Bətnindəki qız uşağından xilas olmaq üçün özünə işgəncə verdi...
Bizi izləyin

Qırmızı.az

Bətnindəki qız uşağından xilas olmaq üçün özünə işgəncə verdi...

Pərvanə Rəhimova

Səhərin alaqaranlığında, qarışıq yuxuların cəngində vurnuxurkən qəfil səslənən telefon zənginə oyandım. Gözümü yarıqaranlıq tavana zilləyirəm. Hələ də məqsədsiz şəkildə hərəkət edir, bayaqdan düşüncələrimi sarmaşıq kimi saran yuxuların təsirindən çıxmağa çalışıram .

Nəhayət, dəstəyi qaldırdım. Səsini ayırd edə bilmədiyim qadının hıçqırıq dolu boğuq, kəsik sözləri güllə kimi beynimə çaxıldı :

-Atanız ... rəhmətə getdi ...

Ruhum keyləşdi sanki, hərəkətsiz oldum. Uşaqlıq sevincini qəfil peyda olmuş xəstəlik kimi müharibənin vəhşi istəyinə, ehtirasına qurban verən, bu üzdən aclığın min bir dürlü halını görən, ata anlayışının dadından hələ ana bətnindəykən məhrum olan, heç kimə əyilməyən, zəhmətlə böyütdüyü övladlarına yaşamadığı sevinci, ölənədək həsrətini çəkdiyi ata sevgisini, nəvazişini verməyə çalışan atam, indi yoxsan !!! Bu həqiqəti, illər uzunu sözünə, səsinə, sevgisinə öyrəşdiyin doğma birinin itkisilə üz-üzə durmaq necə duyğudur, bu hissi təkcə yaşayan bilər. Ruhunda dərin ağrı hiss edərsən, elə bir ağrı ki, ölçüsünün hüdudunu kəsdirə bilməzsən. Sən sən olmaqdan uzaqlaşarsan. Hüznün o qədər dərin ki, zamanı unuda, anın axarını öz aləmində belə olsa, dayandıra bilərsən .

Ağrı dolu hüznümlə səs – küylü, hər şeyin qiyməti ceyran belində olan şəhər həyatını tərk edib ucqar rayonların elə ucqar kəndlərindən birinə yola düşürəm. Bu ucqar kəndi adı hamı kimi məndə də maraq oyatmışdı ilk baxışda : “ Adsız ”

Qəlibinə-“ adət-ənənəsinə “, yaşam tərzindəki eybəcərliyinə uyğun şəkildə səslənən bu kəndin qəbirstanlığı belə yoxdur. Bu kəndin sakinləri vəfat edən kəslərini kənar yerlərin məzarlıqlarında dəfn edir .

Kəndin qadınları bostan qoruyucuları kimi paltarlı silueti xatırladır. Əksəriyyətinin ilk baxışda heç bir şey ifadə etməyən gözlərində qəm, ya da sevinci təxmin etmək çətindir .

İllərin ağrısını dərdilə birgə başqalarının yasında yanğılı səsiylə yoğuran ağıçı qadına qoşulub göz yaşı tökən bu qadınların halına acıdım. İsti yayın cırhacırında torpaq yollarda toz dumanı qopara-qopara hərəkət edən üstü açıq maşınlarda pambıq yığmaq, soğan, kartof, pomidor əkmək, qoyun-quzu otarmaqla ailəsinin yaşam tərzinə yardımçı olmağa çalışan, qadın zərifliyini çoxdan itirmiş zavallıları qəlb ağrısı ilə süzdüm .

Qabar-qabar olmuş əllər zəriflikdən, yuxusuz gecələrin çuxura düşmüş gözləri məsumiyyətdən, soyuqdan parçalanmış çiyələyə bənzər dodaqlar təbii rəngindən, ağarmağa hazırlaşan ağ, incə tağa bənzər saçlar gənclikdən, ipək kimi yumşaqlıqdan az da olsa nəsə pıçıldayırdı. Bu qadınların gözləri çox şeyləri söyləyirdi. O gözlərdə qorxu, acizlik, kədər, mütilik yuva salmış, qorxudan və şiddətdən törəyən qəddarlıq hakim olmuşdu .

Unutqan, yaddaşların küncündə itib batmış bu kəndin taleyi də sakinlərinin qədəri ilə ortaq aqibəti paylaşırdı. Gözəl gözlərini solğun üzünə tökülmüş dalğalı saçları ucbatından birtəhər sezdiyim olduqca gənc bir qadın diqqətimi cəlb etdi. Ona hər kəsin səbəbini bilmədiyim qəzəbli baxışları məni rahatsız etdi. Əcaba, yazıq qadına niyə belə həqarətlə baxsınlar ?! Məsələnin mahiyyətini öyrəndikdə isə dərin hiddət və kədərə qərq olmuş, elə bil boğulurdum. Fikirlərim sözlərə çevrilmədi xeyli zaman. Düşüncələrim elə buz bağladı ki, şaxının sınmağını gözləməkdən özgə çarəm qalmadı. Beynimdən süzülən buz kimi şüur axınım əriyib kəlmələrə çevriləndə göz yaşlarıma bənd yarada bilmədim. Bəlkə bu damlaların istisinə qızınar, yüngülləşərəm deyə mane olmadım qəhərimə .

Üçüncü dəfə ana olmağa hazırlaşan ana təsəvvür edin. Onu da düşünün ki, həmin “ana” heç bir tibbi yoxlamadan keçmədən bətnindəki körpəsinin qız cinsinə aid olacağını ehtimal edərək doğulmasını istəmir. Ondan “qurtulacağını” zənn edərək, iki azyaşlı uşaqlarına qarnının üstündə hoppanıb düşməsini tapşırır. Lakin xoşbəxtlikdənmi, ya bədbəxtlikdənmi döl ana bətnindən qopmur. Körpənin doğulacağı gün onun cinsinin oğlan olduğunu öyrənən ananın sevincinə zəhər qarışır : göbəyində yırtıq, mədə, bağırsağı, qaraciyəri bərbad vəziyyətdə olan körpə ölümlə çarpışır. Faciədir, deyilmi ?!

“ Qatil ana ” haqqında bütün qadınlar nifrət və qəzəblə bəhs edirdilər. Əslində məsələ daha ağrılı idi. Zamanla rişxənd etdikləri, qınaq obyektinə çevirdikləri biri haqqında danışan bu qadınların adı çəkilən faciədən elə də fərqlənməyən cahilliyin, şiddətin qurbanları olduğunu öyrəndim. Özümə “ ana necə övladına qıya, qatilinə çevrilə bilər ” kimi şablon suallar verməkdən vaz keçdim. Yəqin insan övladının insanilikdən uzaqlaşması ehtimalına daha çox inanıram .

Bu kənddə uşaqlar atalarını “ incitmək ”, “ nadinclik ”, “ dəcəllik ” kimi anlayışlardan azad ediblər. Yoxsa bu məziyyətlərinə görə atası tərəfindən döyülərək qolu sındırılan səkkiz yaşlı qızcığazın yerində ola bilərdilər. Övladının belə vəhşiliklə döyülməsinə hər bir ana kimi bu zavallı azyaşlının da anası cınqırını çıxara, müdaxilə edə bilməz .

On beş yaşlı qızını otuz beş yaşlı “ rusetçikə ” ərə verən ata onu “ xoşbəxt ” edir. Axı kişi cah-cəlal sahibidir. Amma aradan çox keçmir ki, bu cəlallı bəy qıza “ xoş getdin ” deyir, ata isə onu qəbul etmir. Ayıbdır eldən axı ... görən nə deyər ?! Bu torpaqda qadın istəsə qanı qanından, canı canından olan körpəsini əllərilə boğar, canını alar, “ uf ” deməz, təki adı “ təmiz ” qalsın. Yoxsa qonşular yad kişi ilə nikahdan kənar cinsi əlaqədən xəbər tutsalar nə deyər ?! Deməzlərmi bu körpə inqəsi hardan eşidilir ?! “ Yaxşısı ” budur kimsə eşitməmiş nəfəsini kəsmək lazımdır .

Doğum sancıları on ev uzaqlıqdan eşidilən gəlin qaynana qorxusundan həkimə getməz, balasını evdə dünyaya gətirər. Qoy körpəsi təcrübəsiz, savadsız birinin ucbatından ölü doğulsun, ya sağ qalsın, təzyiqdən yatmasın, səhərədək ağlasın, qanda bilirubinin miqdarı o qədər yüksəlsin ki, yenidoğulmuş beyin iflici keçirsin, eybi yoxdur. Təki söz-söhbət, dava-dalaş olmasın ! “ Həkimə getdin, pulumuz xərcləndi ” deyən dillər sussun, lal olsun ! Bu qadınların faciəsini dinlədikdə anladım ki, bu torpaqda qadın olmaq zor, qız doğulmaq faciədir .

“Adsız” da ana qatil ola bilər, qadın hər gecə içkili əri tərəfindən döyülərək körpələri ilə birgə üzünə bağlanan qapı küncündə, açıq, soyuq havada, titrəyə-titrəyə gecələyə bilər. Çünki buna səbəb olanlar bu zavallıların hər şey “ normal ”, “ gözəl ” olacaqmış kimi şükr etməsinə, səslərini içinə qısmasına, “ yaşamağa ” çalışmasına bir növ adət etmişlər. Burda dirilər ölüdür .

Göründüyü kimi, bu bədbəxt kənddə heyvan olmaq qadın olmaqdan qiymətli, “ sərfəli ” hadisədir. Yuxarıda sadaladığım insanlıq dramlarına elə cavab, hərəkət düşünə bilmədim ki, təsir edə, hadisələrin axarını dəyişə bilim. Nadanlıq, cəhalət, savadsızlıqla “ qidalanan ”, insan olmaqdan uzaq “ insanlara ” təsir etməyi bacarmaqdan məhrum olduğum üçün özümü, içimdəki “ acizanə ” ruhumu sillələməkdən, yumruqlamaqdan özgə çarəm olmadı .

Qadın və uşaq hüquq müdafiəsi ilə məşğul olan hökümət və qeyri-hökümət təşkilatları paytaxt və rayonların akt zallarında, bəzəkli masa ətrafında qadın və uşaq məsələlərini müzakirə edir, söhbətlər aparır, tapşırıqlar verirlər. Bununla da işlərini “ həll edilmiş ”, “ bitmiş ” hesab edirlər. Lakin ucqarlarda yerləşən neçə-neçə “ Adsız ” kimi kəndlərdən və bu kəndlərin qorxu dolu gözlərilə hər kəsə yaşanan acı faciələrdən bəhs edən qadınlarından, zavallı uşaqlarından heç kim xəbər tutmur. Belə getsə tutmayacaqlar da .... Dəmiri isti-isti döyməsən soyuyandan sonra nə anlamı olacaq ?! Hərəkətə keçməli, təkcə bu günün deyil, gələcəkdə doğulacaq körpələri, qadın olacaq qızlarımızı iltihablaşmış psixoloji-mənəvi yaralardan, xəstəliklərdən arındırmaq, müalicə etmək üçün təcili səfərbər olmalıyıq. Yoxsa gec olar. Bəlkə də gecikmişik ... ?!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm