• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

ADU-da "Ənənəvi Çin operası" adlı tədbir keçirildi

ADU-da  "Ənənəvi Çin operası" adlı tədbir keçirildi

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) xüsusi yazılmış mətn və texnologiya ilə həyata keçirilən musiqi, dialoq, rəqs, akrobatika və döyüş hərəkətləri sənətinin elementlərini özündə birləşdirən musiqili dram teatrının ənənəsinə həsr olunmuş "Çin operası" adlı tədbir keçirilib.

ADU-nun mətbuat xidmətindən Publika.Az-a verilən tədbiri giriş sözü ilə açan Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Azərbaycan-Çin arasındakı mədəni əməkdaşlığın səmərəli inkişafı, hər iki ölkədə "Mədəniyyət günləri"nin qeyd olunması, musiqili teatr qrupları və ifaçılarının mübadiləsindən bəhs edib.

O, Azərbaycan-Çin arasında incəsənət sahəsindəki ikitərəfli əlaqələrin qurulmasında və inkişafında xüsusi xidmətləri olan ümummilli lider Heydər Əliyevin ÇXR-ə etdiyi tarixi səfərinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan peşəkar vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbülün xanımı, tədbirin ən yaşlı nümayəndəsi Adelaida Məmmədovanın təşəbbüsü ilə ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində “İrəli” İctimai Birliyinin hazırladığı Xocalı soyqırımı haqqında Çin dilində video-çarx nümayiş olundu. Daha sonra Adelaida Məmmədova qadın rollarının məşhur ifaçısı, Çin Teatrının Pekin Operasının direktoru Mey Lanfan ilə Bülbül arasında dostluq münasibətləri və iki ölkənin opera incəsənətinin sintezi vasitəsilə Azərbaycan və Çin mədəniyyətinin yaxınlaşdırılması üzrə onların yaradıcılıq planları ilə bağlı xatirələrini bölüşüb.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova öz çıxısında musiqi sahəsində Azərbaycan-Çin əməkdaşlığı, Azərbaycanda ÇXR səfirliyi ilə birgə keçirilən tədbirlər haqında danışıb. O, həmçinin muzeydə qorunub saxlanılan Çin xalq milli alətləri barədə danışıb.

Sonra ADU–nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri Çin Operasının müxtəlif regional formaları və janrları haqqında məruzə ilə çıxış ediblər. Tədbirdə, o cümlədən Çin opera ənənəvi repertuarındakı filmlərdən məşhur səhnələr nümayiş olunub.

Çin dili və mədəniyyət mərkəzinin direktoru, dosent Rafiq Abbasov ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış “İlham Əliyev - qədim xalqlar dostluğunun müasir davamçısı” adlı kitabı qonaqlara hədiyyə etdi. Sonda qonaqlar ənənəvi Çin Yeni ilinin bitməsi Fənərlər Bayramı şərəfinə ənənəvi Çin şirniyyatı yuansyaonun dadına baxıblar. Tədbirdə Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfirliyinin müşaviri Li Yunxuey iştirak edib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR