Türkiyə Azərbaycana bunu necə qıydı? - Video-həqarət
Bizi izləyin

Qırmızı.az

Türkiyə Azərbaycana bunu necə qıydı? - Video-həqarət

25 fevral gecəsi - Xocalı soyqırımının ildönümü ərəfəsində Türkiyənin NTV kanalında Azərbaycan vətəndaşı olan bir nəfərin İstanbul Atatürk hava limanında ağız-burnu qan içərisində gömrük işçiləri və polislər tərəfindən saxlanılmasını əks etdirən kadrları izlədim. Azərbaycan vətəndaşı olan həmin şəxsin döyüldüyü açıq-aydın görünürdü. Çünki ağız-burun, köynək... – hamısı qan içərisində idi. Ətrafda tənzif və pambıqlar görünürdü – onlar da qana bələnmişdi. Hiss olunurdu ki, bu adamın tökülən qanını çəkilişdən əvvəl uzun müddət kəsmək istəyiblər...

Sərxoş “azəri”

Xocalı faciəsi günü bu görüntüləri izləmək heç də xoş deyildi. Adi günlərdə də Azərbaycanla bağlı bu cür görüntüləri izləmək insana çox pis təsir edir. Üstəlik, NTV kanalında həmin videonun kadrarxası mətnini oxuyan xanım jurnalistin hər cümləsində sərxoş vəziyyətdə saxlanılan şəxsin “azəri” olmasını dönə-dönə vurğulamasını anlamaq olmurdu. Bu NTV nəyi isbatlamaq istəyir? Bizlərin içki düşkünü və barbar olmağımızımı?

Qısa haşiyə

Türkiyəli “abi”lərin bizə “azəri” deməkləri özü də ayrı bir dərddir və başqa bir yazının mövzusudur. “Azəri” deyə xitab etməklərinin nə qədər yalnış olduğunu bilsələr də, səhvlərini bilə-bilə davam etdirirlər. Nəsə, qayıdaq mövzuya....

Hər gün yüzminlərlə insanın istifadə etdiyi, ən azı yüzlərlə insidentin və hüquq pozuntusunun yaşandığı Atatürk Hava Limanında yaşanan xırda bir hadisəni NTV kanalının bu qədər böyütməsi nəyə xidmət edirdi?

Əlbəttə, mən hansısa sərnişinin hava limanı ərazisində sərxoş vəziyyətdə olmasına haqq qazandırmıram. Amma tez-tez təyyarə ilə səfər edən hər kəs bilir ki, bir qisim insan ayıq vəziyyətdə hava nəqliyyatına minə bilmirlər və stress keçirdirlər. Hətta təyyarələrdə bunu da nəzərə alırlar və sərnişinlərə spirtli içki də təklif olunur. Bəlkə, bu insan da o kateqoriyadandır?

Yəni təyyarədən enən sərnişinin sərxoş vəziyyətdə olması heç də dəhşətli mənzərə deyil; amma həmin içkili şəxsi ağız-burnu qan içərisində yerə uzatmaq, onunla terrorçu kimi rəftar etmək və bunu çəkib milyonlarla insana göstərmək, üstündə də vətəndaşlığını hallandırmaq dəhşətli mənzərədir.

“Hayl Hitler”

Bircə məsələni deyim. Bu dəqiqələrdə Avropa Parlamentinin vitse-prezidenti Yatsek Protaseviçin də fevralın 26-da axşam saatlarında Almaniyanın Frankfurt şəhərindəki hava limanında sərxoş vəziyyətdə olması ilə bağlı xəbər yayıldı. Hətta Protaseviç aeroportun əməkdaşlarını, gömrük işçilərini və polisləri təhqir edərək, “Hayl Hitler” işarəsi ilə onlarla nasist kimi davranıb.

Hələ bu harasıdır? Vitse-prezident qışqıraraq aeroport əməkdaşlarının hamısının “Osvensim” həbs düşərgəsində işləməli olduqlarını da deyib.

Avropa Parlamentinin vitse-prezidenti kimi yüksək statuslu bir şəxs də eyni vəziyyətə düşə bilirsə, deməli, burda faciə yoxdur. Efirdə yayımlamağa gəlincə isə, ikinci nümunədə olan hadisəni xəbər kimi vermək olar, çünki şəxs ictimai fiqurdur və onun “şəxsi həyat” anlayışı daha dar çərçivə ilə məhdudlaşır. Bəs, Atatürk hava limanındakı adi azərbaycanlı nədən xəbərə çevrildi? Niyə xəbər onun “sərxoş vəhşi” imici üstündə qurulmuş?

Öz aramızda qalsın

İndi öz aramızdı, Türkiyəli gömrük işçiləri və polisləri sərxoş azərbaycanlının başına gətirdiklərini istənilən avropalıya edə bilərdilərmi? Türkiyə telekanalları xarici ölkə vətəndaşı olan sərnişinin ağız-burnunun qan içərisində olmasını televiziyada yayımlayaraq hər cümlənin başında onun hansı ölkədən olduğunu deyə bilərdimi?

Şəxsi müşahidələrim əsasında deyə bilərəm ki, Bakıdakı türkiyəlilərdən də artıq-əskik hərəkət edənlər, içib sərxoş olduqdan sonra davranışlarına nəzarət edə bilməyənlər çox olub. Ancaq onların ağız-burunlarının, əynindəki köynəyinin qan içərisində olduğunu, döyüldüyünü nə görmüşəm, nə də eşitmişəm. Qaldı ki həmin hadisəni lentə alıb Azərbaycan televiziyalarından birində yayımlanmasına, Osmanlı türkləri bu qədər tərbiyəsiz və əxlaqsız hərəkəti bizdən heç vaxt görə bilməzlər.

İndi də bunu aydınlaşdıraq:

Həmin şəxsi döyənlər kimlərdir? Onun burnu qırılıbsa və qan gölündədirsə, dalaşan digər şəxs niyə saxlanmır? Bəlkə onu elə polis özü döyüb və polisin qanunu pozsa belə, bir insanı – həm də xarici vətəndaşı – qan içində boğmağa nə haqqı var?

Görüntünü lentə alan İxlas Xəbər Agentliyinə və kadrları yayımlayan NTV kanalının e-mail ünvanına məktub ünvanladım, xəbər sordum... Hər 2 məktub cavabsız qaldı. Telefon zənglərimizə isə NTV-dən cavab verən şəxs bu məsələ ilə bağlı şirkətin yayım idarəsinə müraciət etməyimizi tövsiyə etsə də, həmin şöbə ilə əlaqə saxlamaq heç cür mümkün olmadı.

P.S. Bu yazını Xocalı soyqırımının 22-ci anım günü olan 26 fevral tarixində yazırdım, amma saxladım. Düşündüm ki, hər yerdə Xocalı faciəsindən bəhs edilən bir zamanda Türkiyədən Azərbaycana olan sayğısızlıqdan yazmaq düzgün olmaz.

“Xocalıya ədalət” kampaniyasına qoşulan türkiyəliləri xəyal qırıqlığına salmamaq üçün reallıqları bu gün tamamladım. Amma bu reallıqları daha gizlətmək niyyətində deyiləm. Serialından tutmuş fərdi münasibətinə, BAYRAĞIMIZI zibil qutusuna atmağa, tariximizi təhrif etməyə qədər gəlinirsə, yetər artıq!

Mənim boynuma “sən sevməsən də” sevgisi yüklənib-eləməyib...

Axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm