Gömrük işçiləri Xocalı faciəsini yad etdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Gömrük işçiləri Xocalı faciəsini yad etdi - FOTOLAR

Bu gün Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin (DGK) strukturuna daxil olan bir sıra qurumlarda anım mərasimləri keçirilib.

Publika.Az-ın məlumatına görə, Bakı şəhər Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və “Azərterminalkompleks” Birliyində keçirilən mərasimlərin iştirakçıları öncə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Həmin tədbirlərdə Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vüsal Novruzov, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və “Azərterminalkompleks” Birliyinin direktoru Qambay Əliyev giriş sözü ilə çıxış ediblər.

Bildirilib ki, erməni cəlladları tərəfindən xalqımıza qarşı törədilmiş Xocalı soyqırımı aktının ildönümü hər il Azərbaycanın hər yerində, eləcə də bir sıra dünya ölkələrində dərin kədər və hüznlə qeyd olunur, faciənin əsl günahkarları lənətlənir. Azərbaycan xalqı Xocalı faciəsini heç zaman unutmayacaq və doğma Qarabağımızı azad etməklə bütün şəhidlərimizin qisasını alacaq.

Mərasimlərdə vurğulanıb ki, dövlətimiz Xocalı faciəsi haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyətin ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlandığı qeyd edilib, məhz ulu öndərin təşəbbüsü ilə həmin bəşəri cinayətə siyasi-hüquqi qiymət verildiyi, fevralın 26-sının isə “Xocalı soyqırımı günü” elan edildiyi bildirilib.

Öz növbəsində, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün dünyanın əksər ölkələri bu faciə ilə bağlı həqiqətlərlə tanış olur və ona öz qiymətini verirlər. Bu istiqamətdə Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsləri ilə son illərdə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırımının tanınması ilə bağlı kütləvi aksiyalar və tədbirlər keçirilir.

Bakı şəhər Baş Gömrük İdarəsində Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı keçirilən mərasimdə çıxış edən Bakı şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov Xocalı soyqırımının dəhşətli nəticələri haqqında məlumat verib.

İdarə rəisi bildirib ki, bu mənfur cinayətin iştirakçıları öz cəzalarına çatmayana qədər şəhidlərimizin ruhu rahatlıq tapmayacaq. Onun sözlərinə görə, xocalılar fevralın 25-dən 26-na keçən gecəni və ondan sonrakı günlərdə erməni qəddarlığına, azğınlığına qarşı həyatları bahasına ölüm-qalım mücadiləsini böyük ürək ağrısı ilə, faktlarla xatırlayır.

V.Novruzov deyib: “Xocalı faciəsi bəşəriyyətdə insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Ermənistan Silahlı Qüvvələri 22 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal edərək bu faciəni törödiblər. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Xocalı soyqırımı zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib”.

İdarə rəisi qeyd edib ki, indi dünyanın böyük və nüfuzlu dövlətlərinin parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamə və qərarlar qəbul olunub, bu faciəni törədənlər pislənilib: “Bütün bunlar Azərbaycan dövlətinin başçısının apardığı haqlı və uğurlu siyasətin nəticəsidir. O cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində bu faciə dünyada sürətlə təbliğ olunur. Bütün bunlar bizdə belə bir əminlik yaradır ki, Allahın köməyi ilə tezliklə işğal olunmuş torpaqlarımız azad olunacaq. Çünki gündən-günə güclənən Azərbaycan dövlətinin başlıca məqsədi də məhz budur”.

Mərasimdə belə bir inam ifadə olunub ki, Xocalı soyqırımı bəşəriyyət tərəfindən layiqli qiymətini alacaq və öz doğma torpaqlarından didərgin düşmüş insanlar evlərinə qayıdacaqlar.Xocalı soyqırımı ilə əlaqədar geniş məruzə ilə isə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadə çıxış edib.

Professor bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dünyanın yeni münaqişələr tarixinə beynəlxalq hüquq normalarının ən çox və kobudcasına pozulduğu faktlardan biri kimi yazılıb. Ermənilər son iki əsrdə Azərbaycana qarşı açıq ərazi iddiaları ilə çıxış edərək bu məkrli niyyətlərini gerçəkləşdirmək üçün terror, soyqırımı və deportasiya siyasəti yürüdüblər.

22 il əvvəl xalqımız 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına məruz qalıb, həmin müdhiş gün yüzlərlə soydaşımız qəddarlıqla qətlə yetirilib, şikəst edilib, işgəncələrə məruz qalıb. Lakin xalqımız öz azadlığı uğrunda mübarizədən geri çəkilməyib, əksinə, əsrlərlə arzusunda olduğu müstəqillik yolunda mücadilədə daha əzmkar olub.

Vasif Həsənli

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm