Millət vəkili Türkiyədə gənclərə çağırış etdi
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Türkiyədə gənclərə çağırış etdi

Qazi Universitetində Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.

Publika.Az-ın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva Qazi Universitetinə türk dünyasının gənclərini bir araya yığaraq bu faciəni tanıtmasına görə, təşəkkürünü bildirib. O bildirib ki, 22 il öncə Xocalıda ermənilər tərəfindən törədilən soyqırım onların azərbaycanlı olduğu üçün deyil, türk olduğu üçün gerçəkləşdirildi:

“Bunu erməni “ziyalıları” özləri etiraf edirlər. Ona görə də türk insanının əsas vəzifəsi harada doğulub harada yaşamasından asılı olmayaraq, Xocalı soyqırımının dünyada tanınmasına nail olmaqdır. Çünki beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri Ermənistan tərəfi yerinə yetirmədiyi üçün hazırda 1 milyon insanımız evindən didərgin düşüb. Biz o insanların haqqlarının bərpası üçün səsimizi dünyaya eşitdirməyi bacarmalıyıq”.

Millət vəkili qeyd edib ki, mən ilk dəfə Türk Tarix Qurumuna gedərkən orada Böyük Qazi Mustafa Kamal Atatürkün “tarixi yazmaq yaratmaq qədər önəmlidir”-sözlərini görmüşdüm. Böyük Atatürk sağ olsaydı yəqin ki, tarixi öyrətmək onu yazmaq və yaratmaq qədər önəmlidir deyərdi. Biz tariximizin acılarını öyrənərək onu dünyaya yaymağa nail olmalıyıq.

Xocalı soyqırımının yalnız 22 il əvvəl baş verən hadisə olmadığını, onun köklərinin 100-150 il öncə ermənilərin qurduğu məkrli plana söykəndiyini dilə gətirən millət vəkili gəncləri tarixə yaxndan bələd olmağa çağırıb. “Tarixdə oynayan oyunlar yenidən təkrarlanır. Tarixə bələd olaraq bu hadisələrin təkrarlanmamasının və onu törədənlərin ədalət qarşısında cavab vermələrini təmin edə bilərik”.

Xocalıya ədalət adlandırdığımız yolda Türkiyənin dəstəyini Azərbaycan olaraq daim hiss etdiyimizi söyləyən Qənirə Paşayeva dünya ölkələrinin də bu soyqırımı tanımasına nail olmağın vacibliyini dilə gətirib. O bildirib ki, “Xocalıya ədalət kampaniyasının səyi nəticəsində dünya ölkələrindən bəziləri, Pakistan, Meksika, Honduras, Kanada və s. ölkələr Xocalıya ədalət tələb edir və bu yolda sıralarımız genişlənir”.

Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva bildirib ki, hər ay bir əcnəbi ilə dostluq quraraq ona tarixi gerəkliklər barədə məlumat verərsəniz, bu ildə 12 nəfərin türk tarixi barədə məlumatlı olmasına səbəb olar. Bu məsələdə hər birimiz daha da duyarlı olmalıyıq.

Millət vəkili gənclərin Türk dünyasının böyük qazisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” Azərbaycanın ulu öndəri Heydər Əliyevin “bir millət iki dövlət” fikirlərində yola çıxaraq hərəkət etmələrinin vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycan və Türkiyənin birlik və bərabərlik içərisində fəaliyyət göstərməsi çox vacibdir. Çünki bizim babalarımız istər Çanaqqala savaşında, istər Azərbaycan Cümhuriyyətinin qurulması uğrunda gedən mübarizələrdə nənələrimizin mahnılarında deyildiyi kimi, “getməsək də görməsək də o köy bizim köyümüzdür” deyərək mübarizə etmişlər. Biz bir olaraq bütün türklərin torpaqları olan Dağlıq Qarabağ, Xankəndi, Şuşa Laçın və digər o gözəl torpaqları birlik və bərabərlik içərisində işğaldan azad edə bilərik”,-deyərək fikirlərini yekunlaşdırıb.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfir Faiq Bağırov bildirib ki, “Xocalı hadisələrinin dünyaya çatdırılması üçün gərəkli işlər görülür.

