Heydər Əliyev sinəmdəki xaçı gördü və... – Video/16+
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyev sinəmdəki xaçı gördü və... – Video/16+

Bu insanın başına gələnlər haqda nəinki yazmaq, hətta onu dinləmək belə olduqca çətindir.

Ucar rayon sakini, 1971-ci il martın 10-da dünyaya gəlmiş Mail Məmmədov nə az, nə çox – düz 247 gün düşmən əsirliyində əzab çəkib, dözülməz işgəncələr görüb.

Onun axar.az-a müsahibəsini təqdim edirik.

Mütəllibov üstümüzə qoşun göndərmişdi

- Mail neçənci ildə Qarabağda gedən döyüşlərə qatıldın?

- 1990-cı ildə Almaniyanın Stendel şəhərində hərbi xidmətdə idim, orada televizordan Qarabağın dağlıq bölgəsində vəziyyətin müharibə həddinə çatdığını eşitdim. Elə həmin ili Sovet qoşunları Almaniyanı tərk etməyə başladı, mən də çıxıb vətənə yollandım. Bizi keçmiş 26-lar bağında Xalq Cəbhəsinin üzvləri və Fəhmin Hacıyev qarşıladı. Bakının Kirov qəsəbəsində, əsgərlikdən yarımçıq gələn əsgərləri yığıb ora apardılar. Kirovda bir bina vardı, deyəsən indi Milli İstiqlal Partiyasının binasıdır. O vaxt Etibar Məmmədov, Araz Əlizadə, Tahir Quliyev, Rəhim Qaziyev orda otururdular. Bizi oradan da göndərdilər Nasosnuya. Birinci əməlliyyatımız da orda oldu. Fəhmin Hacıyev, mən və məndən başqa iki əsgər. 4 nəfər idik, getdik Nasosnudakı hərbi hissəyə. Eşitmişdik ki, ruslar ordan hərbi təyyarə ilə, külli miqdarda silah-sursatı aparacaqlar Rusiyaya. Getdik gördük ki, hərbi təyyarə hazır vəziyyətdə durub, silahları gözləyir. Gördük bir hərbi avtobus gəlir. Sürücüsü qırğız idi. Avtobusun qabağını kəsdik, içində rus zabiti vardı. Girdik avtobusun içinə, içəridə böyük bir sandıq gördüm. Mən sandığı açanda rus zabiti müqavimət göstərmək istədi, Fəhmin Hacıyev onu vurdu. Baxdım ki, sandığın içində çoxlu tapança və güllələr var. Silahları və rus zabitini də götürüb getdik qəsəbədəki binaya. Həmin binanın altında anbar vardı, silahları ora yığırdıq. Sonra Pereküşküldəki hərbi hissəyə yollandıq. Orda atışma oldu, ruslar iki əsgərimizi öldürdülər. Çıxıb yenə öz qərargahımıza yollandıq. Gecə qərargahımıza hücum olundu, Ayaz Mütəllibov üstümüzə əməlli-başlı qoşun göndərmişdi - zirehli maşınlar, hətta tank da yeritmişdi üstümüzə. Özü də rus əsgərlərini göndərmişdi. Binada saxladığımız silahlarla hücumun qarşısını almağa başladıq. Bizə bata bilmədilər. Ayaz Mütəllibov bizim dəstənin adını “adam yeyənlər” qoymuşdu. Bakıda yerləşən hərbi hissələrdən silah toplayıb Qarabağa göndərirdik.

- Sizə Bakının hərbi hissələrindən silahları toplayaraq Qarabağa göndərmək əmrini kim vermişdi?

- Etibar Məmmədov, Tahir Quliyev, Araz Əlizadə, Rəhim Qaziyev. Biz bu insanlara tabe idik. Əmri də onlardan alırdıq. Əsas da Rəhim Qaziyevə tabe idik.

- Həmin hücumdan sonra nə oldu? Qərargahınızı təhvil verdinizmi?

- Yox. Bir neçə gün sonra o binanın qapısının ağzında postda dayanmışdım, gördüm dörd hərbi maşın bizim binanın yoluna döndü. Tez binadakılara xəbər verdim, maşınları mühasirəyə aldıq. Soruşduq ki, bu yük maşınlarının içində nə aparırsınız? Dedilər, qum. Hərbi yük maşınlarında qum daşımaq əlbəttə inandırıcı deyildi. Bir sözlə, yük avtomobillərindəki qumun altında çoxlu silah-sursat aşkarladıq. Həmin silahları bir neçə gün sonra göndərdik Laçına. Sonra bir neçə hərbi hissədən də rusları tərkisilah edərək, əldə etdiyimiz silahları Qarabağa göndərməyə başladıq.

Xocalıdan bir neçə könüllü gəlmişdi binamıza, silah istəyirdilər, özlərini müdafiə etmək üçün. Onlara silah verdik. Qarabağda yaşayanlar kortəbii şəkildə də olsa, özlərini müdafiə edirdilər. Bakıdan topladığımız silah, maşın, patron - bunların hamısını göndərirdik Qarabağa. Özüm bir dənə Qaz-24 qaçırtmışdım. Gördüm ki, bir rus zabiti düşdü avtomobildən, sürücü əsgər isə düşüb qara rəngli 24–ün təkərini təpikləyib boş olub-olmadığını yoxlayırdı. Yanımda Tovuzdan Zöhrab adlı bir oğlan vardı, dedim, gəl, bu maşını qaçırdaq. Rus əsgərini tərkisilah eləyib maşını qaçırtdıq. Rəhim Qaziyev buna görə bizə çoxlu təriflər yağdırdı. Sabahsı gün avtomobili göndərdilər Qarabağa. Bir UAZ avtomobili də qaçırtımışdıq, onu da göndərdilər. Sonradan Rövşən Cavadov bizə komandir təyin olundu, gəlib olduğumuz binaya yerləşdi.

Rəhim Qaziyev onu da özümüzlə götürməmizi istədi

Bu hadisələrdən bir müddət sonra, gəlib dedilər ki, kim Qarabağda könüllü döyüşmək istəyir? Ərizə yazaraq, könüllü döyüşmək istəyimi bildirdim. 13-14 müxtəlif markalı avtomobillərlə yollandıq Laçın dəhlizinə. Bu hadisələr baş verən vaxtlarda Qarabağın bir rayonu belə işğal olunmamışdı. Yalnız Laçının Malıbəyli kəndini almışdı ermənilər. Amma ermənilərin azərbaycanlılara qarşı zorakılıqları və təcavüzləri içi mən qarışıq hamını hiddətləndirirdi. Qarabağda özbaşınalıq və xaos hökm sürürdü. Laçın dəhlizinə gedəndə mən Zil-131 avtomobilini idarə edirdim. İdarə etdiyim avtomobildə ancaq çörək və yeyinti məhsulları vardı. Rəhim Qaziyev də bizim üstümüzdə Laçın dəhlizinə yollandı. Sırayla kalon şəklində gedirdik, o da tez-tez öz avtomobili ilə yanımızdan gəlib keçirdi, bizə nəzarət edirdi. Yolda silahlı bir əsgərə rast gəldik. Rəhim Qaziyev bizi saxladıb, onu da özümüzlə götürməmizi istədi. Onu da götürdük özümüzlə. Laçına az qalmış, bir kənddə kluba yerləşdik. Mən postda dayandım. Birdən, klubdan dəhşətli atışma səsi eşitdim. Yoldan götürdüyümüz həmin adam, içəridə kim var idisə, hamıya güllə yağdırırdı. 3-4 nəfər döyüş yoldaşlarımız öldü həmin hadisədə, bir neçə nəfər isə yaralandı. Rəhim Qaziyev də ayağından güllə yarası almışdı. Həmin əclafı, Nail adlı bir mayor vardı, atışma zamanı öldürdü. Məncə, bütün bunlar qurama idi.

Çıldır kəndində 127 nəfər gənc, təcrübəsiz əsgəri boş yerə qırğına vermişdilər. Bizi apardılar həmin kəndə meyitləri götürməyə. Sonralar həmin kəndi ermənilərdən aldıq. Mən böyük itkilərimizə səbəb olan Daşaltı əməliyyatında da iştirak etmişəm. Həmin əməliyyatda, bələdçilərin satqınlığı üzündən böyük itgilər verdik.

Döyüşlər bu axarla davam etsəydi...

- Mail, əsir düşməyin necə oldu?

- Şuşanın, Laçının işğalından sonra, Ağdam bölgəsinə gəldim. Həmin gün bizi bir başa Sərsəng su anbarındakı turist bazasına apardılar. Sonra Kaçaqod kəndinin müdafiəsinə atıldıq. Kaçaqod, Çıldıran, Sırxavənd, Dovşanlı və başqa kəndləri erməni qəsbkarlarından azad etdik. Sırxavənd kəndində, meşənin qalınlığında ermənilərin donuz ferması var idi. Ordan baxanda Xankəndi, Əsgəran əl içi kimi görünürdü. Əgər döyüşlər bu axarla davam etsəydi, tez vaxtda həmin doğma yerləri də ermənilərdən azad edəcəkdik.

Yoldaşlarımdan birinin başı bədənindən ayrıldı

1992-ci il oktyabrın 1-də həmin donuz fermasının yaxınlığında əlimdən, ayağımdan və başımdan yaralandım. Çətinliklə də olsa, yaralarımı sarıdıqdan sonra geri çəkildim. Ertəsi gün saat 14:00-da 3 nəfər kəşfiyyatçı ilə əməliyyatdan geri qayıdanda gördük ki, erməni döyüşçüləri səngərlərimizə soxularaq əsgərlərimizin bir neçəsini öldürüblər. Bu qanlı döyüşdən yalnız 16 nəfər sağ çıxa bilmişdi. Biz də meşənin qalınlığı ilə geri çəkilirdik ki, döyüşçülərimizin yanına çataq. Gözləmədiyimiz anda meşənin sıx yerində düşmən pusqusuna düşdük. Atılan mərmilərdən biri lap yaxınlığımıza düşdü. Əsgər yoldaşlarımdan birinin başını bədənindən ayırdı, o birisininsə kürəyini deşik-deşik etdi. Xoşbəxtlikdən qəlpələr məni ötəri tutdu, ayağımdan yaralandım. Sıx meşəlik olduğundan irəliləmək çox çətin idi, amma buna baxmayaraq 700-800 metr sürünərək irəliləyə bildim. Bir ağac gövdəsinin arxasına keçərək dincəlmək istədim. Elə bu vaxt boynumun ardından güclü bir zərbə dəydi. Məni arxası üstə çevirərək ağız-burnumu təpiklədilər. Sonra məni ermənilər yaşayan bir kəndə gətirdilər.

Qadınları zəncirlə divara bağlamışdılar

Kəndin kişiləri ilə birgə qadınları da məni daş-kəsəklə vururdular. Bir qoca qadın keçdi önümə. Dedi ki, niyə vuruşursan? Dedim, torpaqlarımız üçün. Yerdən bir ovuc torpaq götürüb ağzıma tıxadı. Daş dəyməyən, zədə almayan yerim qalmamışdı. Sonra məni bir rus zabiti sorğuya çəkdi. Özünün dediyinə görə, Bakıda baş verən 20 yanvar qırğınında onun da “böyük zəhməti” olubmuş. O bunu fərəhlə deyirdi. Məni bir çuvala salıb ağacla möhkəmcə döydü. Daha sonra məni Xankəndinə apardılar. Yol boyu siqaretlərini çəkib qurtardıqdan sonra bədənimdə söndürürdülər. Türməyə çatmağımıza az qalmış, məni yük maşınından düşürüb sürüyə-sürüyə apardılar. Yeriyə bilmirdim. Yolda orta yaşlı bir erməni ilə rastlaşdıq, məni aparanlardan soruşdu ki, bu türkdür? Ona “hə” cavabı verdilər. Bunu eşidən kimi həmin erməni əlindəki armaturla məni döyməyə başladı. Sağ qolumun sümüyü dirsəkdən qırıldı, qabırğalarım möhkəm əzildi. Sonra məni sürüyüb türmənin kameralarından birinə atdılar. İçəridə 20-yə yaxın azərbaycanlı qız-gəlin var idi. Ermənilər onları zəncirlə divara bağlamışdı. Sonra yekə, enli bir dəmir gətirib qolumu onun üstünə qoyaraq çəkiclə vurmağa başladılar. Beləcə, qol-qıçımı çəkiclə vurub sındırdılar. Onlar məndən neçə erməni öldürdüyümü soruşurdular, mənsə həmişə “bilmirəm” deyirdim.

Onsuz da hər gün ölürəm...

- Mail, səninçün necə ağrılı olduğunu bilirəm, ancaq yenə də gördüyün işgəncələri danışmağını istəyirəm.

- Nəyi danışım? Xankəndində qız-qadınlarımızın başına gətirilən müsibətlərimi? Mən onsuz da yaşadıqlarımın üstündən neçə il keçməsinə baxmayaraq, hər gün ölürəm...

Bir qız satmışdı məni...

(Nəfəsini içinə çəkərək dodaqlarını gəmirə-gəmirə susur.)

...Xankəndində türmənin həyətinə çıxarıb bizləri hərdənbir gəzdirirdilər. Qadınların saxlanıldığı kameralardan birinin pəncərəsi həmin həyətə baxırdı. O kameraya 8 azərbaycanlı qızı yenicə gətirmişdilər. Bir də gördüm ki, qızlardan biri ordan yavşca boylanaraq mənə işarə edir. Onun yaxınlığından keçəndə mənə dedi ki, bizə bir şüşə qırığı tap ver. Yerdə para bir lezva sataşdı gözümə. Bizə nəzarət edən erməni əsgərinin gözünü oğurlayıb, lezvanı birtəhər yerdən götürüb, atdım həmin pəncərədən içəri. Sabahı gün dəhşətli bir hay-həşir düşdü həbsxanaya. Gəlib məni apardılar həmin qadınların saxlanıldığı kameraya. Yer büs-bütün qan içində idi. Qızlardan 4-ü damarlarını kəsərək düşmən əlinə keçmədən özlərini öldürmüşdü. Sağ qalanların içərisində bir qız satmışdı məni... (susur)

Körpə uşaqları əhəng quyularına atıb yandırıblar

Sonra Spitakda dəhşətli bir hadisə ilə rastlaşdım. Bizi əhəng zavoduna işləməyə aparmışdılar. 20 nəfər idik. Kimlər ki, aclıqdan taqətsiz olurdu, işləyə bilmirdi və ya öz yaxınları tərəfindən axtarılmırdı, hamısını bir–bir əhəng quyularına atıb karbitlə yandırırdılar. Özləri də qıraqdan baxıb gülürdülər. Gözümün qarşısında həmin əhəng quyularına körpə uşaqları atıb yandırıblar. İnan mənə, o an heç nə hiss edə bilmirdim.

Qadının qarnının içinə pişik balası qoydular

İrəvanda da əsir olmuşam. Orda, saxlanıldığım kamerada bir azərbaycanlı hamilə qadın da vardı. Həmin qadının 3 uşağı da yanında idi. Uşaqlarının gözü önündə o qadının qarnını yararaq bətnindəki körpəni çıxardılar. Bunu gördüm. (Mail bu sözləri dedikcə elə nəfəs alır ki, səhhətinin ağırlaşacağından qorxuram.) Sonra həmin qadının qarnının içinə gözü baxa-baxa, elə uşaqlarının gözü önündə pişik balası qoydular.

Qadınsa oynayırdı, elə bil məni eşitmirdi...

Hadrutda da olmuşam bir müddət. Orda məni bir erməni zabitinin yanına apardılar. Otağa girəndə gördüm ki, cavan bir gəlin oturub sobanın yanında. Zabit stulu göstərib, oturmağımı istədi, oturdum. Qarşısında bir qom nəşə vardı, hallı idi. Birdən mənə gülə-gülə baxıb, çəpik çaldı, sobanın yanında oturan həmin o gəlin də başladı durub oynamağa. Özü də azərbaycanca mahnı oxuya-oxuya. Başa düşdüm ki, gəlin azərbaycanlıdır. Qışqırıb dedim ki, oynama. Qadınsa oynayırdı, heç elə bil məni eşitmirdi. Sən demə, gəlin dəli olubmuş... onu qınamıram... Elə qışqırdığıma görə, sobanın üstündən qəhvədanı götürüb qaynar suyu başıma tökdülər. Kəlləmin ortasından kürəyimin ortasına kimi saçım, dərim soyuldu.

Gözümün önündə bir uşağın qolunu dirsəkdən kəsib apardılar. Həmin işgəncəni edən ermənilərin danışığından başa düşdüm ki, Amerikada bir erməni uşağının sümük çatışmazlığı var, ona görə belə edirlər.

Gördüm bir erməni əsgəri əlində aftafa gedir...

Xankəndində qaldığım vaxtlar idi, yanıma bir əsgərimizi gətirib atdılar. Qarnı cırılmışdı, bağırsaqları görünürdü. Adı Vaqif idi. Gədəbyli Vaqif. Qollarını arxadan məftillə bağladıqlarına görə, məftil sümüklərinə işləmişdi. Məndən su istədi. Pəncərədən boylandım, gördüm bir erməni əsgəri əlində aftafa gedir. Çağırıb ondan su istədim, o da mənə iki stəkan su verdi. İkisini də Vaqifə içirdim. Sonra Vaqifin qollarını açdım, amma bərk-bərk tapşırdım ki, səs-küy eşitsən, qollarını arxaya tut.

Əyilib bağırsaqlarını yerdən qarnına yığırdı

Mən də yuxuya getmişəm, o da. Gəlib görüblər ki, Vaqif əllərini başının altına qoyub yatıb. Ona görə məni odun parçası ilə döydülər. Vaqifin isə, qarnına təpiyi necə vurdularsa, bağırsaqları töküldü yerə. Yazıq əyilib bağırsaqlarını yerdən qarnına yığırdı. Bu, dəhşət idi. Sonra Vaqifi sürüyə-sürüyə kameradan çıxaranda bağırsağı ilişdi qapıya, heç fikir vermədilər. Yazıq elə qışqırırdı ki!!! Qapının deşiyindən baxırdım. Dəhlizin ortasında Vaqifin başını kəsdilər. Sonra başı gətirib atdılar mənim yanıma. Cəsədini isə kalodisdə yandırdılar. Sonra mən Vaqifin başı ilə saxlanıldığım yerin həyətində erməni uşaqlarının futbol oynadığını gördüm.

Dedilər, bir azdan rus jurnalistləri çəkilişə gələcəklər

Bilirsən, Allah məni çox sevir... Neçə dəfə qollarımı, ayaqlarımı qırıblar, yenə öz-özümə sağalmışam...

Əsirliyimin ilk günləri idi, bizi meydana yığıb dedilər ki, bir azdan rus jurnalistləri çəkiliş aparmağa, sizdən müsahibə almağa gələcəklər. Deyərsiniz ki, Qarabağ ermənilərindir, adı da Artsaxdır. Çoxu onların istədiyini dedi, mən demədim. Məni həmin meydanın ortasında yerə yıxıb, böyük dəmir bir xaçı köz kimi qızardıb sinəmə basdılar. Sinəm odlandı. Amma dediyimdən dönmədim. O vəziyyətdə Qarabağ Qarabağdır, bizimdir, deyərək qışqırırdım. Yaram qaysaqlayan kimi hər gün gəlib qaysağı soyurdular.

Bir gecə səhərə qədər ayaqlarımdan asıblar, gözümdən qan gələnə kimi...

Geniş miqyaslı hücumun olacağını söylədim...

Hə, bir də ki, sənə verdiyim o video çəkilişdən qabaq mənə tapşırdılar ki, əsir düşən qadınlar və uşaqlar haqda heç nə deməyim. Mən də demədim. O kadrlardan özün də gördün ki, nəyi deyib-deməyəcəyimi soruşurdum. Mən öz tərəfimizə keçən kimi, yüksək rütbəli zabitlərə ermənilər tərəfindən geniş miqyaslı hücumun olacağını söylədim. Onlarsa nəsə bunu ciddi qəbul etmədilər. Elə də oldu. Dediyim kimi, ilk hücum Qubadlıya oldu və ermənilər Qubadlını işğal etdilər.

Deyirdilər, Əlibayramlıya qədər Azərbaycanı almışıq

- Mail, bəs əsir düşərgəsindən qaçmaq üçün heç fürsət yox idi?

- Bizi həmişə nəzarət altında saxlayırdılar, əl-ayağımız daim zəncirdə olurdu. Hər gün döyürdülər. Günlərlə ac qalırdıq. Bir dəfə 6 gün ac qaldım. Bir də, bizim yerimizi dəyişəndə hər dəfə avtobusların üstündə bir rayonumuzun adını oxuyurdum. Şamaxı, Şəki, Göyçay, Cəlilabad. Bizə deyirdilər ki, Əlibayramlıya qədər Azərbaycanı almışıq. Fikirləşirdim, mən Xankəndindən nə qədər yol getməliyəm ki, indiki Şirvan şəhərinə gedib çatam. Əsirlikdə öldüm, yolda öldüm, nə fərqi? Əlim hər şeydən soyumuşdu.

İrəvana aparırlar, başımı kəsməyə...

- Əsirlikdən qurtulmağın necə oldu?

- Valideyinlərim Azərbaycan tərəfinə əsir düşən Haruş adlı bir ermənini satın almışdılar türmədən, onu evdə saxlayırdılar. Məni də həmin erməninin qızı, o vaxtkı pulla 15 min manata satın aldı.

Gözümü bağlayıb harasa aparırdılar. Maşın yerindən tərpənib bir neçə yüz metr getdikdən sonra, sağa döndüyünü hiss etdim. Öz-özlüyümdə düşündüm ki, İrəvana aparırlar, başımı kəsməyə. Birdən bir neçə metr sonra maşın sola dönəndə anladım ki, yox, Xankəndinin mərkəzinə aparırlar. Yerimdən azacıq dikələrək dərindən nəfəs aldım. Qollarım arxadan bağlı idi. Sağımda-solumda erməni əsgərləri oturmuşdu. Sürücüdən əlavə, qarşı tərəfdə də bir erməni zabitinin oturduğunu hiss edirdim.

Erməni zabit: “Koroğlu nəslindəndir, açın gözlərini...”

- Gözlərin bağlı olduğu halda necə bildin ki, qarşı tərəfdə oturan erməni zabitidir?

- Səsində hökm vardı. Bir də ki, axı mən kəşfiyyatçı idim.

Həmin zabit maşını saxladıb mənə Azərbaycan dilində dedi ki, Mail, sənə bir sual verəcəm, amma kişi kimi cavab ver. Əgər düzgün cavab versən, gözlərini və əllərini açdıracam. Dedim, ver.

Dedi, niyə dikəlib dərindən nəfəs alaraq rahatlandın?

Dedim ki, İrəvana ölməyə gedirlər, Xankəndinə bəlkə də yaşamağa. Maşın sağa hərəkət edəndə İrəvana gedəcəyimizi düşündüm. Sola dönərəkək düz yolla irəlilədikdən sonra, başa düşdüm ki, Xankəndinə gedirik.

Həmin zabit yanımdakılara əmr edərək dedi: “Bunlar Koroğlu nəslindəndir, açın onun gözlərini”.

Sonra yolda saxlayıb, bir əsgəri də oturtdular maşına. Həmin əsgər maşına oturandan sonra soruşdu ki, bu, türkdür? Dedilər, hə. Əlini atıb qulağımı dartdı, qulağımın arxasını bir neçə dəfə kəsdiklərinə görə, yenicə qaysaqlanan kəsik yerindən qan fışqırdı tavana. Zabit maşını dayandıraraq əsgəri yerə düşürtdü, üstəlik əsgərin ayağını da güllələdi. Sonra yenə düzəldik yola. Gətirib Xankəndinin mərkəzində poçt binasına saldılar məni. Bir neçə gün orda qaldım. Daha sonra isə məni Haruşla dəyişdirdilər. Amma dəyişilməmişdən qabaq, boynumun ardından mənə bir neçə dəfə iynə vurdular. Bir dəfə erməni həkimin gözündən yayınaraq şprisi qoxuladım, gördüm ki, salyarka iyi gəlir.

Heydər Əliyev sinəmdəki xaçı görüb tapşırdı ki...

Azad olunandan sonra, bir neçə il psixoloji müalicə adlım. Maştağada yerləşən ruhi xəstəxanada müalicə olundum. Papanin Hospitalında da müalicə olunmuşam. Həmin vaxt rəhmətlik Heydər Əliyev xəstəxanada Qarabağ qazilərini ziyarətə gəldi. Sinəmdəki xaçı görüb həkimlərə tapşırdı ki, nə edirsinizsə edin, bu xaç bu oğlanın sinəsində qalmasın. Elə mənim də bir arzum var, sinəmdə erməni xaçı ilə ölmək istəmirəm.

Ceyhun Mirzəyev mənimlə bir neçə dəfə görüşdü

- Mail, sənin danışdıqlarının bəziləri “Fəryad” filminin epizodlarına bənzəyir.

- Düz bilmisən. Rəhmətlik Ceyhun Mirzəyev həmin filmi çəkməmişdən əvvəl mənimlə bir neçə dəfə görüşdü. Rəhmətlik daha çox, əsirlərə verilən işgəncələrlə maraqlanırdı. Mən də gördüyüm, yaşadığım hər şeyi ona danışdım. İnanmayacaqsan, “Fəryad” filmində qəhrəmanın pərdəni alışdırıb erməni sığınacağını yandırmaq istəməsi mənim başıma gələn hadisədir. Uşağı gördüm, yandırmadım. Həmin vaxtlar dəyişilməyimə az qalmışdı, bu hadisə Xankəndində olub. Məni Haruşun qızının evində saxlayırdılar. O qız mənə çox yaxşı baxırdı. Yəni məni orda incitmədilər.

- Sənə işgəncə verənlər qarşına çıxsa nə edərsən?

- Humanist olmaram, hamısının damarlarını dişimlə çəkib çıxardaram. 20 ildən çoxdur ki, normal yatmıram. Gördüyüm yuxularda həmişə kimlərdənsə, nədənsə qaçıram. Özü də tövşüyə-tövşüyə. Yuxudan qəfildən dəli kimi oyanıb, qışqırdığım vaxtlar da olub. İki oğlum var. Ailə üzvlərimin necə zülmlər çəkdiyini təsəvvürünə belə gətirə bilməzsən. Hər il müalicə olunmalıyam. 2 ildir ki, müalicə olunmuram. Düzdür, dövlət prezidentimiz İlham Əliyevin sayəsində mənə qayğı göstərir. Amma bəzi hallarda unuduluruq. Birinci qrup Qarabağ əliliyəm, müalicəm xaricdə, Türkiyədədir.

Günü sabah yenidən döyüşməyə hazıram

- Mail, söhbətimizi yekunlaşdırmaq istəyirəm. Sonda deyəcəyin nəsə var?

- Var. İkinci Qarabağ müharibəsi mütləq olmalıdır. İndi o dövr deyil ki, az qala tankla gedirdilər evə. Özbaşınalıq idi, orduda intizamsızlıq hökm sürürdü. Şükr Allaha ki, yaxşı ordumuz var. Ali Baş komandan bir dənə əmr eləsin, günü sabah yenidən döyüşməyə hazıram. Mən erməni dilini də bilirəm, erməninin dilindən də bilirəm... əsirlikdə öyrəndim. Həm elə, həm belə. İnşallah, müharibə olsa, onlarla öz dillərində danışacağam.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm