“Ədalətin yanında olanlar "Xocalıya ədalət" kampaniyasına dəstək verməlidirlər”
Bizi izləyin

Qırmızı.az

“Ədalətin yanında olanlar "Xocalıya ədalət" kampaniyasına dəstək verməlidirlər”

“22 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı Ermənistan tərəfindən soyqırım törədildi. İnsanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq. Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar”.

Publika.Az-ın məlumatına görə, bu sözləri Türkiyənin paytaxtı Ankara şəhərinin Birkənd Universitetində keirilən Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunan tədbirdə çıxışı zamanı millət vəkili Qənirə Paşayeva səsləndirib.

Türk dünyası Araşdırma Topluluğu və bir qrup azərbaycanlı tələbənin təşkilatçılığı ilə təşkil olunan tədbirdə, Azərbaycan millət vəkilləri Qənirə Paşayeva və Rüstəm Xəlilov, Türkiyədəki Azərbaycan səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycandan gəlmiş nümayəndə heyəti, Birkənd Universitetinin professor və müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirdə əvvəlcə Xocalıda, soyqırıma məruz qalanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Türkiyə və Azərbaycan himnlərinin oxunmasının ardından tədbir başlayıb.

Əvvəlcə Universitetin Beynəlxalq əlaqələr fakültəsinin tələbəsi Rafiq Abdullayev və Turizm fakültəsinin tələbəsi Nəriman Zeynallının Xocalı soyqırımı barədə ingiliscə etdikləri məruzələrin ardınca çıxış üçün söz, “Xocalıya ədalət” kampaniyasının Türkiyə təmsilçisi Gözdə Kılıça verilib. O, türk dünyası tarixində böyük izlər qoyan Xocalı faciəsinin anım günündə toplaşmağın hər bir türk üçün böyük ağrı olduğunu deyib. Kılıçın sözlərinə görə, bu soyqırımın unudulmaması və dünyaya çatdırılması 22 il əvvəl törədilən bu hadisələrə ədalətli yanaşılması üçün təmsilçisi olduğu kampaniya əlindən gələni edir. ““Xocalıya ədalət” kampaniyası 2008-ci ildə keçirilən İslam Konfransı çərçivəsində qurulub. Həmin konfransda Xocalı hadisələrinin soyqırım adlandırılması təklif edildi. Konfransdan sonra Pakistan, Meksika, Honduras və digər ölkələr bu fikri dəstəkləyən qərarlar qəbul etdilər. Bu qərarı qəbul edən ölkələrin sayının artması üçün əlimizdən gələni edirik və etməyə hazırıq. Çünki, bu hadisənin səbəbkarları hələ də ədalətli şəkildə mühakimə olunmayıblar. Onlardan bəziləri hətta indi yüksək vəzifə sahibləridirlər”.

Daha sonra çıxış üçün söz,Türkiyədəki Azərbaycan səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibovaya verilib. N. Nəsibova həmin tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, qeyd edib ki, bu cür tədbirlər dünyanın bir çox ölkələrində təşkil edilib. Müşavir, Xocalı soyqırımının unudulmaması və unutdurulmaması üçün bir çox dövlət rəsmilərinin eləcə də Türkiyədə təhsil alan gənclərin müəyyən işlər gördüklərini, görülən işlərin davamlı olacağını bildirib. Gənclərin tarixi faktları dərindən öyrənərək, onun dünyaya çatdırılması üçün əllərindən gələni əsirgəməməli olduqlarını dilə gətirib.

Tədbirdə həmçinin iştirak edən millət vəkil Rüstəm Xəlilov çıxış edərək söyləyib ki, xalqımız 26 fevral 1992-ci ildə XX əsrin ən böyük faciəsini yaşayıb. İnsanlığa sığmayan bu hadisələrin heç vaxt unudulmayacağını deyən millət vəkili, gələcəyə bədbin yox nikbin nəzərlərlə baxılmalı olduğunu deyib. O bildirib ki, hazırda Azərbaycan dünya miqyasında söz sahibi olan ölkələrdəndir. Və biz müstəqil və kifayət qədər dövlət büdcəsi olan ölkə olaraq torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq mümkün olmazsa müharibə yolu ilə də almaq qüdrətindəyik.

Sonda çıxış üçün söz millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayevaya verilib. O, “Modern dünyanın gözü qarşısında törədilən Xocalı soyqırımını insanlığa qarşı bir utancdır. Çünki dünya nəinki azərbaycanlılara türklərə qarşı deyil, insanlığa qarşı da edilən cinayəti törədənlərin ədalət qarşısında cavab vermələri üçün bir addım atmayıb. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələr Ermənistan tərəfindən yerinə yetirilməyib. Bu səbəbdən də 1 milyon insan hələ də evinə dönə bilmir”,- deyə bildirib.

Azərbaycanın ən böyük hədəflərindən birinin Xocalı Soyqırımının dünyada tanıdılması və onun səbəbkarlarının ədalət qarşısında cavab vermələri olduğunu deyən millət vəkili söyləyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində bu istiqamətdə ciddi işlər görülür və ədalətin yanında olan hər kəsi etnik və dini mənsubiyyətindən asılı olmayaraq "Xocalıya ədalət" kampaniyasına dəstək verməyə çağırıb. Millət vəkili eyni zamanda tarixi dərindən bilməyin, dünya ölkələri qarşısında dəqiq arqumentlərlə çıxış edərək, bu sahədə fəallığı artırmağın vacibliyini qeyd edib. “Dünyanın bəzi ölkələrinin Xocalı Soyqırımının qınanması ilə bağlı qəbul etdiyi qərarlar çox önəmlidir. Ancaq bunlar heç də təsadüfən baş verməyib. Dünya ölkələrinin Xocalı faciəsini soyqırım kimi tanımaları üçün həm dövlət səviyyəsində, həm də "Xocalıya Ədalət" kampaniyası çərçivəsində ciddi addımlar atılır. Ona görə də biz Xocalı Soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı daha da sürətləndirməliyik".

Hər bir türk gəncini tarixi gerçəkliklərin dünyaya çatdırılması istiqamətində aktiv olmağa çağıran millət vəkili Qənirə Paşayeva bunun üçün modern texnologiyaların verdiyi imkanlardan da yararlanmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bütün türk gəncliyi tariximizə sahib çıxmalı, sosial mediada, virtual aləmdə onun düzgün təbliği istiqamətində fəal olmalı, qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə apararaq Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılmasına yardımçı olmalıdırlar. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”.

Tarixə sahib çıxmaq üçün Türk dünyasının böyük qazisi qazi Mustafa Kamal Atatürkün, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyevin “Azərbaycan –Türkiyə, bir millət iki dövlət” fikirlərini əsas prinsipə çevirərək addımlar atmağın gərəkdiyini deyən millət vəkili birlik və bərabərlik içərisində hərəkət edərək daha böyük uğurlar əldə edilə biləcəyini deyib.

Fikirlərinin yekunu olaraq, növbəti görüşləri birlik və bərabərlik içərisində erməni işğalından azad edəcəyimiz, Dağlıq Qarabağ, Xankəndi, Şuşa, Laçın və digər o gözəl torpaqlarda keçirməyi arzulayan millət vəkili sonda tələbələrə həmmüəllifi olduğu “Hocalı Soykırımı-tanıkların dilindən” kitabını hədiyyə edib, onlarla xatirə şəkilləri çəkdirib. Çıxışların ardınca tədbir iştirakçılarına Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm