İstanbulda Əli Bəy Hüseynzadənin 150 illiyi ilə bağlı konfrans keçirildi
Bizi izləyin

Qırmızı.az

İstanbulda Əli Bəy Hüseynzadənin 150 illiyi ilə bağlı konfrans keçirildi

“Əli bəy Hüseynzadə Azərbaycanda doğulmasına baxmayaraq ömrünü bütün dünyada yaşayan türklərin müdafiəsinə həsr edən, türk dünyası ziyalıları və görkəmli şəxsiyyətləri arasında xüsusi yerə sahib olan dəyərli bir şəxsiyyətdir”.

Publika.Az-ın verdiyi xəbərə görə, bu fikirləri millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İstanbul Aydın Universitetində Universitetin İstanbul türk Ocaqları və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin birlikdə təşkil etdiyi Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş konfransda çıxışı zamanı səsləndirib.

Millət vəkili Əli bəy Hüseynzadənin gənclər üçün əsl örnək olduğunu qeyd edərək, onu anmaqdan başqa anlamağı da tövsiyyə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əli bəy Hüseyinzadənin 150 illik yubileyi ilə əlaqədar verdiyi fərmana görə böyük aydın, mütəfəkkir barədə müxtəlif silsilə tədbirlərin keçiriləcəyini deyən millət vəkili bu cür tədbirlər təşkil edərək gənclərə Əli bəy Hüseynzadə şəxsiyyəti, fikir və düşüncələri, hələ gənclik dövrlərindən etibarən türklərin birliyi uğrunda etdiklərinin gənclərə daha çox öyrədilməli olduğunu vurğulayıb: “Əli bəy Hüseynzadənin həyat fəaliyyəti həm öz dövrünün, həm də gələcək dövrlərin gənclərinə örnəkdir".

O, sonda görkəmli ziyalı Əli bəy Hüseynzadənin Türkiyə Cümhuriyyəti qurulduğu zaman söylədiyi, “Mən Türkəm, Müsəlmanam. Türkiyə bir Türk və Müsəlman hökümətidir. Bu hissiyatla hər digər vətəndən daha artıq vətənimdir. Bu vətəndaşları tanıyaq”,- fikirlərindən yola çıxaraq, harada doğulmasından, harada böyüməsindən asılı olmayaraq hər bir türk insanının türk dünyasının birliyi və bərabərliyi uğrunda çalışmalı olduğunu və bu yolda əlindən gələni əsirgəməməli olduğunu deyərək fikirlərini yekunlaşdırıb.

İstanbul Türk Ocaqları Dərnəyinin təşkilatçılığı ilə reallaşan konfransda İstanbul Aydın Universitetinin rektoru Prof. Dr. Yadigar İzmirli də çıxış edib. O, bildirib ki, Türk dünyasının belə görkəmli şəxsiyyətinin məhz Aydın Universitetində anılması onun üçün xüsusi qürurdur. Azərbaycanda doğulsa da Türkiyədə yaşayan və ömrünü türk birliyinə həsr edən Əli bəy Hüseyinzadə neçə illər keçsə də unudulmayacaq şəxsiyyətlərdəndir. Onun türk birliyi məsələsindəki səylərini davam etdirmək lazımdır.

“XX əsrdə Türk birliyi məsələsinin əsasını qoyan publisist, jurnalist, həkim, türkçü Əli bəy Hüseyinzadə ideologiyası bu gündən etibarən bütün iclasların əsas məsələsi elan ediləcək. Bu cür önəmli şəxsin keçmişdə etdiklərindən danışmaq lazım deyil. Onlar dövrlərində əllərindən gələnin ən yaxşısını etdilər. Bizim qayəmiz bu ənənəni layiqli şəkildə davam etdirməkdir”. Bu fikirləri İstanbul Türk Ocaqları Dərnəyinin başçısı Cezmi Bayram konfransda çıxışı zamanı səsləndirib. O, bildirib ki, türk dünyasına mənsub olan insanların bir-birlərini anlamaları üçün ortaq yazı əlifbası hazırlanmalı, bu şəkildə ortaq tarixi və ədəbiyyatı öyrənmək mümkün hala gətirilməlidir.

Tədbirdə həmçinin Azərbaycan Yazıçılar birliyinin bölüm rəhbəri Sərvaz Hüseyinoğlu da çıxış edib. O, bildirib ki, “Xalqlar böyük oğulları ilə tanınırsa, Əli bəy Hüseyinzadə o oğulların başında gəlməlidir. Yaxşı ki, bu cür insan və ideologiyası uğrunda mübarizəsini davam etdirən şəxsiyyət var olub. O, fəaliyyəti zamanı heç kəsdən heç nə ummayaraq Türkiyəyə xidmət edib. Təsadüfi deyil ki, Atatürk fikir babası adlandırdığı Ziya Göyalpa türkçülük ideyasını aşılayan şəxsiyyət də Əli bəy Hüseyinzadə idi. Onun yaradıcılığı tədqiq edilməli və gələcək nəsillərə örnək olacaq şəkildə təbliğ olunmalıdır”.

3 hissədən ibarət konfransda “Azərbaycanda Milli oyanış Hərəkatı və Hüseyinzadə Əli Turan Bəy”, “Hüseyinzadə Əli Turan bəyin həyatı şəxsiyyəti və fikirləri”, “Türk birliyinin birliyinin gerçəkləşmə imkanı və şərtləri” adı altında müzakirələr aparılıb. Bu haqda Prof. Dr. Kamil Vəli Nərimanoğlu, Anar İskəndərov, Prof. Dr. Yavuz Akpınar, Prof.Dr. Azər Turan, Prof. Dr. Əhməd Bican Ərcilasun və başqaları Əli bəy Hüseyinzadə haqqında dəyərli fikirlər səsləndiriblər.

İstanbul Aydın Universitetinin rektoru Prof. Dr. Yadigar İzmirli, İstanbul Türk Ocaqları Dərnəyi rəhbəri, üzvləri, millət vəkili Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayeva, onun rəhbərliyi ilə Azərbaycandan gələn, Ədəbiyyat qəzetinin baş redaktoru Sərvaz Hüseynoğlu, Simsar informasiya agentliyinin rəhbəri İradə Nurəddinqızı, həmin agentliyin müxbiri Ülviyyə Cövdətqızı, Lider Televiziyasının əməkdaşı Nuranə Axundova, İşgüzar Qadınlar İctimai Birliyinin sədri Sürəyya İsmayılova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva,190 saylı orta məktəbin müəllimi Məlahət Hüseynova, Əməkdar artist Elza Seyidcahan olmaqla 14 nəfərdən ibarət nümayəndə heyəti, universitetin professor və müəllim heyəti və tələbələrin iştirak etdiyi konfransın birinci hissəsinin yekununda millət vəkili, Azərbaycan –Türkiyə Dostluq Qrupunun üzvü Qənir Paşayevanın həmmüəllifi olduğu “Əli Bəy Hüseyinzadə Turan” kitabının təqdimat və imzalanma mərasimi də keçirilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm