Sürücülər həkim yoxlanışından keçir?
Bizi izləyin

Qırmızı.az

Sürücülər həkim yoxlanışından keçir?

Ekspertlər sürücüləri yoxlanışdan keçmədiklərinə görə günahlandırır, şirkətlər isə əksini deyir

Ekspertlər sürücüləri yoxlanışdan keçmədiklərinə görə günahlandırır, şirkətlər isə əksini deyir

Bir qayda olaraq ictimai nəqliyyat vasitələrini idarə edən sürücülər hər gün həkim nəzarətindən keçdikdən sonra işə buraxılmalıdırlar. Lakin ekspertlər bunun əksini deyir.

Həkim-ekspert Adil Qeybulla Mövqe.az-a açıqlamasında yol-nəqliyyat hadisələrinin çoxunun məhz bu yoxlanışların həyata keçirilməməsi ilə bağlı baş verdiyini deyir: “Belə bir məsələnin həlli bütün dünyada necə aparılırsa, bizdə də o cür qoyulmalıdır. İctimai nəqliyyata buraxılan, artıq müəyyən kateqoriyası olan peşəkar sürücülər hər gün tibbi sınaqlardan keçirilməlidirlər. Və bu zərurətdir. Bu sınanmış bir təcrübənin bizdə tətbiqi, təəssüf ki, bəzən formal xaarkter daşıyır. Bu, həm sürücünün, həm də sərnişinlərin təhlükəsziliyinə laqeyd münasibətdir. Necə ki, qida məhsulları müxtəlif laborotoriya sınaqlarından keçirilməli olduğu halda bəzən formal olaraq yoxlanışdan keçirilirək bazara buraxılırsa, burda da yoxlamalar belə formal xarakter daşıyır. Bu barədə xeyli söz-söhbətlər gəzir. Hesab edirəm ki, bu yolverilməzdir. Əgər buna lüzum yoxdursa, ümumiyyətlə, tibbi müayinənin özü məqsədəuyğun hesab olunmazdı. Əgər burda dünya təcrübəsi varsa, bu iş ciddi şəkildə həyata keçirilməlidir. Çünki ictimai nəqliyyatı idarə edən şəxslər bəzən kobud halda yol-nəqliyyat qaydalarını pozurlar və qəzaların bəziləri də bundan baş verir. Sürücülərin emosional durumu və s. bu məsələlərə ciddi şəkildə təsir edir. Yoxlamalara ciddi yanaşılsa, qəzaların da miqdarı azalar.

Bu hallara qarşı ciddi tədbirlər görülsə, məsələn, yoxlama nəticəsində aşkar olunsa ki, bu adamın qanında alkoqol var, müxtəlif vasitələrdən istifadə edir və s. , bu halda sürücü işdən uzaqlaşdırılsa, o zaman düşünürəm ki, bu kimi problemlər azalar. Amma bu cür halların davam etməsi göstərir ki, yoxlamalar çox vaxt formal xarakter daşıyır”.

Nəqliyyat hüququ üzrə ekspert Ərşad Hüseynov isə sürücülərin gündəlik yoxlanma qaydalarından danışdı: "Əslində, qanunvericilikdə də, Nazirlər Kabinetinin qərarında da var ki, həm ictimai nəqliyyat sürücüləri, həm də kommersiya məqsədilə yükdaşıma həyata keçirən şəxslər reys qabağı tibbi müayinədən keçməlidirlər. Bu o demək deyil ki, sürücülərin hər gün ürək kardioqramı çıxarılsın və ya ultrasəs müayinəsi aparılsın. Əvvəlcə həkim sürücüyə zahirən nəzər yetirməlidir ki, görsün hər hansı bir xəstəliyin əlaməti onda varmı? Yorğunluq, sərxoşluq əlamətləri və s. İkincisi, həkim sürücünün özündən soruşmalıdır ki, səhhəti ilə bağlı hansısa şikayəti varmı? Bundan başqa hər gün sürücünün ürək döyüntüsü, nəbzi və qan təzyiqi yoxlanılmalıdır. Bu, 4 prosedur: 1) zahiri görkəmə əsasən hər hansı problemin olub-olmamasının yoxlanması, 2) sürücünün öz şikayətləri əsasında yoxlama, 3) qan təzyiqinin yoxlanması, 4) nəbzin ölçülməsi. Bunlar hər gün həyata keçirilməlidir. Bizdə sürücülərin yoxlanması müəyyən səyyar məntəqələrdə həyata keçirilir. Əslində, bu cür yoxlanış məntəqələri elə qarajda olmalıdır. Sürücü maşını qarajdan çıxarmadan səhhəti yoxlanılmalıdır. Amma əksər hallarda bizdə bu formal xarakter daşıyır. Hazır arayış formalarına sürücülərin ad və soyadlarını yazıb imzalayırlar. Yaxşı olardı ki, mexanizm real olaraq işləsin. Nəticədə sərxoş sürücülər, sağlam olmayan sürücülər kənarlaşdırılmalıdır. Sonra isə onlar tibbi müayinəyə cəlb olunmalıdırlar. Sərnişinlərin təhlükəsizliyinin qorunması əsas məqsəd olmalıdır. Çünki xəstə insan gedib qəzalar törədə bilər. Bəzən səhhətində problem olan, əsəbləri zəif olan sürücülər sərnişinlərlə mübahisə edirlər. Və yaxud da avtobusu qaydalara uyğun olmayan şəkildə idarə etmədiklərindən həm öz canlarını, həm də sərnişinləri təhlükəyə atırlar”.

Ekspert problemlərin kökündə sürücülük vəsiqəsi olmayan şəxslərin də sükan arxasında oturmasına yol verilməsinin durduğunu bildirir: "Burada başqa bir məsələ də var. Müxtəlif nəqliyyat qurumları tez-tez müxtəlif reydlər həyata keçirirlər. Qısa müddətdə, çox az vaxt çərçivəsində həyata keçirilən yoxlamalarda 30-50 nəfər sürücülük vəsiqəsi olmayan sürücülər aşkar edir və işdən uzaqlaşdırırlar. Sürücülük vəsiqəsi olmayan adam sükan arxasında əyləşdirilirsə, onun heç tibbi müayinəsi də həyata keçirilə bilməz. Çünki, onun D kateqoriyası yoxdursa, həkim də ona arayış verməz. İknci tərəfdən sürücülük vəsiqəsi olmayan şəxs sükan arxasında otura bilirsə, burda sağlam olmayan, əqli qabiliyyəti yerində olmayan, əsəbləri gərgin olan, təcrübəsiz insan da ola bilər. Bütün bu risklərin olma şansı var. Elə hər şeyin kökü burdan başlayır”.

“Transqeyt” MMC şirkətinin direktor müavini Samir Hüseynov isə Publika.Az saytına açıqlamasında bildirdi ki, onların sürücüləri hər gün həkim yoxlanışından keçirlər: “Hər gün səhər saatlarında işə gələn sürücülər yoxlanışdan keçir. Əgər həkim icazə versə onlara avtobus verilir, yox icazə verməsə həmin gün işləmirlər. Bəzən olub ki, sürücü işə içkili halda gəlib. Həmin vaxt həkim onların kağızını yazmayıb və həmin sürücü işə çıxmayıb”.

Samir Hüseynov deyir ki, məhz bu məsələlərə görə onların şirkətinə məxsus avtobuslar qəza törətməyib: “Hələ ki, sağlamlığına görə hansısa sürücümüz qəza törətməyib. Bu da onu göstərir ki, bizim şirkətdə bu məsələyə ciddi yanaşılır və hər gün sürücülər müayinədən keçirilir”.

Elmin Bədəlov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm