Qırmızı.az
Xocalı faciəsi şahidlərin dili ilə...
Yaxınlarının əksəriyyəti qətlə yetirilmiş Ceyhun Ələkbərovun dedikləri
Xocalı soyqırımının necə dəhşətli, insanlığa sığmayan bir faciə olduğunu dünya ictimaiyyəti bilsə də, heç kəs bu faciəni yaşamış, öz gözləri ilə görmüş, bir göz qırpımında, valideynlərini, qardaş bacılarını, yaxınlarını itirən insanlardan bu dəhşəti daha yaxşı anlaya bilməz.
Xocalı sakini, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin rəhbəri Ceyhun Ələkbərov da bu faciəni yaşamış və ümumilikdə qohumlarının əksəriyyətini itirmiş şəxsdir.
Başına gələn hadisələri danışdıqca bu insanların bəşəriyyət tarixində necə böyük faciə, dəhşətlərlə üz üzə qaldığını daha dərindən anlayırsan. Ceyhun Ələkbərov həmin müdhiş gecənin onun həyatında dərin yaralar buraxdığını deyir: "Adam bilmir hardan başlasın. Mənim həyatımda həmin hadisələrlə bağlı müəyyən bir hissələr var ki, heç cür gözümün qabağından getmir. Onda mən uşaq idim, 15 yaşım var idi.
Gecə saat təxminən 2-nin yarısı qaldığımız sığınacağa qonşularımız gəldi və dedilər ki, ermənilər artıq Xocalıya girib. Biz, sığınacaqdan çıxanda artıq erməni tankının biri Xocalıya girmişdi. Bizim məktəbin yanında ana nənəmgilin evi vardı. Biz gəldik o evə ki, onları götürək, camaatın hara çıxacağı, nə olacağı qeyri müəyyən idi. Biz, düşünmürdük ki, Xocalıdan çıxarıq.
Düşünürdük ki, bir yerə yığılarıq, ya kömək gələr. Hələ də inana
bilmirdik ki, ermənilər Xocalını yandırıb yerlə yeksan edəcək,
əhaliyə qarşı soyqırım törədəcəklər. Bu dəhşətin baş verəcəyi heç
kimin ağlına gəlməmişdi. Bu, dünya miqyasında dəhşətli soyqırım
aktlarından biri idi. Mühasirədə olan Xocalı sakinləri həm
Ağdamdan, həm də Şuşadan kömək gözləyirdilər. Amma heç bir yerdən
kömək olmadı...".
"Məni qoyub gedin..."
Onlar sığınacaqdan çıxaraq yaxınları ilə maraqlanırlar: "Gəldik
nənəmgilin həyətinə, gördük artıq onlar evdə yoxdur. Məktəbin
qarşısı ilə getdik. Nənəm yaşlı idi, o zaman 60-dan yuxarı yaşı
vardı və dolu qadın idi. Ayağında da problem vardı, çox yeriyə
bilmirdi. Dayılarım növbə ilə nənəmi bellərində camaata tərəf
aparırdılar. Nənəm də deyirdi ki, məni qoyub gedin...
Biz, gəldik Xankəndidən gələn qaçqınların yerləşdirildiyi yerə. Ora çatanda dedilər ki, burada beş mərtəbəli binanın altında qocalar və əlillər toplaşıb. Xocalı sakinləri barrikadalar quraraq həmin binada yerləşdirilmiş qoca və əlilləri müdafiə edəcəklərini düşünürdülər. Səhər açılanda kömək gələcəyini düşünürdük. Atam da həmin vaxt xəstələnmişdi. Apendisit idi, üç-dörd gün idi yerdə yatırdı, yeriyə bilmirdi. Onda dedilər ki, bunu gecə ilə erməni postlarının arasından meşə yoluyla Ağdama aparmaq lazımdır.
Çünki apendisit partlayar, ölə bilər. Yəni, bir yol qalmışdı - gecə ilə Ağdama aparmaq. Elə alındı ki, apara bilmədik. Atam da yeriyə bilmir, özü də ağır adam. Evin böyüyü mən idim, o birilərin 12-13 yaşı vardı. Bacım lap balaca idi, 5-6 yaşı vardı. Dedilər ki, dağa çıxıb orda gözləmək lazımdır. Anam dedi ki, mən anamı qoyub getmirəm, siz gedin. Elə oldu ki, dayılarım da, anam da nənəmin yanında qaldılar, dağa çıxmadılar.
Biz dağa çıxmağa məcbur olduq. İnsanların kütləvi surətdə məhv
edilməsi həmin yerdə baş verdi. Arxadan gələn insanlar dedilər ki,
artıq dayanmaq olmaz, getmək lazımdır. Çıxdıq meşəyə, atam yeriyə
bilmir, bacım balaca, anam qalıb nənəmin yanında. Mənim də əlimdə
bir tüfəng var idi. Onun da lüləsi yerə batdığından içinə qar
dolmuşdu, atmırdı. Camaatla qalxdıq meşəyə. Biz dağa qalxdıqca
Xocalı aşağıda qalırdı və şəhərin necə yandığını aydın görünürdü.
Bütün gecəni psixoloji sarsıntı içindəydim. Bir tərəfdən anamın
bizimlə olmaması, bir tərəfdən ermənilərin bizi mütəmadi atəş
altında saxlaması, insanların sırasının getdikcə seyrəlməsi, atamın
yeriyə bilməməsi, məni çətin duruma salmışdı. Bir anın içində
insanlar şəhid olurdular. Aiqbətimiz nə olacaq? Bu sual beynimdə
fırlanırdı...".
Camaatın xilası naminə övladının canına qıymış ana
Bir qədər meşəyə qalxırlar, yuxarı doğru iki kilometr yol qət
edəndən sonra ermənilərin açdığı atəş nəticəsində 4-5 nəfər, o
cümlədən yaxın qonşuları şəhid olur: "Xocalıdan birlikdə çıxdığımız
bir dəstə adamla yenidən geri qayıtdıq. Meşə ilə demək olar ki, 3-4
saat getdik. Səhər açılmamışdı, qaranlıq idi. Hər tərəf qar,
ayaqlarım qarın içində donub. O da bir tərəfdən əziyyət verir. Anam
qalıb aşağıda, bu isə mənə daha pis təsir edir və özümü ağlamaqdan
saxlaya bilmirəm. Dedilər ki, qabaqda bir erməni postu var, 600-700
metr məsafədən işığı görünür, o postun yanından keçdikdən sonra
Ağdamdı.
Meşə yolu istifadə olunmadıqdan Xocalıda bu yolu tanıyan demək olar ki, 3-4 nəfər var idi. Heç kim həmin meşə yolunun hara aparacığını bilmirdi. Sadəcə istiqamət olaraq bilinirdi ki, o tərəf Ağdamdı. Buna heç yol da demək olmazdı, keçilməz meşə idi, bir də əkin sahələri. Yanımızda da bir gəlinin balaca uşağı ağlayırdı. İnsanlar da qorxurdular ki, bu uşağın səsini ermənilər eşidib bizi öldürəcəklər... Anası ona görə camaatın həyatını təhlükəyə atmamaq üçün gizlicə uşağı boğmağa məcbur qalıb.
Hamı, o cümlədən uşağın anası övladının öldüyünü zənn edirdi. O
dəhşətli səhnə, camaatın həyatının xilası naminə övladının canına
qıymış ananın simasında olan ifadə ömrümün axırına qədər yadımdan
çıxmaz. Bu səhnə getdikcə mənə daha pis təsir edir. Ana için-için
ağlayaraq körpəsinin cəsədini bağrına basmışdı. Biz Ağdama çatandan
sonra körpədən və anadan bir daha xəbər tutmadıq. İllər keçəndən
sonra mətbuatda oxudum ki, həmin körpə sən demə huşunu itiribmiş,
sonradan ayılıb. Kim bilir, bəlkə də bu Allahın möcüzəsi idi...
Dinc sakinlərə tutulan divan
...Biz erməni postunun yanından keçəndə artıq səhər açılırdı, hava
işıqlanırdı. Qəfildən başqa bir tərəfdən Xocalıdan çıxan digər bir
dəstənin, qadın və uşaqların insanın bizə tərəf gəldiyini gördük.
Gördüm ki, anam da həmin dəstənin içərisindədir. O zaman mənim
hansı hissləri keçirdiyimi anlatmaqda çətinlik çəkirəm. O anda nə
edəcəyimi bilmədim, elə bil ki, dünyaya yenidən gəldim. Baxdım ki,
anam ayaqyalındı, don vurduğundan ayaqları şişib. Mənim ayağımdakı
ayaqqabılarım böyük idi. Çünki biz evimizdən gedəndə ayağımıza nə
gəldi geyinib getmişdik. Mən ayaqqabımı çıxarıb verdim anama ki,
geyinsin. Özüm ayaqyalın da gedə bilərdim. Anamın ayağı o qədər
şişmişdi ki, o böyük ayaqqabıya girmədi. Qarşımızda bir təpə vardı,
dedilər təpədən o tərəf Ağdamdı. Halbuki belə deyildi. Ağdama hələ
çox var idi.
Birdən kənarlardan müxtəlif, o cümlədən hərbi maşınlar gəldi.
Ermənilər qışqıra-qışqıra silahsız dinc sakinləri atəşə tutdular.
Bundan sonra baş verən hər bir şeyi adam anlatmaq istəmir. Elə
şeylər var ki, gördüyünü dilə gətirmək istəmirsən. Yəni, ortada
başsız-qolsuz bədənlər səpələnib, insanların qanı qarın üstünə
fışqırır, buğ çıxır və sən bunu gözünlə görürsən. Yanında gedən
adam bir saniyənin içindı yıxılıb ölür. Çox faciəvi idi.
Beləcə biz, gəlib çıxdıq Ağdama. Hərə dağılıb Ağdamdakı qohumun
yanına getdi. Orada bir 6-7 saat qaldıq. Ondan sonra artıq
meyidlərin alınması prosesi başladı. İnsanlar gözləyirdi ki, görən
bu gün hansı yaxınının meyidi gələcək? Mənim yaxın qohumlarım
vardı, Xocalıda ermənilər tərəfindən qırıldı. Xocalıda yerli
camaatın çoxu bir-birinə qohum idi. Xocalıda ölənlərim hamısı mənim
əzizim idi. Çünki aralarında hər gün qarşılaşdığım, oynadığım
uşaqlar vardı. Bütün günü bir yerə oynadığım bir dostum vardı,
Mahir, o atası ilə bir yerdə yoxa çıxdı. Yəni, öldüsü, qaldısı
bilinmədi".
Qətlə yetirilən 40-dan artıq qohum
Ceyhun Ələkbərovun təkcə ata tərəfdən 40-dan artıq qohumunu
ermənilər qətlə yetiriblər: "Ən yaxın qohumlarımdan, atamın iki
bacısı, birinin iki uşağı və digər yaxınlarım. Bu yaxınlarda o
zaman Xocalıda çəkiliş aparmış bir rus jurnalistin yayımladığı
şəkildə bibimin birinin körpəsi ilə birgə öldürüldüyünü öyrəndik.
Onun Çinarə adında bir qızı, Çingiz adında bir oğlu var idi. Çingiz
anasının kürəyində güllələnib, qızdan isə xəbər yoxdur. Bir yandan
da bu təsəllidi. Düşünürsən ki, öldü, o şərəfsizlərin əlində
qalmadı. Mənim bir qohumum vardı, atamın dayısı oğlu - Mehman, o
vaxt 27-28 yaşı vardı. Üç il bundan qabaq televiziyada göstərdilər
ki, ermənilər əsir saxlayırlar, qulağını, dilini kəsiblər. Onu bir
erməni generalının həyətində it damında zəncirdə saxlayırlar. Bu
insanlığa sığırmı?
Tez-tez Google-da baxıram. İnan ki, oynadığım yerləri, həyətimizi, hər gün məktəbə gedib gəldiyim yolları, qoz yığmağa getdiyim yer, həmin qoz ağacını görürəm... Həmin yerlərə baxıram... Ümumiyyətlə, mənim uşaqlığım çox dəcəl olub. Ona görə də xatirələrim daha çoxdu. Xocalıda Samir, mən, Hikmət, bir də rəhmətə gedən Mahir, dördümüz dostluq edirdik...".
Bütün ağrı acıları yaşayan, həyatını yenidən qurmaq
məcburiyyətində qalan Ceyhun gənc yaşlarından işləməyə başlayır:
"Bu günə qədər yadımdan çıxmayıb... Gecəyarısı görürdüm ki, atam
hamı yatandan sonra yatağında hönkür-hönkür ağlayır. Yaxınlarını
itirmək ağır bir şeydi, amma qeyrətli, namuslu bir kişinin
bacılarını itirməsi, yaxud oların öldüklərini, qaldıqlarını
bilməməsi çox ağır dərddir".
Əli Zülfüqaroğlu
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...