“Ancaq bu işlər davamlı olaraq aparılmalı, soyqırımın unudulmaması üçün hər bir vətəndaş çalışmalıdır. Bu ağrı-acı haqqında danışmaq asan deyil ancaq əlimizdə olan imkanlardan istifadə edərək onu dünyaya çatdırmaq mümkündür. Xocalı soyqırımının tanıdılması istiqamətində aparılan işlər onun səbəbkarlarının layiqli cəzalarının ədalət qarşısında almasına qədər davam etdirilməlidir”,-deyə bildirib.

Azərbaycan Türkiyə Dostluq Qrupunun üzvü Necdet Ünüvar tədbirdə çıxış edərkən, “Xocalıda baş verən hadisələr nəinki türk, müsəlmanın, insanlığın böyük ağrısıdır. Bu hadisələrini dünyaya tanıdılması istiqamətində gərəkli olan bütün zəruri addımlar atılmalıdır. Çünki Xocalı soyqırımı təkrarlanarsa insanlıq buna tab gətirə bilməz”,- deyib. Hər iki ölkə arasındakı əlaqələrin də daima möhkəmləndirilməsində atılan addımlardan danışan N. Ünüvar, bu əlaqələrin tarixi köklərə bağlı olduğunu və gələcək nəsillərə də bu şəkildə ötürüləcəyini dilə gətirib.

Tədbirdə həmçinin çıxış edən Giresun Universiteti rektoru, həmyerlimiz, Prof. Dr. Aygün Attar hadisələrə həm Qarabağ tarixi, həm türk tarixi baxımından baxaraq “bu gündən sonra nə edə bilərik?”,- sualı ətrafında düşünməli olduğumuzu dilə gətirib. Çıxışını tarixi faktlarla əsaslandıran Prof.Dr Aygün Attar əlimzdə olan tarxi materiallarla istər Xocalıya, istərsə də bundan əvvəl baş verən hadisələri daha dərindən dərk etməyimizə həmin hadisələri törədənlərin ədalət qarşısında layiqli cavab vermələrini təmin etməyin mümkün olacağını bildirib.

O, doğulduğu torpaq olan Qarabağın erməni işğalı altında olmasının, həmin torpaqlarda neçə min günahsız insan qanı axıdılmasının qəbul edilməz olduğunu deyərək, məsələyə beynəlxalq hüquq çərçivəsində yanaşacağını dilə gətirib. Tarixi sənədləri əsas gətirərək etdiyi çıxışda Prof. Dr. Ayğün Attar, istər 1918-ci il 31 mart, istərsə də 1992-ci il 26 fevral tarixlərinə dair rəsmi tarixi faktların olduğunu bunların sadəcə bacarıqlı hüquqşünaslar tərəfindən dünya ölkələrinin önünə çıxarılmalı olduğunu dilə gətirib. O bildirib ki, həmin dövrdə Fətəli Xan Xoylunun səyi nəticəsində uğurlu düşünülmüş bir addım kimi sənədlər qeyri türk üzvlərinin rəyi nəticəsində hazırlanıb. Bu da həmin sənədlərin tamamilə qərəzsiz olduğunu göstərir deyən A. Attar əlimizdə bizə, türklərə soyqırım edən lakin özünü daim təcavüzə uğramış kimi göstərənlərə qarşı dəqiq faktların olduğunu bildirib. Bütün bu hadisələrin unudulmaması üçün lazım olan bütün addımların atılacağını deyən, Prof. Dr. Aygün Attar, bu hadisələri sanki yaşanmamış kimi davranılmasına imkan verilməyəcəyini dilə gətirib. O fikirlərini “tarixini unudanları, tarix də unudar. Xocalı bizim haqqımızdır və biz haqqımız olanı geri alacağıq”,- deyərək yekunlaşdırıb.

Tədbirin sonunda, iştirakçılara Xocalı soyqırımına həsr olunan film nümayiş etdirilib.

Qeyd edək ki, Qazi Universitetində keçirilən, Xocalı Soyqırımının 22-ci il dönümünə həsr olunan tədbirdə, Azərbaycan-Türkiyə dostluq Qrupunun üzvləri, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, millət vəkili Qənirə Paşayeva, Giresun Universitetinin rektoru, Prof.Dr. Aygün Attar, türkçü qruplar, Qazi Universitetinin professor və müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirdən öncə Universitetin həyətində, Azərbaycanən Türkiyədəki səfirliyinin təhsil müşavirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının xatirəsinə “flaşmob” təşkil edilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm