İlham Əliyev Sumqayıtdakı Nəsimi parkında yenidənqurma işləri ilə tanış olub
Bizi izləyin

Qırmızı.az

İlham Əliyev Sumqayıtdakı Nəsimi parkında yenidənqurma işləri ilə tanış olub

Prezident İlham Əliyev fevralın 25-də Sumqayıtdakı Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında görülən irimiqyaslı abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə məlumat verdi ki, 2011-ci ildən başlayaraq davam etdirilən işlər nəticəsində parkın 100 hektardan çox olan ərazisində əhalinin istirahətinin təmin olunması məqsədilə geniş tikinti işləri aparılıb.

Dövlətimizin başçısına Bakı-Quba avtomagistralından şəhərin Koroğlu küçəsinədək yolun genişləndirilməsi planı ilə bağlı məlumat verildi. Bundan əlavə, Sumqayıtda inşa ediləcək "Yaşıl teatr"ın layihəsi təqdim olundu. Bildirildi ki, şəhərdə həyata keçiriləcək abadlıq və yenidənqurma işləri sırasında Nəsimi parkında sahilboyu yolun çəkilməsi də planlaşdırılır.

Prezident İlham Əliyev 20 Yanvar və Xocalı faciələrinə həsr olunan abidlərin layihəsinə də baxıb.

İndiyədək Nəsimi adına mədəniyyət və istirahət parkında bir çox iaşə obyektləri tikilib və bu proses davam etdirilir.

Xatırladaq ki, 1967-ci ildə yaradılan bu mədəniyyət və istirahət parkında o vaxtlar nadir ağac növləri əkilmiş və bu ənənə hazırda aparılan yenidənqurma işləri çərçivəsində qorunub saxlanır. 1978-ci ildən isə park dahi Azərbaycan şairi Nəsiminin adını daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarı ilə bu mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm