• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Litvada Xocalı toplantısı keçirilib

Litvada Xocalı toplantısı keçirilib

24 Fevral 2014-cü ildə Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyələşdirdiyi "Xocalı (26.02.1992) haqqında məlumat və Dağlıq Qarabağ münaqişəsi haqqında Litva ictimaiyyətinin rəyi” layihəsi çərçivəsində “Cənubi Qafqazda həll olunmamış münaqişələr beynəlxalq münasibətlər kontekstində - Xocalı soyqırımı” adlı toplantı keçirilib.

Şuranın beynəlxalq əlaqələr üzrə əməkdaşları Mustafa Qurbanlı və Aytac Əlixanlının da qatıldığı tədbir Litvanın Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Toplantını giriş sözü ilə açan Litvanın Mykolas Romeris Universitetinin rektoru prof.dr. Alvydas Pumpitis Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik olan Azərbaycanın bölgədəki rolundan və ikitərəfli münasibətlərin inkişaf perespektivlərindən danışıb. O Xocalı soyqırımını 20-ci əsrin ən böyük faciələrindən biri adlandıraraq ölkəmizin ərazi bütövlüyünün bərpasının beynəlxalq hüququn tələblərindən biri olduğunu vurğulayıb.

Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə, Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Qreta Monika, Şuranın əməkdaşı Mustafa Qurbanlı və Litvanın Mykolas Romeris Universitetinin professoru dr. Laurynas Bieksa da çıxış edərək Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın problemin həlli ilə bağlı tutduğu ədalətli mövqe və Xocalı soyqırımı haqqında fikirlərini toplantı iştirakçıları ilə bölüşüblər.

Toplantının sonunda Xocalı soyqırımına həsr olunmuş film nümayiş olunub.

Qeyd edək ki, layihəyə uyğun olaraq Litvanın nüfuzlu kütləvi informasiya vasitələrində Xocalı soyqırımına dair yazı müsabiqəsi elan edilib. Ötən müddət ərzində təşkilatçılara Avropanın müxtəlif ölkələrindən alim və tədqiqatçıların mövzu ilə əlaqədar məqalələri daxil olub. Hazırda müsabiqəyə təqdim edilmiş məqalələrin seçilərək kitab halında nəşri ilə bağlı müvafiq iş aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR