Ramiz Mirişli dəfn edildi - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Ramiz Mirişli dəfn edildi - YENİLƏNİB

Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli ilə vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, vida mərasiminə dövlət xadimləri, bəstəkarın ailə üzvləri, qohumları, bir sıra tanınmış mədəniyyət və incəsənət adamları qatılıblar. Onların arasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq artistləri Arif Babayev, Azər Zeynalov, Canəli Əkbərov, Brilliant Dadaşova, YAP-ın Yasamal rayon təşkilatının Aparat rəhbəri Tağı Əhmədov və başqaları olub. Bundan başqa, bir çox ictimaiyyət təmsilçiləri də vida üçün toplaşıblar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ramiz Mirişlinin vida mərasimində mərhumun həyat və yaradıcılığından söz açıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin adından mərhumun ailəsinə başsağlığı verib.

Ramiz Mirişlinin oğlu Nazim Mirişli çıxışında atasından böyük arxiv qaldığını bildirib: "O, mənim böyük qardaşım, dostum-sirdaşım atam idi. O, mənim tək atam yox hər şeyim idi. Bir neçə dəfə səhhəti ilə bağlı çətin anlar olmuşdu. Həkimlərin köməyi ilə ayağa qalxmışdı. Amma bu dəfə alınmadı. Onun böyük arxivi var. Atamın heç vaxt səslənməyən əsərləri də var".

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev bildirib ki, görkəmli Azərbaycan bəstəkarı Ramiz Mirişli həyat və yaradıcılığından danışarkən onun Azərbaycan televiziyası və kinosunda böyük yeri olduğunu qeyd etmək lazımdır: "Sadaladıqlarımı bu gün Ramiz Mirişlisiz təsəvvür etmək olmaz. Onun əsərləri Azərbaycan Televiziyasinin Qızıl Fondunda saxlanılır. İlk dəfə olaraq məni səhnəyə Ramiz Mirişli çıxartmışdı".

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimli deyib ki, Ramiz Mirişli haqqında keçmiş zamanda danışmaq çətindir: "Ancaq təbiətin də öz qanunu var. Azərbaycan musiqisinə çox böyük itki üz verib. Nə qədər onun musiqiləri səslənəcək, deməli Ramiz Mirişli yaşayacaq".

Xalq artisti Azər Zeynalov çıxışında R.Mirişlinin ölümünün onun üçün böyük itki olduğunu deyib: "Mənim üçün həm çətin, həm də ağırdır. O, məni öz övladından ayırmırdı. Onunla birgə 25-ə yaxın musiqimiz olub. Biz tək istedadlı bəstəkarı yox, gözəl dost, gözəl insan, gözəl ağsaqqalı itirdik".

Xalq artisti birinci Fəxri Xiyabanda dəfn edilib.

Qeyd edək ki, R.Mirişli dünən axşam 81 yaşında vəfat edib.

Bəstəkar 1934-cü il aprelin 16-da Naxçıvanda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, 1974-cü ildə Naxçıvan MR-in əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1990-cı ildən isə xalq artisti fəxri adına layiq görülüb.

Xalq artisti Ramiz Mirişli onlarla gözəl mahnı və romansların müəllifi kimi tanınır. O, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində əsərlərin müəllifidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm