Adana bələdiyyə başqanı Qənirə Paşayevanın Xocalı ilə bağlı xahişini qəbul etdi
Bizi izləyin

Qırmızı.az

Adana bələdiyyə başqanı Qənirə Paşayevanın Xocalı ilə bağlı xahişini qəbul etdi

Türkiyənin Adana şəhərində Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunan tədbir keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, tədbirdə millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Azərbaycan Kültür Dərnəklərinin təşkilatçılığı ilə keçirilən tədbirdə, Adana Böyükşəhər bələdiyyəsi sədri Zehni Aldırmaz, Ceyhan Bələdiyyə sədri Hüseyin Sözlü, Azərbaycan Kültür Mərkəzinin sədri Yaqub Bulut, onun müavini Cahangir Zeynalov, Qardaş Mədəniyyətlər Dərnəyinin üzvləri, Adana rəsmiləri, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Ədəbiyyat qəzetinin baş redaktoru Sərvaz Hüseynoğlu, Simsar informasiya agentliyinin rəhbəri İradə Nurəddinqızı, həmin agentliyin müxbiri Ülviyyə Cövdətqızı, Lider Televiziyasının əməkdaşı Nuranə Axundova, İşgüzar Qadınlar İctimai Birliyinin sədri Sürəyya İsmayılova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva,190 saylı orta məktəbin müəllimi Məlahət Hüseynova, Əməkdar artist Elza Seyidcahan, Adanada təhsil alan azərbaycanlılar və adanalılar iştirak ediblər. Tədbirə Türkiyə və Azərbaycan himnlərinin oxunması ilə start verilib.

Tədbirdə çıxış edən Azərbaycan Kültür Mərkəzinin rəhbəri Yaqub Bulud bildirib ki, hər il bu tədbirin keçirilməsində məqsəd Xocalını unutmamaq və unutdurmamaqdır:

“Bizim türk milləti olaraq utanc duyacaq tariximiz yoxdur. Ona görə də gənclərimiz şüurlu şəkildə tarixi bilməli və öz haqqlarını müdafiə etməyi bacarmalıdır. Biz türklər, Xocalı soyqırımını unutmayacaq və unutdurmayacağıq”.

Yaqub Buludun ardınca çıxış edən Qardaş Mədəniyyətlər Dərnəklərinin rəhbəri Halil Akyürek, ermənilərin qondarma soyqırım iddialarını dünyaya qəbul etdirərək Xocalı soyqırımını unutdurmaq istədiklərini dilə gətirib. O bildirib ki, “onlar bu məqsədlərinə nail ola bilməyəcəklər. Çünki bizlər Xocalıda gülləyə tuş gələn azərbaycanlı qardaşlarımızın ağrısını hələ də hiss edirik”.

Daha sonra çıxış üçün söz Böyükşəhər Bələdiyyə başçısı Zehni Aldırmaza verilib. Z. Aldırmaz, “kaş ki, bu günləri heç yaşamasaydıq”-deyə nitqinə başlayıb. O bildirib ki, ürək ağrısı ilə il dönümünü qeyd etdiyimiz Xocalı Soyqırımının unutdurulmaması üçün tezliklə Xocalı soyqırımı abidəsinin tikiləcək və bu hadisələri törədənlərə layiqli cavab veriləcək.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva “22 il əvvəl 26 fevral tarixində ermənilər Xocalı sakinlərini soyqırıma məruz qoyublar. Adanada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidənin qısa vaxtda tikilib hazır olmasını arzu edirəm. Bu abidəni biz sizdən gözləyirik. 1918-ci ilin martın 31-də ermənilər xarici qüvvələrin dəstəyi ilə minlərlə azərbaycanlını qətlə yetirərkən Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun köməyi olmasa idi, tarixdə misli görünməmiş soyqırım baş verərdi. Hər il 31 mart azərbaycanlıların soyqırıma məruz qalmalarının ildönümü kimi qeyd olunur. “Xocalı” abidəsinin 31 mart tarixinə qədər tikilib hazırlanması həm 1918-ci il 31 martda həm də 1992-ci il 26 fevral, Xocalıda soyqırıma məruz qalan insanlarımızın ruhu qarşısında atılan böyük bir addım olar”,-deyə bildirib. O qeyd edib ki, bu cür abidələrin tikilməsi gənclərin doğru yetişdirilməsi tarixlərini daha yaxşı bilməsi üçün gərəklidir.

Millət vəkilinin sözlərinə görə, harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün türklər bu acını sahiblənərək birlik və bərabərlik içərisində problemin həllinə çalışmalıdır: “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”.

«Türk dünyasının böyük qazisi Atatürk “Tarixi yazmaq tarixi yaratmaq qədər önəmlidir”,- deyib. Böyük Atatürk bu gün sağ olsaydı, yəqin ki, o sözlərinə əlavə olaraq deyərdi ki, yaratdığınız tarixi yazmaq qədər onu öyrətmək də önəmlidir»,- deyən millət vəkili, gənclərin Azərbaycanın ulu öndəri Heydər Əliyevin “bir millət iki dövlət” fikirlərində yola çıxaraq hərəkət etmələrinin vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycan və Türkiyənin birlik və bərabərlik içərisində yaşaması çox vacibdir. Çünki bizim babalarımız istər Çanaqqala savaşında, istər Azərbaycan Cümhuriyyətinin qurulması uğrunda gedən mübarizələrdə nənələrimizin mahnılarında deyildiyi ki, “getməsək də gəlməsək də, o köy bizim köyümüzdür” deyərək mübarizə etmişlər”. Qənirə Paşayeva qeyd edib ki, türk dünyasının böyük aydını İsmayıl bəy Qaspiralinin dediyi kimi dildə fikirdə və işdə birlik olmazsa türk dünyasının birliyindən söz açmaq olmaz.

Gənclərin tarixi gerçəkliklərin dünyaya çatdırılması istiqamətində əsas qüvvə olduğunu vurğulayan millət vəkili hər bir türk gəncini öz tarixini dərindən bilməyə, ona sahiblənməyə və gerçəklikləri bacardığı qədər dünyaya çatdırmağa çağırıb. O, gəncləri sosial mediada, virtual aləmdə fəal olmağa, qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılmasında iştirak etməyə çağırıb.

Xocalı faciəsinin unutdurulmayacağını deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bir sıra ölkələr tərəfindən Xocalı Soyqırımını tanıyan qətnamələrin qəbul edilməsinə baxmayaraq bu soyqırımın səbəbkarları hələ də ədalət qarşısında cavab verməyiblər. Ermənistan beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin yerinə yetirmədiyi üçün, 1 milyon insan hələ də evinə dönə bilmir. "Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O səbəbdən biz Xocalı Soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı daha da sürətləndirməyi düşünürük. Dünyanın bəzi ölkələri bu soyqırımı tanıyıb". Q. Paşayeva həmçinin Xocalı soyqırımını tanıyan Adana Böyükşəhər Bələdiyyəsinə bu qərarına görə təşəkkürünü bildirib. “Mən Adana Böyükşəhər bəədiyyəsinə Xocalı soyqırımını tanıdığı üçün həm öz adımdan, həm də millətim adından təşəkkür edirəm. Güman edirəm ki, bu cür qərarları qəbul edən bələdiyyələrin sayı daha da artar. Ceyhan Bələdiyyə sədrinə Dağlıq Qarabağ, Xocalı məsələsinə xüsusi diqqət yetiriyinə görə təşəkkür edirəm”.

Millət vəkili sonda, növbəti görüşləri birlik və bərabərlik içərisində erməni işğalından azad edəcəyimiz, Dağlıq Qarabağda, Şuşada, Xankəndində, Laçında və digər o gözəl torpaqlarımızda qeyd etməyi arzuladığını deyərək, fikirlərini yekunlaşdırıb.

Tədbirdə həmçinin çıxış edən Azərbaycan səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Xocalı soyqırımını insanlığa qarşı edilən ən böyük cinayət adlandırıb. O bildirib ki, Xocalı soyqırımının xatirəsinə ucaldılacaq abidə Türkiyənin, Adananın azərbaycanlılara olan hörmətinin və sevginin nəticəsidir.

Tədbir çərçivəsində iştirakçılara Milli qəhrəman, operator Çingiz Mustafayevin lentə aldığı Xocalı soyqırımı hadisələri nümayiş etdirilib. Sonda millət vəkili Qənirə Paşayevaya xatirə plaketi təqdim edilib.

Qeyd edək ki, Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunan tədbirdən əvvəl Çuxurova kültür mərkəzində Xocalı soyqırımını əks etdirən foto sərgi təşkil edilib. Daha sonra millət vəkili Qənirə Paşayevanın həmmüəllifi olduğu “Hocalı Soykırımı-tanıkların dilindən” kitabının təqdimat və imzalanma mərasimi keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm