Bizi xarici ölkəyə aparan səbəb: pul yoxsa inam?
Bizi izləyin

Qırmızı.az

Bizi xarici ölkəyə aparan səbəb: pul yoxsa inam?

2012-ci ildə 1050 nəfər xaricdə müalicə olunmaq üçün müraciət edib. Amma bu il onlardan cəmi 4 nəfərinə xaricdə müalicə olunmaları üçün

2012-ci ildə 1050 nəfər xaricdə müalicə olunmaq üçün müraciət edib. Amma bu il onlardan cəmi 4 nəfərinə xaricdə müalicə olunmaları üçün kömək göstərilib, göndəriş verilib. Səhiyyə Nazirliyindəki “Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya”sının məlumatına görə, 2011-ci ildə quruma 1282 nəfər müraciət edib və onlardan 5 nəfər ölkədən kənar müalicəyə göndərilib. Əlbəttə, bunlar yalnız dövlət xətti ilə getmək istəyənlərdir. Amma hər il minlərlə insan xarici ölkəyə məhz müalicə üçün gedir. Onların dəqiq statistikası bəlli olmasa da, saylarının gündən-günə artması inkarolunmaz faktdır.

Baxmayaraq ki, 2003-2013-cü illərdə dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılmış xərclər 11 dəfə artıb. Belə ki, 2003-cü ildə səhiyyəyə ayrılan xərclər cəmi 69 milyon manat təşkil edirdi. 2008-ci ildə isə dövlət büdcəsindən səhiyyəyə ayrılmış vəsaitlər 558 milyon manata çatdı. 2012-ci ildə artıq bu xərclər 660 milyon manatı keçmişdi. 2013-cü ilin dövlət büdcəsində Azərbaycanda səhiyyə xərcləri üçün 666,3 milyon manat ayrılıb. 2014-cü ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 725,6 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2013-cü illə müqayisədə 56,3 milyon manat (8,4 faiz), 2012-ci ilin faktiki göstəricisinə nisbətən isə 116,2 milyon manat (19,1 faiz) çoxdur. Gələn il səhiyyənin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi 2013-cü illə müqayisədə 0,2 faiz artaraq 3,6 faiz olacaq.

Ayrılan vəsaitin 367,2 mln manatı (50,6 faizi) xəstəxanaların, 106,1 milyon manatı (14,6 faizi) poliklinikaların və ambulatoriyaların saxlanılması, 240,6 milyon manatı (33,2 faizi) səhiyyə sahəsində digər xidmətlərə, 11,7 milyon manatı (1,6 faizi) səhiyyə sahəsində tədqiqatlara yönəldiləcək.

Bəs xərclər bu qədər artdığı halda nə üçün insanlar xarici ölkələrdə müalicəyə gedir? Dövlət səhiyəyə xərcləri artırdığı halda, ona uyğun gəlir götürmür. Buna səbəb yerli həkim və xəstəxanalara inamsızlıqdır, yoxsa bizdə səhiyyə xərcləri yüksəkdir?

Publika.Az-ın “Qırmızı xətt” layihəsində insanları xaricə aparan səbəbi araşdıracağıq.

Əcnəbi xəstələrin ən çox üz tutduqları İran artıq onlar üçün xüsusi şəhərcik salmağı belə planlaşdırır. Ötən il İran parlamentində Təbrizdə belə bir şəhərciyin yaradılması məsələsi gündəmə gəlmişdi.

Son illər ərzində İrana qonşu ölkələrdən gələnlər müalicə üçün məhz Təbriz şəhərini seçir ki, onların arasında Azərbaycan vətəndaşları da çoxluq təşkil edir. Azərbaycandan əcnəbi ölkələrə üz tutanlar daha çox xərçəng xəstələridir. Onların da sayı ildən-ilə artmaqdadır.

Azərbaycanda 2012-ci ildə qeydiyyatda olan onkoloji xəstələrin sayı 31 954 nəfərə çatıb. 2011-ci ildə bu xəstələrin sayı 28 685 nəfər, 2010-cu ildə bu göstərici 28 052 nəfər olub. Qeydiyyata alınmış onkoloji xəstələr arasında ölüm göstəricisi isə 2010-cu ildə 5325 nəfər, 2011-cu ildə 5989 nəfər, 2012-ci ildə 5547 nəfər olub.

Rəsmi mənbələrdə xaricə göndərilənlərin sayının ildən-ilə azaldığı deyilir. Amma öz istəyi ilə gedənlərin statisikasının aparılmaması bu faktı təsdiqləmir. Müraciətlərin sayını həmin ölkələrin açıqladıqları rəqəmlərdən əldə etmək olar.

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, Türkiyədə hər il təqribən 500 min xarici vətəndaş müalicə alır. Azərbaycandan müalicə almaq üçün gələn vətəndaşlar bu siyahıda üçüncü yer tuturlar. Birinci yerdə Almaniya, ikinci yerdə Liviya, ondan sonra isə sıralamada Azərbaycan və İraqdan olan xəstələr gəlir. Orta hesabla hər il Azərbaycandan Türkiyəyə sağlamlıq turizmi üçün 10 min nəfər gəlir.

Nazirliyin məlumatında bildirilir ki, azərbaycanlı xəstələr əsasən göz, diş, ürək problemləri ilə Türkiyə klinikalarına müraciət edirlər. Bundan başqa, vətəndaşlarımız həmçinin ürək problemləri ilə və xərçəng xəstəliyi ilə əcnəbi həkimlərin qapısını döyür. Estetik əməliyyatlar üçün müraciət edənlərin sayı da çoxalır.

Bəs bu artımın qarşısı alına bilərmi?

Millət vəkili Musa Quliyevin fikrincə xaricdə müalicə qarşısı alınmaz bir prosesdir, bu barədə düşünməyə belə ehtiyac yoxdur:

“Bütün dünyada səhiyyə turizmi deyilən bir model formalaşıb. Ən çox tibbə vəsait ayıran ABŞ-dan hər il bir milyon insan müalicə üçün Asiya ölkələrinə gəlir. Bu həm turizm, həm də yeni üsulları öz üzərlərində yoxlamaq arzusudur. İndi daha çox, Azərbaycan səhiyyəsinin dünyanın qabaqcıl ölkələrinin səhiyyəsi ilə yaxınlaşması barədə düşünmək lazımdır”.

Millət vəkili onu da vurğuladı ki, xaricə müalicəyə gedənlər əhalinin ümumi faiz etibarilə böyük bir hissəsini təşkil etmirlər:

“İldə 30-40, hətta 100 min insanın müalicə üçün xaricə getməsi ciddi problem deyil. 9 milyonluq əhalisi olan bir ölkədə bu qədər insanın xaricə getməsi normaldır, çünki böyük bir hissə məhz ölkəmizdə müalicə alır. Bu məsələdə qorxulu tendensiya xaricdə müalicə alandan sonrakı mərhələ ilə bağlıdır. Xarici ölkədə əməliyyat keçirmiş birinin sonrakı bərpa dövrü həkim nəzarətində ola bilmir. Yerli həkimlər ona nəzarət edib, bərpa müalicələri edilməlidir. Yaxud da öz həkimi ilə əvvəldən razılaşıb getməlidir ki, qayıtdıqdan sonra burada müalicəni davam etdirsin. Digər bir səbəb insanların səhiyyə xidmətinə tam əlçatanlığının təmin edilməməsi ilə əlaqədardır. Yəni insanlar müalicənin müəyyən hissəsini özü ödəməli olur. Növbəti ildən tətbiq ediləcək icbari sığorta həmin problemi həll edəcək. Bundan başqa, insanların yerli müəssisələrə inamının artması üçün tibb sahəsində də yeniliklər tətbiq edilir”.

Millət vəkili onu da vurğuladı ki, azərbaycanlıların daha çox üz tutduğu İran klikinalarının heç də hamısı düzgün diaqnoz qoymur:

“İranda bir neçə kateqoriya klinikalar var, bəziləri pulsuz, çox ucuz, bir qisim isə bizdəkindən də bahadır. İnsanların hansı kateqoriya xəstəxananı seçməsi, tibbi xidmət, müalicə, diaqnoztikaya təsir edəcək. Müalicənin uğurlu nəticələnməsi də bu seçimdən asılıdır. Bu məsələnin də araşdırılmasına ehtiyac var”.
Tibbi ekspert Adil Qeybulla xaricə axının bir tendensiya şəklini aldığını dedi. O, müraciətlərin artmasını milli səhiyyəyə inam, səhiyyə xərcləri ilə daha çox əlaqəli olduğunu bildirdi:

“Xaricə axının əsas səbəblərindən biri Azərbaycan təbabətinin keçid dövrünü yaşamasıdır, Sovet təbabətindən Qərb səhiyyə sisteminə keçirik və bu proses tam formalaşmayıb. İkinci bir məsələ ölkədə tibbi sığortanın olmamasıdır. Buna görə də, insanlar daha ucuz tibbi müalicə üçün İrana üz tuturlar. Çünki bu ölkədə müayinələr bizdən bir neçə dəfə ucuz başa gəlir. Türkiyədə isə Qərb təbabəti tətbiq olunur, ona görə də qiymətlər nisbətən bahadır. Bu ölkəyə gedənlər isə Azərbaycan səhiyyəsinə inanmayanlardır. Bu axın bütün dünyada var, lakin digər ölkələrlə müqayisədə bizdə həddindən çoxdur, əksəriyyəti də lüzumsuzdur”.

Ekspert həmçinin, müalicə üçün xaricə üz tutan xəstələrin hansı problemə səbəb olmasına da toxundu. Onun sözlərinə görə, bu ilk növbədə böyük bir maliyyə vəsaitinin xaricə axını deməkdir. İrana üz tutan xəstələrin müalicəsində yanlışlıqlar görürük. Bizim xəstələr Təbrizin daha ucuz, tibb xidməti aşağı olan həkimlərə müraciət edirlər. Çünki İranın özündə müalicə xərcləri heç də ucuz deyil.

Yerli həkimlərə inamın artırılmasına gəldikdə isə, A.Qeybulla bunun üçün ilk növbədə özəl klinikaların xarici həkimlərlə yanaşı, yerli həkimlərin də reklamına imkan ayırmalı olduğunu bildirdi. Tibb işçiləri, bu sahədə rəhbər vəzifələrdə çalışan şəxslər özləri yerli klinikalarda müalicə edilməlidirlər, bu başqaları üçün nümunə olmalıdır.
Ekspertin sözlərinə görə, zaman keçdikcə bu məsələ həllini tapacaq.

“Ölkəmizdəki Amerika, Avropa təhsilli həkimlərin sayı artır, onlar cərrahi əməliyyatları uğurla həyata keçirirlər. Amma xaricə axın həmişə olacaq, sadəcə intensivliyi azaltmaq mümkündür. Bütün bu problemlərin həlli üçün tibb sığortası məsələsinin həll edilməsinə ehtiyac var. Vətəndaşla həkim arasında neqativ münasibətlərin aradan qaldırılması üçün bu mütləqdir”.

Ümumi qənaətə görə, insanların səhhətlərini əcnəbilərə etibar etməsində əsas məqam yerli xəstəxanalar və həkimlərə olan inamsızlıqdan asılıdır, əlbəttə qiymət məsələsi də öz yerində. İnamı yaratmaq isə yerli həkim və klinikaların reklamından asılıdır. Necə ki, İrana axının əsası məhz reklamlarla formalaşdırıldı. Yerli klinika və xəstəxanalar təcrübəli və savadlı həkimlərimizi də reklam məsələsində düşünməlidirlər. Xatırladaq ki, bu il fevralın 17-dən ölkə üzrə əhalinin icbari dispanserizasiyasına start verilib. Müayinələr mayın 1-dək davam edəcək. Bu müayinələrin təşkili və diaqnozların düzgün qoyulması da yerli həkimlərə inamın artırılmasında xüsusi rolu var.

Millət vəkilinin sözlərinə görə, qiymət məsələsi də növbəti ildən həllini tapacaq.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm