• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Sovetski” hələ bərpa olunmur, “xruşovka"lar sökülmür - RƏSMİ

“Sovetski” hələ bərpa olunmur, “xruşovka"lar sökülmür - RƏSMİ

Bakının "Sovetski" kimi tanınan ərazisinin bərpa edilməsi ilə bağlı plan paytaxt və Abşeronun inkişafı üzrə Baş Planın əsas hissələrindən biridir.

Bunu Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktor müavini Nizami Yusifov deyib.

Onun sözlərinə görə, bərpa prosesində bu ərazidə yeni yolların tikintisi, mövcud yolların genişləndirilməsi, yeni obyektlərin və yaşıllıq zonalarının yaradılması planlaşdırılır: "Plan tam hazır deyil, çünki ərazi olduqca böyükdür. Buna görə də onun tam başa çatdırılması üçün xeyli vaxt tələb olunur".

N.Yusifov qeyd edib ki, Bakı və Abşeronun inkişafı üzrə Baş Plan da böyük iş və vaxt tələb edir: "Bu, bir neçə günün və ya həftənin məsələsi deyil. Planın işlənməsinə bəzən bir neçə il vaxt lazım olur".

O, həmçinin sənaye müəssisələrinin şəhərdən kənara köçürülməsini alqışlayıb və vurğulayıb ki, Bakının yüklənməsini azaltmaq istiqamətində vacib addımlardan biridir.

Nizami Yusifov Bakıda panel beşmərtəbəli binaların ("xruşovka" adlandırılan) kütləvi şəkildə sökülməsi məsələsinin də tez olduğunu bildirib. Onun sözlərinə görə, bu binaların sökülməsinə ehtiyacın yaranacağı vaxt gələcək, lakin hazırda bu barədə danışmaq hələ tezdir: "Bakıda hələ də 80-100 yaşı olan binalar qalır və onlar texniki, mühəndis tələblərinə cavab vermir. İlk növbədə, bu binalar və onların sakinləri üçün risklərin azaldılması barədə düşünmək lazımdır".

N.Yusifov qeyd edib ki, "xruşovka"ların sökülməsi ilə bağlı tək-tük hallar ola bilər, lakin onlar çox güman, şəhərin bu və ya digər hissəsinin bərpası üzrə planlarla əlaqədardır: "Müasir tikililərin də söküləcəyi vaxt gələcək.

O, əlavə edib ki, heç nə əbədi deyil: "Gec-tez istənilən bina özünün istismar müddətini başa vurur. Ola bilsin ki, dövrümüzdə tikilən bina bir neçə onillikdən sonra sökülsün və onların yerində yeni evlər tikilsin".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR