əminik ki, Azərbaycan dövlətinin, cənab prezidentin gördüyü işlər öz bəhrəsini verəcək. Tezliklə torpaqlarımı işğaldan azad edəcək, qaçqınlarımızı öz yurdlarına qayıdacaq”.

Tədbirdə bir daha vurğulanıb ki, 7 min əhalisi olan Xocalı şəhərinin 1991-ci ildən başlayaraq erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanılıb, fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun motoatıcı alayının köməyi ilə hücuma məruz qalaraq tamamilə məhv edilib.

Xocalı soyqırımı zamanı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulub, 487 dinc sakin ağır yaralanaraq şikəst olmuş, 1275 nəfər əsir və girov götürülüb. İtkin düşmüş 150 nəfərin taleyi indiyədək məlum deyildir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR